Zelenski: “Rusiya İranın nüvə proqramını xilas etməyə çalışır”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlıq etdiyini bildirərək, Kremlə qarşı yeni ittihamlar irəli sürüb. O deyib: “Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır. Açıq siqnallar və gizli fəaliyyətlər başqa cür izah oluna bilməz”.
Crossmedia.az xəbər verir ki, Zelenski bu fikirləri gecə yayımladığı ənənəvi videomüraciətində səsləndirib. O, Rusiyanın 17 iyun tarixində həyata keçirdiyi hava hücumu nəticəsində paytaxt Kiyevdə dağılan yaşayış binasına baxış keçirdiyini bildirib və hücum nəticəsində 23 nəfərin həlak olduğunu qeyd edib. Hücumu “terror aktı” adlandıran Ukrayna lideri əlavə edib: “Ruslar bu genişmiqyaslı hücum zamanı ümumilikdə 30 nəfəri öldürüb, 172 nəfəri yaralayıb”.
Zelenski çıxışında həmçinin iyunun 2-də İstanbulda keçirilən görüşlər çərçivəsində əldə olunan razılaşmaya əsasən bu gün Rusiyayla daha bir hərbi əsir mübadiləsinin baş tutduğunu açıqlayıb.
Ukraynalı əsirlərin hamısını geri qaytarmaq istədiklərini deyən Zelenski, “Hər bir soyad üzərində çalışırıq. Hər kəsi hər kəslə dəyişməyə ehtiyacımız var”, – deyə vurğulayıb.
Prezident Zelenski sonda Rusiyaya qarşı müharibəni bitirmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu da bəyan edib.
Mədinə Cəlilova
09:30 20.06.2025
Oxunuş sayı: 1295