Hindistanda doğum səviyyəsinin enməsi məktəblərin bağlanmasına səbəb olur

Hindistanın bəzi bölgələrində doğum nisbətinin azalması səbəbilə məktəblər bağlanmağa başlayıb. Son iki il ərzində ölkə üzrə onlarca dövlət məktəbi şagird çatışmazlığı səbəbilə fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistan maliyyə nazirliyinin keçmiş baş iqtisadçısı və baş nazir Narendra Modinin İqtisadi Müşavir Şurasının üzvü olan iqtisadçı Sanjeev Sanyal bu kimi bağlanmaların daha sistemli şəkildə həyata keçirilməli olduğunu deyib. O, Mint qəzetinə verdiyi açıqlamada bildirib: “Hazırda əhalimiz yalnız daha uzun yaşadığımız üçün artır, kifayət qədər uşaq doğulmur. Məktəb bağlanmasından danışanda insanlar bu məsələyə emosional yanaşır”.
Dünya Bankının məlumatına görə, Hindistanda bir qadına düşən ortalama doğulan uşaq sayı 1950-ci ildə 5,7 olduğu halda, 2023-cü ildə bu göstərici 2-yə enib. Bu isə ölkəni doğum səviyyəsinin düşməsi və əhalinin yaşlanması ilə üzləşən dövlətlər sırasına daxil edir.
Əhalisi az olan Qoa əyalətində son iki tədris ilində ümumilikdə 36 dövlət ibtidai məktəbi bağlanıb. Kəndlərdə bu məktəblərin eyni zamanda ictimai mərkəz funksiyası daşıması səbəbilə bağlanmalar yerli icmalar üçün problemlər yaradıb.
Oxşar vəziyyət şimaldakı Uttarakhand bölgəsində də müşahidə olunur. “The Times of India”nın 2024-cü ilin sentyabrında yaydığı məlumata əsasən, bölgədəki məktəblərin bağlanmasının əsas səbəbləri aşağı doğum nisbəti ilə yanaşı, kəndlərdən kütləvi köçlə bağlıdır. Himalay dağlarının ətəyində yerləşən bu bölgədə 2023–2024-cü tədris ilində 21 məktəb bağlanıb, bəzi məktəblər isə birləşdirilib.
Uttarakhandın Dehradun şəhərində isə 2023–2024-cü tədris ilində qeydiyyatın sıfır olması səbəbilə 24 məktəb bağlanıb. Əvvəlki il isə 15 məktəb fəaliyyətini dayandırmışdı.
10:10 20.06.2025
Oxunuş sayı: 797