İsrailin raket zərbələri İranda 400-dən çox insanın həyatına son qoydu

İyunun 13-dən bəri İsrail və İran arasında davam edən silahlı qarşıdurma fonunda bölgədə gərginlik daha da artmaqdadır.
Crossmedia.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, İsrailin hava zərbələri nəticəsində İranda 400-dən çox insan həlak olub, 3 000-dən artıq şəxs isə yaralanıb.
Rəsmi açıqlamada ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğu bildirilir.
İsrail ordusu bu gün verdiyi bəyanatda İranın qərbində keçirilən hava əməliyyatı zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds Qüvvələri”nə məxsus silah nəqli bölməsinin rəhbəri, komandir Behnam Şəhriyarinin öldürüldüyünü açıqlayıb. Şəhriyarinin avtomobilinə edilən hücumun görüntüləri ictimaiyyətə təqdim olunub.
İsrail: "İranın PUA-larının 99 faizi zərərsizləşdirilib"
İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə, münaqişənin başladığı gündən bəri İran tərəfindən buraxılan 1 000-dən çox pilotsuz uçuş aparatının (PUA) 99 faizi zərərsizləşdirilib. Təkcə son günlərdə 470-dən çox PUA-nın vurulduğu qeyd olunur.
Tanınmış nüvə alimi qətlə yetirilib
İran dövlət mediası Şərif Texnologiya Universitetinin əməkdaşı, nüvə alimi İsar Tabatabaei Qomşehinin Tehrandakı mənzilində həyat yoldaşı ilə birlikdə qətlə yetirildiyini açıqlayıb. Alimin ölkənin nüvə proqramında mühüm rol oynadığı bildirilir.
Tehrandakı strateji obyektlər hədəf alınıb
İsrailin hava hücumları nəticəsində Tehranda yerləşən İran Kiber Polis İdarəsinin (FATA) qərargahı da zərər görüb. Hücumlar nəticəsində strateji obyektlərdə ciddi dağıntıların olduğu bildirilir.
Almaniya və ABŞ-dən təxliyə və hərbi siqnallar
Artan təhlükəsizlik riskləri fonunda Almaniya hökuməti Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq ölkədən çıxarmaq qərarı verib.
ABŞ mediasının məlumatına görə, Pentaqon İrana qarşı mümkün hərbi siqnal xarakteri daşıyan addım ataraq, altı ədəd B-2 strateji bombardmançı təyyarəsini Sakit okeandakı Quam bazasına göndərib.
Sky News telekanalı ABŞ hərbi hava qüvvələrinin Yaxın Şərq istiqamətində hərəkətliliyini də müşahidə etdiyini qeyd edib.
21:46 21.06.2025
Oxunuş sayı: 1231