Sabir Rüstəmxanlı: “Azərbaycan televiziyalarının verilişlərini və aparıcıların səviyyəsini bəyənmirəm”

Azərbaycan mətbuatı 150 illik tarixi ərzində təkcə xəbərin daşıyıcısı olmayıb, həm də cəmiyyətin vicdanı, milli oyanışın, maarifçiliyin və dövlətçilik düşüncəsinin güzgüsü kimi fəaliyyət göstərib. 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə əsası qoyulan bu yol, dövrlərin çətinlikləri, senzura təzyiqləri və siyasi təlatümlərə rəğmən, xalqın səsi olma və sözün gücünü yaşatma missiyasını şərəflə daşıyıb. Mətbuatımız təkcə keçmişimizin aynası deyil, bu gün də ictimai fikrin formalaşmasında, həqiqətin işıqlandırılmasında və milli birliyin qorunmasında mühüm rol oynayır. Bu əlamətdar yubiley, Azərbaycan mətbuatının keçdiyi keşməkeşli, lakin qürurverici yolu xatırlamaqla yanaşı, gələcək nəsillər üçün də bir vəfa, məsuliyyət və ilham mənbəyidir.
Bu əlamətdar tarix münasibətilə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Mətbuat-150” rubrikası çərçivəsində ölkənin peşəkar və tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri ilə müsahibələri davam etdiririk. Növbəti müsahibimiz Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlıdır. Qeyd edək ki, S.Rüstəmxanlı 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru olmuşdur. Eyni zamanda o, 1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir. Müsahibədə gündəmdə olan məsələlərdən, mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan, onun gələcək perspektivindən, o cümlədən Türk Dünyasının birlik çalışmalarından və öz yaradıcılığından geniş bəhs edilib.
- Azərbaycanın mətbuatının şərəflə keçdiyi 150 illik yol haqqında nə deyə bilərsiniz? Bu gün Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin arzuladığı vəziyyətdədir?
- Azərbaycan mətbuatının 150 illik yolu sözün əsl mənasında şərəfli tarixdir. XIX əsrdə, çox çətin şəraitdə yetişmiş mütəfəkkirlərimizdən, qeyrətli ziyalılarımızdan olan Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə başladı. Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə olmasaydı millətin hansı yolu seçəcəyini demək çətindir. Bu ziyalılarımız həm ədəbiyyatımıza, həm ictimai fikrimizə, həm də taleyimizə yön verdilər. Axundzadənin pyesləri və fəlsəfi məktublarından xalqının taleyi üçün yanan bir mütəfəkkir olduğu aydın görünür. Həsən bəy Zərdabi və Axundzadənin məktublarşmaları da maraqlıdır. Onlar müəyyən məsələdə bir-birlərinə dayaq olur, müəyyən məsələlərdə mübahisə edirlər. Milləti orta əsrlər cəhalətindən, savadsızlıqdan qurtarmaq, məktəb açmaq və mətbuat yaratmaq onların əsas qayğısı idi. "Əkinçi" qəzetində adına uyğun olaraq torpaqlardan səmərəli istifadə və kəndin inkişafına geniş yer verilirdi. “Əkinçi” adının ikinci mənası isə millətin beyninə bir qeyrət toxumu, çağdaş düşüncə toxumu səpmək idi. Onun səpdiyi toxumlar doğrudan da bəhrə verdi. Mərkəzi hakimiyyət – Çar Rusiyası, müsəlman dövlətlərində xüsusən Azərbaycanda milli oyanışın qəti əleyhinə idi. Amma artıq iş-işdən keçmişdi. Həsən bəy Zərdabi iki il ərzində qəzeti buraxmışdı və bu qəzet bütün Şərqə yayılmışdı. Azərbaycanda bu günə qədər davam edən bir problem var, xalqın öndə gedən adamları xalq işinə pul ayırmaq istəmirlər. “Əkinçi” də bu problemlə üzləşib, Mirzə Cəlil də “Molla Nəsrəddin”i buraxanda eyni faciəni yaşayıb. Həsən bəy Zərdabinin mətbuatımızın əsasını qoyduğu “Əkinçi” qəzeti, xalqın maraqlarına xidmət edən mətbuat orqanı idi. “Əkinçi”, bu gün mətbuatda olan qruplaşmalardan, siyasi birləşmələrdən fərqli olaraq milli maraqlara xidmət edirdi. O zaman mətbuatın rolu cəmiyyətdə indikindən daha böyük idi. XlX əsrdə belə bir inam vardı ki, “Milləti millət edən, mətbuatdır”. Mətbuatın fikri millət arasında