Baltik dənizinə “yelkənli dron” yerləşdirildi- FOTO


Rusiya tərəfindən artan hibrid hücum təhlükələrinə qarşı tədbir görən Danimarka, Baltik dənizinə pilotsuz yelkənli dronlar yerləşdirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu dronlar dənizaltı infrastrukturun qorunması və dəniz nəzarətinin gücləndirilməsi məqsədilə istifadə olunacaq.
“Saildrone” adlandırılan bu 10 metrlik insansız dəniz vasitələri yelkənli gəmiləri xatırlatsa da, tamamilə məlumat toplamaq üçün hazırlanıb. Süni intellektlə təchiz olunan bu sistemlər çoxsaylı sensorlar, kameralar və radar vasitəsilə peyk görüntülərindən daha ətraflı dəniz hərəkəti məlumatı toplaya bilir.
Bu texnologiya əvvəllər ABŞ donanması ilə əməkdaşlıq çərçivəsində qanunsuz balıqçılıq və narkotik qaçaqmalçılığına qarşı istifadə olunub. Lakin Danimarkada ilk dəfə olaraq müdafiə məqsədilə Avropa sularında yerləşdirilir.
Saildrone şirkətinin baş direktoru Riçard Jenkins deyib:
“Məqsədimiz, daha əvvəl nəzarət imkanımızın olmadığı ərazilərə gözümüzü və qulağımızı gətirməkdir”.
Bu sistemlər həmçinin Rusiya tərəfindən sanksiyaları pozaraq Çin və Hindistana neft daşıyan “kölgə donanması”na aid köhnə tankerlərin kimliyini müəyyən etmək və boru kəmərləri ilə məlumat kabellərinə qarşı sabotaj əlamətlərini vaxtında aşkar etmək üçün də istifadə edilə bilər.
Danimarka Silahlı Qüvvələri Baltik dənizində dörd saildrone-u sınaq məqsədilə yerləşdirib və bununla dəniz nəzarəti və kəşfiyyat imkanlarını genişləndirməyi planlaşdırır. Külək, günəş və dizel yanacağı ilə işləyən bu dronlar dənizdə bir ildən çox qala bilsə də, orta əməliyyat müddəti 100 gündür. Baltik dənizini tam əhatə etmək üçün 10-20 sayda saildrone-un tələb olunacağı bildirilir.
Mədinə Cəlilova
02:00 21.06.2025
Oxunuş sayı: 833