Yeni dünya nizamında Azərbaycan reallığı

İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq nizam və balans mexanizmləri artıq öz funksionallığını itirməyə başlayır. 1945-ci ildən bu yana formalaşdırılan sərhədlər, güc balansları və diplomatik münasibətlər XXI əsrin mürəkkəb reallıqları qarşısında dayanıqsız görünür. Müasir dünyada qarşıdurmaların və müharibələrin əsas səbəbləri artıq ideologiyalar deyil, beynəlxalq sistemdə yaranan yeni ehtiyaclar və güc boşluqlarıdır.
Son illərdə dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr və geosiyasi gərginliklər bu dönüşümün əlamətləridir. Bu münaqişələrin hər biri qlobal güc balansının yenidən formalaşmasına təkan verir. Rəsmi olaraq "Üçüncü Dünya Müharibəsi" adlandırılmasa da, faktiki olaraq 2020-ci ildən bəri davam edən lokal və regional müharibələr silsiləsi bu anlayışa çox yaxın bir mənzərə yaradır. Bu prosesin başlanğıc nöqtəsi kimi isə Azərbaycanın suverenliyini bərpa etmək məqsədilə 2020-ci ildə başladığı İkinci Qarabağ Müharibəsini göstərmək olar.
Azərbaycanın atdığı bu addım yalnız regional deyil, qlobal əks səda yaratdı. Cənubi Qafqazda dəyişən status-kvo, dünyanın müxtəlif güc mərkəzlərini hərəkətə gətirdi. Bu müharibədən sonra ardıcıl olaraq Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin müharibəsi, Suriyada hakimiyyət çevrilişi, PKK-nın silahı yerə qoyması, Hindistan-Pakistan sərhədində gərginliklər və İran-ABŞ münasibətlərində yenidən alovlanan qarşıdurma – bütün bunlar daha böyük bir dəyişimin tərkib hissəsidir.
Bu dəyişikliklər göstərir ki, dünya yenidən formalaşır. Yeni güc mərkəzləri meydana çıxır və öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Artıq yalnız klassik Qərb hegemoniyası deyil, regional aktorlar da beynəlxalq sistemdə söz sahibi olmaq istəyirlər.
Müharibələrin səbəbi bu dəfə ideoloji qarşıdurmalar deyil, mövcud beynəlxalq sistemin qeyri-adekvatlığı və yeni aktorların tanınmaq uğrunda apardığı mübarizədir. Yeni dünya nizamında yer almaq istəyən dövlətlər üçün artıq ənənəvi diplomatik üsullar yetərli deyil – siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirmək, regional liderliyini sübut etmək zərurəti yaranıb.
Yeni qurulan dünya nizamında Azərbaycan
Qafqazın aparıcı və əsas dövləti olan Azərbaycanın son 30 ildə apardığı balanslı və müstəqil siyasət həm suverenliyinin bərpasına, həm də beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdi. Vaxtilə başımızın üzərində qara bulud kimi dolaşan beynəlxalq güclər bu gün Azərbaycanla münasibətlərini yenidən qurmağa və əməkdaşlığa can atırlar. Bu dönüşün əsas səbəblərindən biri, əlbəttə ki, Azərbaycanın suverenliyini bərpa etməsidir.
Azərbaycanın təkcə son 5 ildəki fəaliyyətinə nəzər salsaq, bu dövrün əvvəlki 100 illə müqayisədə nə qədər əhəmiyyətli olduğunu görmək mümkündür. Əldə olunan uğurlar, aparılan islahatlar, həyata keçirilən diplomatik təşəbbüslər və qlobal tədbirlərdəki fəal iştirak sübut edir ki, Azərbaycan yeni dünya düzənində öz yerini artıq müəyyənləşdirib və bu yer getdikcə möhkəmlənir.
2020-ci il: İkinci Qarabağ müharibəsi və yeni reallıqlar
İkinci Qarabağ müharibəsi yalnız Azərbaycan-Ermənistan arasında gedən bir münaqişə deyildi. Bu müharibə həm də beynəlxalq hüququn, regional güc balanslarının və yeni dünya düzənindəki aktorların öz mövqelərini bərpa etmək və ya qorumaq uğrunda apardığı mübarizənin bir təzahürü idi.
Sovet İttifaqının dağılmasından sonra yaranan geosiyasi boşluq Cənubi Qafqazda yeni və qeyri-sabit bir nizam yaratdı. Ermənistan bu dövrdə Rusiyanın hərbi dəstəyi və Qərbin siyasi simpatiyası ilə bölgədə üstün mövqeyə sahib oldu. 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsində Ermənistan bu dəstəklə Azərbaycan torpaqlarının təxminən 20%-ni işğal etdi və nəticədə yüz minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü.
Ermənistan, beynəlxalq hüququ pozaraq, bu ərazilərdə qondarma "Dağlıq Qarabağ Respublikası"nı yaratdı. Dünyada "ədalət" şüarları ilə çıxış edən bir çox dövlət isə bu işğalı görməzdən gəldi. Bəzi hallarda tərəflərə "status-kvonu qəbul etmə" çağırışı edilsə də, bu, əslində Azərbaycanı mövcud ədalətsizliklə barışmağa məcbur etmək cəhdi idi.
