Qarabağın daş yaddaşı: Alban kilsələrinin sirri
Qarabağda əsrlərdir qorunan Gəncəsər, Xudavəng və Ağoğlan kimi monastır kompleksləri yalnız dini tikililər deyil, regionun mürəkkəb tarixinin daş üzərində qalan izləridir. Qafqaz Albaniyası qədim və orta əsrlərdə Şərqi Zaqafqaziyanın böyük hissəsini əhatə edən siyasi-mədəni məkan olub. Mənbələrdə Alban xristianlığının ayrıca kilsə ənənəsinə malik olduğu, onun Ermənistan kilsəsi ilə münasibətlərinin isə müxtəlif tarixi mərhələlərdə dəyişdiyi göstərilir.
Bu irsin kimə məxsusluğu məsələsi isə xüsusilə Qarabağdakı dini abidələr fonunda bu gün də müxtəlif tarixi yanaşmaların predmetidir. Məsələnin araşdırılmasında yalnız abidələrin memarlığı deyil, epiqrafik yazılar, arxiv sənədləri, kilsə tarixləri, dini ənənələr və həmin dövrdə yaşamış şəxslərin kimliyi kimi çoxsaylı mənbələr əhəmiyyət daşıyır. Ona görə əhəmiyyət daşıyır ki, bu qədər fakt və sənədə rəğmən hələ də ermənilər dezinformasiya yayaraq bu abidələrin onlara məxsus olması ilə bağlı iddialar səsləndirirlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılığı ilə Qarabağa diplomatik korpusun səfəri Ermənistan ictimai siyasi mühitində narazılıqla qarşılanıb. Narazılıq isə ondan ibarətdir ki, Qarabağın tarixi alban kilsələri sən demə erməni kilsəsi imiş.
Mövzu ilə bağlı tarixçi Rizvan Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib:

“Bu məsələ ilə bağlı Azərbaycanda bir sıra elmi araşdırmalar aparılıb. Həmçinin bizim “Qafqaz Tarixi” Mərkəzi tərəfindən 15 ilə yaxındır ki, Alban kilsələri — Gəncəsər, Xudavəng, Ağoğlan və digər əsas monastır kompleksləri ilə bağlı həm arxivlərdə araşdırmalar aparılıb, həm də bir sıra xarici alimlər cəlb olunmaqla həmin kilsələrdəki yazılar və bu irslə bağlı arxiv məlumatları toplanaraq dərc edilib. Faktiki olaraq, bu, Alban irsidir. Çar Rusiyası dövründə Alban kilsə rəhbərləri və rahibləri həm Çar Rusiyası rəhbərliyinə, həm də Qafqaz canişinliyinə şikayətlər yazaraq ermənilərin Alban kilsələrini ələ keçirdiyini və erməniləşdirdiyini bildiriblər. Onlar vurğulayıblar ki, bu, Alban irsidir və erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur".
R.Hüseynov qeyd edib ki, bundan əlavə Gəncəsər kilsəsinin üzərindəki yazılarda, xüsusən də əsas yazıda həmin hökmdarın və onun ətrafının türk mənşəli adlarını görmək olar: "Məsələn, Gəncəsər kilsəsini tikdirən Həsən Cəlal Dövlə sırf Qıpçaq türkü olub, adı da bunu göstərir. Anasının, həyat yoldaşının və qohumlarının adları — Minaxatun, Mamaxatun, Elçibəy, Köçübəy, Altunbəy, Vəlican və s. — həmçinin göstərir ki, xristian olsalar da, etnik baxımdan türk idilər. Onlar sadəcə olaraq kilsə dili və əlifbası olan, indi erməni əlifbasına bənzəyən bir əlifbadan sistemli istifadə ediblər. Bu, kilsə əlifbasıdır. Necə ki, pravoslavların böyük bir qismi Kopt və ya Yunan əlifbasından, slavyanlar slavyan əlifbasından, katoliklər latın əlifbasından istifadə edirlər; bu, onların etnik baxımdan latın və ya slavyan olduğunu göstərmir. Həmçinin müsəlmanlar ibadətdə və yazışmada Quran dili olan ərəb dilindən istifadə edirlər, lakin bu, bütün müsəlmanların ərəb olması demək deyildir. Bu baxımdan ermənilərin iddiaları əsassızdır. Onların iddiası böyük ölçüdə Qarabağdakı kilsələrin çoxunda yazıların erməni dilində olmasına əsaslanır. Lakin bu, erməni dili — hay dili deyil, geniş yayılmış kilsə dilidir. Bu, təkcə ermənilərə aid deyil, monofizit kilsələrinin dilidir və Alban kilsəsi də bir müddət bu dildən istifadə edib. Əlimizdə kifayət qədər sübut və isbatlar var. Sadəcə olaraq bu istiqamətdə daha geniş elmi araşdırmalar aparmaq, xarici mütəxəssisləri, xristian tarixi üzrə mütəxəssisləri cəlb etmək, tədbirlər və konfranslar təşkil etmək lazımdır. Sözsüz ki, Qarabağa gələn həm xarici qonaqlara, həm də turistlərə bu irs haqqında dolğun məlumat verilməlidir”.
Zeynəb Həsən
14:00 19.09.2026
Oxunuş sayı: 47