İsrail və İran arasında qarşılıqlı raket hücumları şiddətlənir

İsrail və İran arasında iyunun 13-də başlanan “Yüksək Aslan” əməliyyatı çərçivəsində hərbi qarşıdurmalar davam edir. Münaqişənin doqquzuncu günündə tərəflər arasında qarşılıqlı hücumların intensivliyi artıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən bir sıra hərbi obyektləri raket atəşinə tutub. Cavab olaraq, İran Silahlı Qüvvələri gecə saatlarında Təl-Əviv istiqamətinə ballistik raketlərlə zərbə endirib.
İranın “Etemadonline” xəbər portalı İsrailin İsfahan şəhərinə endirdiyi hücum nəticəsində altı nəfərin həlak olduğunu bildirib.
Eyni zamanda, ölkənin Əhvaz, Dezful və Məhşəhr şəhərlərində güclü partlayış səsləri eşidilib.
Tehranın şərq, qərb və cənub-qərb istiqamətlərində hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır. Beynəlxalq ictimaiyyət tərəfləri eskalasiyadan çəkinməyə və hərbi toqquşmanı diplomatik yolla həll etməyə çağırır.
Aybəniz Səfərova
20:16 21.06.2025
Oxunuş sayı: 663