Ancaq bu proseslər fonunda Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev, uzunmüddətli və çoxşaxəli bir strategiya həyata keçirdi. 30 illik diplomatik səbr, balanslı xarici siyasət, gücləndirilmiş iqtisadi baza və hərbi modernizasiya nəticə verdi. Və nəhayət, 2020-ci ilin 27 sentyabrında baş verən hadisə — İkinci Qarabağ müharibəsinin başlanması — bu səbirli və məqsədyönlü siyasətin kulminasiya nöqtəsi oldu.
Bu müharibə yalnız hərbi əməliyyatlar deyil, həm də diplomatik bir uğur idi. Ermənistanın ən böyük ümidi beynəlxalq güclərin müdaxiləsi və Azərbaycanın qarşısını almaq cəhdi idi. Lakin bu baş vermədi. Azərbaycan həm hərbi meydanda, həm də beynəlxalq arenada üstünlük qazandı. Azərbaycanın 30 illik xarici siyasət strategiyası, dünya dövlətləri ilə qurduğu etibarlı münasibətlər və beynəlxalq hüquqa əsaslanan mövqeyi bu məsələdə qlobal aktorların neytral qalmasına səbəb oldu.
Azərbaycan bu müharibəni təkbaşına və hüquqi əsaslarla apardı. Bu, dünya miqyasında böyük rezonans doğurdu. Müharibənin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi, işğalda olan torpaqlarını geri qaytardı və bununla da beynəlxalq ictimaiyyətə öz gücünü və iradəsini nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regiondakı rolu köklü şəkildə dəyişdi. Azərbaycan artıq təkcə enerji layihələrinin mərkəzində olan ölkə deyil, eyni zamanda bölgədə təhlükəsizlik və sabitlik təminatçısı kimi qəbul edilir. Dünya dövlətləri bu reallığı qəbul etməyə və Azərbaycanı Qafqazın əsas güc mərkəzi kimi tanımağa başladılar. Bu Azərbaycanın beynəlxalq aktör olması yolunda atılmış ən böyük və ən cəsur addım idi.
COP29: Azərbaycanın qlobal iqlim siyasətində yeni rolu
2024-cü ilin dekabrında Bakıda keçirilən COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayan qlobal miqyaslı tədbirə çevrildi. Bu tədbir təkcə ekoloji gündəmin müzakirə olunduğu bir platforma deyil, eyni zamanda siyasi, iqtisadi və mədəni baxımdan çoxölçülü bir hadisə kimi diqqət çəkdi.
Azərbaycanın son illərdə həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası çərçivəsində ekoloji məsuliyyətə xüsusi önəm verilir. Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerji zonalarının yaradılması (xüsusilə işğaldan azad edilmiş ərazilərdə), su ehtiyatlarının idarə olunması və tullantıların azaldılması istiqamətində aparılan islahatlar bu sahədəki iradənin göstəricisidir. COP29-un məhz Bakıda keçirilməsi isə Azərbaycanın bu istiqamətdəki səylərinin beynəlxalq səviyyədə tanınmasının nəticəsidir.
Tədbirə 80.000-ə yaxın iştirakçının – o cümlədən 50-dən çox ölkənin nazirlərinin, dövlət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin qatılması COP29-u Azərbaycan tarixinin ən genişmiqyaslı və nüfuzlu beynəlxalq tədbirlərindən birinə çevirdi. Tədbir çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın diplomatik aktivliyinin və qlobal proseslərdə fəal iştirakının bir sübutu idi. Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, ikitərəfli əməkdaşlıq imkanlarının və iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə təşəbbüslərin müzakirəsinə şərait yaratdı.
COP29 həm də Azərbaycanın milli kimliyini, mədəni irsini və müasir inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından unikal platformaya çevrildi. Qonaqlara Azərbaycanın milli-mənəvi dəyərləri ilə tanış olmaq, multikultural cəmiyyət modeli və qədim tarixə malik mədəni irs nümunələrini görmək imkanı yaradıldı. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin izləri və həyata keçirilən bərpa-quruculuq işləri nümayiş etdirildi. Bu, həm Azərbaycanın ekoloji fəlakət bölgələrinin bərpasına yönəlik siyasətini, həm də münaqişədən sonra sülh və sabitliyə verdiyi töhfəni göstərdi. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin çağırışı nəticəsində digər dövlətlərin nəzərində belə olmayan kiçik ada dövlətlərinə də böyük sərmayə ayrıldı.
