KİV: Xamenei xüsusi qorunan əraziyə köçürülüb

İranın ali lideri Ayətullah Əli Xameneinin həyatına yönələn təhlükələr fonunda o, yüksək mühafizə olunan əraziyə köçürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Daily Telegraf qəzeti məlumat yayıb.
Qəzet yazır ki, 1989-cu ildən bəri İrana rəhbərlik edən Xameneinin təhlükəsizliyi əvvəllər ictimaiyyətə məlum olmayan, yalnız sadiq şəxslərdən ibarət olan xüsusi mühafizə dəstəsinə həvalə edilib. Qeyd edək ki, bu addım İsrail tərəfdən artan təhdidlər səbəbindən atılıb.
Məlumata görə, İran rəsmiləri hesab edir ki, İsrail kəşfiyyatı ölkə daxilinə tam nüfuz edib. Bu səbəbdən Xameneyini qoruyan bölmənin mövcudluğu o qədər gizli saxlanılıb ki, hətta İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/KİRK) yüksək rütbəli rəsmiləri belə onun varlığından xəbərsiz olublar.
"Xamenei ölümdən gizlənmir, o bunkerdə deyil", – deyə adı açıqlanmayan bir İran rəsmisi bildirib. "Amma onun həyatı real təhlükə altındadır və onu qoruyan elə bir bölmə mövcuddur ki, bu qurumun mövcudluğundan heç kimin xəbəri yoxdur. Bu da düşmənin içəri sızmaq ehtimalını sıfıra endirmək üçündür", – əlavə olunub.
Fatimə Məmmədova
16:23 21.06.2025
Oxunuş sayı: 727