yayıldıqca milləti səfərbər edir. Təəssüf ki, indiki mətbuat bəzən ziddiyyət yaradır, parçalamağa xidmət edir. Həsən bəy Zərdabi “Əkinçi”ni yüksək bir mərtəbəyə qaldırmışdı. “Əkinçi”dən sonra yeni mətbuat orqanları yaranmağa başladı. Onların arasında ən mühümü 1906-da nəşrə başlayan və nəşri 25 il davam edən “Molla Nəsrəddin” jurnalı idi. Cəlil Məmmədquluzadə bu jurnalı ilə yeni ədəbi məktəb yaratdı və o məktəb indi də davam etməkdədir. “Molla Nəsrəddin”dən sonra üçüncü böyük hadisə “Füyuzat” jurnalının nəşrə başlaması oldu. Bu jurnalın yolu tam ayrı idi. “Molla Nəsrəddin” satira, tənqid üzərində dayanır və xalqı oyatmağın yolunu tənqiddə görürdü. ”Füyuzat” isə xalqa tarixi yaddaşını və böyüklüyünü xatırladırdı. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı çox böyük inkişaf yolu keçdi. Bir-birindən maraqlı, fərqli xeyli jurnal və qəzet çap edildi. Bu mətbuat orqanlarının bir hissəsi “Əkinçi” yolunu, bir hissəsi “Molla Nəsrəddin” yolunu, bir hissəsi “Füyuzat” yolunu tutdu; bir hissəsi də bolşevik ideyalarına xidmət etdi. “Molla Nəsrəddin” və “Füyuzat”dan sonrakı böyük hadisə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı “Azərbaycan” qəzetinin yaranması oldu. Bolşevik işğalından sonra bu qəzet də öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. “Azərbaycan” qəzetini müstəqilliyimizdən 2 il əvvəl, hələ Sovet rejimi şəraitində yenidən həyata qaytaran, 1989-cu ildə, mən oldum. Ölkəmizdə ilk demokratik, müstəqil qəzet olan “Azərbaycan”ın əsasını qoydum. Biz bununla 1918-1920-ci ildəki “Azərbaycan”ın ruhunu dirçəltməyə çalışırdıq. Azərbaycan qəzeti müstəqil qəzet olduğu üçün burada publisistik yazılar, araşdırmalar, tarixi, oçerklər, siyasi təhlillər dərc edilirdi. Ondan sonrakı dövrdə mətbuat şaxələndi və hər sahənin öz qəzeti yarandı. Xəbər qəzetləri, idman qəzetləri və hətta sarı mətbuat yarandı. Azərbaycan mətbuatı dilinə görə, yazı üslubuna görə, əhatə dairəsinə və dünya ilə əlaqələrinə görə 150 ildə son dərəcə böyük yol qət edib.
- Medianın gələcəyini necə görürsünüz?
- “Mətbuat” sözü artıq “media” sözü ilə əvəz edilir. Bayaq qeyd etdiyim kimi bu gün bəzi mətbuat orqanları müəyyən siyasi dairələrin fikrinin ifadəçisidir. Xarici dairələrin təsiri altına düşən, pozuculuq fəaliyyəti ilə məşğul olan media da var. Lakin bu, mətbuatımızın ümumi havasını dəyişə bilmir. Azərbaycan mətbuatının hələ “Əkinçi”də yaranan demokratik dəyərləri bugün də davam etməkdədir.
Qəzetlərin tirajı getdikcə azalır. Mənim 1989-cu ildə nəşr etdirdiyim “Azərbaycan”qəzetinin birinci nömrəsi 100.000 tirajla çıxmışdı. Biz onu bütün respublika ərazisində yaydıq. Bir neçə nömrə sonra isə qəzet 500.000 tirajla nəşr olundu. Bu gün Azərbaycanda rəsmi, qeyri-rəsmi bütün mətbuat orqanlarının nəşr sayını toplasaq mənim qəzetimin 1/5-nə çatmır. İndi qəzetlərin tirajı 1000, 1500, yaxşı halda 2000 olur. Biz o vaxt “Azərbaycan” qəzetini nəşr edərkən mən nəşriyyatdan xahiş edirdim ki, qəzeti satışa bir az gec versinlər. Amma metroların qabağında hər dəfə qəzeti satılan görürdüm. Nəşriyyat işçiləri çıxarırdı, mən də deyirdim bir halda ki oxunur, zərər yoxdur. Lakin bu gün qəzetlər satış obyektlərindən geri qaytarılır. Kağız üzərindəki mətbuat orqanları, qəzet, jurnal sayı azaldıqca onlayn mətbuat geniş yayılır. Əlbəttə onlar bir-birilərini əvəz edə bilməz. Məsələn “Ədəbiyyat” qəzeti” həftədə bir dəfə çıxır. Mən 10 il bu qəzetdə işləmişəm, bu qəzet mənə doğmadır. Mən bu qəzetə abunə yazılmışam və hər nömrəsini vərəqləməkdən zövq alıram. Onlayn mətbuat ənənəvi qəzeti əvəz etmir. Amma reallıq budur ki, ənənəvi qəzet və jurnalların sayı azalır.
- Türk Dövlətləri Təşkilatının birlik çalışmalarını necə dəyərləndirirsiniz?
