Böyük Britaniyada RAF bazasına etiraz aksiyası: “İsrail təyyarələrinə yanacaq təmin olunur”

İngiltərədə fəaliyyət göstərən və İsraillə əməkdaşlıq edən qurumlara qarşı aksiyalar keçirməsi ilə tanınan “Palestine Action” qrupu bu dəfə Kral Hava Qüvvələrinin (RAF) Brize Norton hərbi hava bazasına daxil olaraq iki hərbi təyyarəni qırmızı boya ilə boyayıb.
Crossmedia.az xəbər verir ki, qrupun paylaşdığı görüntülərdə aktivistlərin qaranlıqda hərəkət etdiyi, onlardan birinin skuterlə Airbus Voyager tipli yanacaq doldurma təyyarəsinə yaxınlaşaraq mühərrik hissəsinə qırmızı boya püskürtdüyü görünür. Aktivistlərin bazada sərbəst hərəkət etdiyi də kadrlarda əks olunub.
Aksiyadan sonra yayımlanan bəyanatda RAF Brize Norton bazasından Kiprin Akrotiri bazasına hər gün uçuşlar həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, bu uçuşlar Qəzza və Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə olunur. Aksiya zamanı istifadə edilən qırmızı boyanın isə “Fələstinlilərin qanını simvolizə etdiyi” bildirilib.
Qrupun məlumatına görə, aktivistlər əvvəlcədən dəyişdirilmiş yanğınsöndürən balonları və levyelərlə təyyarələrə ziyan vurub, onların xidmət xaricinə çıxmasına səbəb olublar. Həmçinin uçuş zolağına da qırmızı boya püskürülüb və hadisə yerində Fələstin bayrağı qoyulub. Hər iki aktivistin təhlükəsizlik qüvvələrindən yayınaraq ərazidən uzaqlaşdığı qeyd olunub.
“Palestine Action” təşkilatının sözçüsü isə açıqlamasında bildirib:
“Britaniya hökuməti ictimaiyyət qarşısında İsraili qınasa da, əslində ona hərbi dəstək göstərməyə davam edir – Qəzza üzərində casus uçuşları həyata keçirir, ABŞ və İsrail təyyarələrinə yanacaq təchiz edir”.
İngiltərənin müdafiə nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada həmin aksiyanı “vandalizm” adlandıraraq qəti şəkildə pisləyib. Nazirlik, hadisə ilə bağlı polislə sıx əməkdaşlıq şəraitində çalışdıqlarını bildirib.
İngiltərənin baş naziri Keir Starmer isə sosial media platforması X-də paylaşım edərək aksiyanı “utancverici vandalizm” kimi dəyərləndirib. O bildirib:
“Silahlı Qüvvələrimiz Böyük Britaniyanın ən yaxşılarını təmsil edir və hər gün bizim üçün həyatlarını riskə atırlar. Onları müdafiə edənlərə dəstək göstərmək bizim borcumuzdur”.
Mədinə Cəlilova
23:40 20.06.2025
Oxunuş sayı: 565