Körfəz ölkələrindən fövqəladə hazırlıq: Kimyəvi və radiasiya təhdidlərinə qarşı tədbirlər görülür

İran-İsrail münaqişəsinin genişlənməsi ilə bağlı narahatlıqlar artdığı bir vaxtda altı Körfəz ölkəsi – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Qətər və Bəhreyn kimyəvi, bioloji və radiasiya silahlarına qarşı hazırlıqları sürətləndirib.
Crossmedia.az xəbər verir ki, “Şərqul Avsat” nəşrinə açıqlama verən Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budayvi bildirib ki, üzv ölkələr arasında müxtəlif fövqəladə vəziyyət ssenarilərinə qarşı koordinasiya yüksək səviyyəyə çatıb.
Əl-Budayvinin sözlərinə görə, regional fövqəladə vəziyyət mərkəzi vasitəsilə həyata keçirilən hazırlıqlar mürəkkəb ətraf mühit və radiasiya izləmə sistemləri ilə dəstəkləyir.
“Hazırda heç bir radiasiya pozuntusu qeydə alınmayıb”, – deyə baş katib qeyd edib. O əlavə edib ki, bu çərçivədə üzv ölkələr arasında ortaq müdaxilə təlimləri də keçirilir.
Körfəz ölkələri regional təhlükəsizlik mühitinin gərginləşməsi fonunda ehtiyat tədbiri olaraq fövqəladə müdaxilə mərkəzini qismən aktivləşdiriblər.
Bununla yanaşı, Körfəz Əməkdaşlıq Şurası diplomatik fəaliyyətlərini də gücləndirir. Şura Birləşmiş Ştatlar və BMT-yə müraciət edərək İran-İsrail arasında dərhal atəşkəsin elan olunması üçün təzyiqlər göstərir.
Əl-Budayvi bildirib ki, bu gərginlik regionda sabitliyi pozmaq təhlükəsi daşıyır və tərəflərin istəmədiyi daha genişmiqyaslı bir münaqişəni alovlandıra bilər.
Mədinə Cəlilova
09:50 20.06.2025
Oxunuş sayı: 767