- Bu çox böyük tarixi uğurdur. Biz bunu sadəcə xəyal edə bilərdik. Mən 1987-ci ildə ilk dəfə Türkiyəyə gedəndə, Türkiyədə Avropa aşiqliyinin nə qədər güclü olduğunu görmüşdüm. Türkiyə qəzetlərinə verdiyim müsahibədə qeyd etmişdim ki, “Türkiyə cümhuriyyəti üzünü Şərqə çevirməlidir”. Bu müsahibəni verirdim amma ağlıma gəlməzdi ki, dediklərim nə vaxtsa reallaşa bilər. Biz 1992-ci ildə yeni müstəqillik qazanmış türk dövlətlərinin bir qrup millət vəkili KKTC-yə yığışmış və “Türk parlamenti yaransın” qərarını vermişdik. Bundan sonra da mən Azərbaycan parlamenti adından türk cumhuriyyətlərini gəzib, parlament sədrləri ilə görüşüb bu məsələnin vacibliyini vurğulayırdım. Yalnız 17 il sonra TürkPA yaradıldı. İndi TDT tez-tez görüşlər keçirir və zaman keçdikcə əlaqələr möhkəmlənir. Bu birlik çox çətinliklə yaranıb. Çünki türk dövlətləri bizi sevməyən nəhəng dövlətlərlə əhatələnib. Türk dövlətlərinin birləşməsi bu dövlətlərin maraqlarına ziddir və onlar bir çox şeylərə mane olmaq istəyirlər. Avropa da bu gün həyasızcasına Mərkəzi Asiyaya girib və müxtəlif vədlər verməyə çalışır.
- Mərkəzi Asiyadakı türk dövlətlərinin yunan Kiprini tanıma cəhdlərinə münasibətiniz necədir?
- Bu həm Türkiyədə həm də Azərbaycanda xəyanət adı ilə çox böyük narazılıq doğurdu. Lakin mən bu məsələyə çox təmkinli yanaşıram. Təbii ki, məsələ 12 milyard dollar investisiya məsələsi deyil. Çünki 12 milyardı Azərbaycan və Türkiyə də verə bilərdi həmin dövlətlərə. Ola bilsin ki, başqa vədlər də verilib: vizasız gediş-gəliş, Avropaya səyahət, miqrantlar üçün şərait və iş yerləri. Mən həmişə Avropanın vədlərinə ehtiyatla yanaşmaqdan yanayam. Elə vədləri Türkiyəyə də verdilər və dedilər ki, Türkiyə Avropa Birliyinə qoşulacaq, amma belə şey olmadı. Avropa öz maraqlarına xidmət edir. Amma unutmamalıdırlar ki, bu cür saxta vədlər Türk birliyini sarsıda bilməz. Əməkdaşlığmız və əlaqələrimiz gələcəkdə indikindən də güclü vəziyyətdə olacaq.
- Bu gün Azərbaycandakı ədəbi mühit sizi qane edirmi? Ədəbiyyatımızdakı gənc yazarların yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz?
- Bu çox çətin sualdır. Çünki hər dövrün ədəbiyyatı öz dövrünə oxşayır. O dövrün ruhundan, havasından doğulur. Azərbaycan türkləri çox istedadlıdır və tarixin hər dönəmində böyük şəxsiyyətlər yetişdiriblər. Gənclərə hər zaman yol vermək lazımdır. Yaşlı nəsil adətən gənclərə bir az pessimist yanaşır. Amma mən bizim gənclərə çox böyük ümid bəsləyirəm. Gənclər əylənməli, sərbəst olmalıdır. Tələbə vaxtı gənclik bir az azadlıq qazanır və bunu yaşamasında qəbahət yoxdur. Bu ədəbiyyatda da belədir. Bəzən gənclər yaşlı nəsli tənqid edir, klassik ədəbiyyatımıza xor baxıllar. Bunlar hamısı gəncliyə xas xüsusiyyətlərdir. Bu sular axır sonra durulur. Durulanda isə istedadlı gənclər ortaya çıxır. Mən inanıram ki, Azərbaycan gəncləri ideoloji basqılardan azad olmuş, öz yolunu axtaran gənclərdir. Bu prosesin özü belə çox böyük nikbinlik yaradır. Bəzən görünən şey mahiyyəti tam şəkildə əks etdirmir. Məsələn televiziyanı çox vaxt tənqid edirik. Elə mən də Azərbaycan verilişlərini və aparıcıların səviyyəsini bəyənmirəm. Amma bu qətiyyən Azərbaycan xalqının siması deyil. Həmçinin sosial şəbəkələrdə kimlərinsə öz cızma-qarasını paylaşıb təblığ etməsi ədəbiyyat hadisəsi deyil.
- Hazırda yaradıcılıq işləri nə yerdədir?
- Mən bu yaxınlarda AMEA Mərkəzi Elmi Kitabxanasında 15 cildlik seçilmiş əsərlərimin təqdimatını keçirdim. Lakin bu kitablar bütün yazıları əks etdirmir. Bu yazılar mənim hesabatımdır.
Ayhan Ağarzayev,
Kübra Musayeva
13:58 16.06.2025
Oxunuş sayı: 1457