Skuterlər və velosipedlərin hərəkəti piyadaların xəsarət almasına gətirib çıxara bilər

Son illər geniş yayılan elektrik skuterlər sürətli və rahat nəqliyyat vasitəsi kimi tanınsa da, piyadaların təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Skuterlərin səssiz və gözlənilməz şəkildə hərəkəti, onların piyada zonalarında yaratdığı təhlükə bu nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi qaydaların müəyyənləşdirilməsini gündəmə gətirir.
Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynov Crossmedia.az-a açıqlama verib.
İ.Hüseynovun sözlərinə görə, bu nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi yollar nəzərdə tutulsa da, bəzi ərazilərdə bu yollar yoxdur və bu, müxtəlif problemlərə səbəb olur: “Bu skuterlərin özləri üçün xüsusi yol var. Belə ki, onlar öz yolları ilə hərəkət etməlidirlər. Bu cür yolların olmadığı yerlərdə istifadəçilər məcburi olaraq piyadaların hərəkət etdiyi ərazilərə çıxırlar. Bu zaman müəyyən risklər meydana çıxır. Hətta elə olur ki, skuterlər piyadaların hərəkət etdiyi ərazilərdə hərəkət edirlər. Bu dərəcədə problemlərlə rastlaşmasaq da, ola bilər ki, müəyyən toxunmalar olsun. Məsələn, bu piyadaların xəsarət almasına gətirib çıxara bilər”.
Ekspert vurğulayıb ki, bu riskləri azaltmaq üçün skuterlərdə və velosipedlərdə xüsusi siqnal sistemləri olmalıdır: "Bu siqnallar əvvəllər də istifadə olunub və onların tətbiqi vacibdir. Bunun üçün də , skuterlərə də, velosipedlərə də xüsusi səs siqnalları quraşdırılıb. Velosiped yaranan dövrdən həmişə o siqnallar onun üstündə olurdu. Bəzən onu çıxarıb atırlar, bəzən isə atmadan da istifadə edirlər”.
İlqar Hüseynovun fikrincə, piyada zolağında hərəkət edərkən siqnallardan istifadə olunmalıdır: “Çox yaxşı olar ki, piyada zolağında iştirak edərkən, hərəkət iştirakçısı olarkən skuterlər və velosipedlər əgər çəki ilə hərəkətdə öz hərəkətlərini davam etdirirlərsə bu siqnal sistemindən istifadə etsinlər".
Ekspert əlavə edib ki, bu nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı geniş tənzimləyici hüquqi mexanizm yoxdur. Mövcud tələblər daha çox tövsiyə xarakteri daşıyır.
Fatimə Nəbiyeva
16:59 12.06.2025
Oxunuş sayı: 1042