Antalya Diplomatik Forumu 2025: Azərbaycanın qlobal səviyyədə artan rolunun təzahürü
2025-ci ilin aprel ayında keçirilən Antalya Diplomatik Forumu “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” şüarı ilə dünya dövlətlərini bir araya gətirdi. Bu forum, müasir dövrün geosiyasi parçalanmaları və beynəlxalq münasibətlərdə artan gərginlik fonunda dialoqu təşviq edən mühüm platformaya çevrildi. Tədbirdə 140 ölkədən nümayəndələrin iştirakı və 50-dən çox sessiyanın keçirilməsi, forumun beynəlxalq əhəmiyyətini bir daha göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı isə xüsusi siyasi məna kəsb edirdi. Çünki Prezident Əliyev artıq dünya ictimaiyyəti tərəfindən öz suverenliyini tam bərpa etmiş, müstəqil daxili və xarici siyasət yürüdən, regional gücə çevrilmiş bir ölkənin lideri kimi qəbul olunur. Onun forumdakı iştirakı təkcə dost və qardaş Türkiyəyə siyasi dəstək jesti deyil, eyni zamanda Azərbaycanın artan qlobal təsir imkanlarının nümayişi idi.
Forum çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm ikitərəfli görüşlər keçirdi. O, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şara, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Avropa Şurasının Baş katibi Alain Berset ilə müzakirələr apardı. Bu görüşlərdə regional təhlükəsizlik, sülh təşəbbüsləri və ikitərəfli münasibətlərin inkişafı əsas mövzulardan oldu.
Prezident Əliyev regionda sabitlik və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğuladı. O, həmçinin Azərbaycanın müstəqil siyasət prinsipləri, sülhə və inkişaf yönümlü diplomatik yanaşması haqqında fikirlərini paylaşdı. Görüşlər zamanı qarşı tərəflər də Prezident Əliyevin liderlik qabiliyyətini və Azərbaycanın son illərdə qazandığı uğurları yüksək qiymətləndirdilər.
Xüsusilə Avropa Şurasının Baş katibi Alain Berset ilə görüş zamanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında münasibətlər müzakirə olundu. Burada Azərbaycanın üzləşdiyi qərəzli yanaşmalar və obyektiv beynəlxalq münasibətlərin zəruriliyi qeyd edildi. Bu, bir daha göstərdi ki, Azərbaycan təkcə regionda deyil, qlobal müstəvidə də prinsipial mövqe tutmaq gücündədir.
“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısı: Azərbaycanın beynəlxalq sülh platformasındakı rolu
Azərbaycanın qatıldığı son mühüm beynəlxalq tədbirlərdən biri 2025-ci ildə keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı zirvə toplantısı oldu. Avropa siyasi səhnəsində mühüm hadisələr fonunda baş tutan bu görüşdə 50-dən çox ölkə iştirak edirdi və bu platforma dövlətlərarası dialoqu, qarşılıqlı anlaşmanı və regional sabitliyi müzakirə etmək üçün yaradılmışdı.
Zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. Onun bu platformadakı mövqeyi və çıxışları Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin və artan təsirinin daha bir göstəricisi oldu. Xüsusilə Ermənistanla sülh gündəliyinə sadiqliyini nümayiş etdirən və regionda təhlükəsizliyin təminatında konstruktiv mövqe sərgiləyən Azərbaycan, bir daha qlobal ictimaiyyətə öz diplomatik məsuliyyətini göstərdi.
Forum çərçivəsində baş verən maraqlı məqamlardan biri də Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevlə səmimi tərzdə söhbət etməsi və onu kofe içməyə dəvət etməsi oldu. Bu, hər nə qədər simvolik səhnə sayılsa da, tərəflər arasında gərgin münasibətlərin fonunda sülhə doğru addım ehtiyacının hiss olunmasının göstəricisi kimi dəyərləndirilə bilər.
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun tədbir çərçivəsində Azərbaycan Prezidentinə münasibəti diqqət çəkdi. Qarabağ müharibəsindən sonra Fransanın Azərbaycana qarşı sərgilədiyi həyasız münasibət və anti-Azərbaycan siyasətini nəzərə alsaq Makronun ikiüzlülüyünü görərik. Həmçinin Ermənistanda ona bacı dövlət olan Fransanın Azərbaycan reallığını qəbul etdiyini gördü.
Azərbaycanın 50-dən çox ölkənin iştirak etdiyi bu səviyyəli tədbirdə sülh çağırışları etməsi, beynəlxalq diqqət mərkəzində qalması və regionun təhlükəsizliyi üçün məsuliyyətli aktor kimi çıxış etməsi, ölkənin yalnız regional deyil, eyni zamanda qlobal siyasi arenada da ciddi tərəfdaş kimi qəbul edildiyini sübut etdi.
Bütün bunların hamsının özəyində İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan son illərdə həm regional, həm də qlobal miqyasda nüfuzlu aktora çevrilmişdir. Qarabağ münaqişəsinin ədalətli həllindən tutmuş COP29 kimi dünya səviyyəli tədbirlərə ev sahibliyi etməsinə, Antalya Diplomatik Forumunda fəal iştirakından Avropa Siyasi Birliyi zirvəsində sülh çağırışları ilə diqqət çəkməsinə qədər bütün bu nailiyyətlər, ölkənin güclənən mövqeyinin və İlham Əliyevin uğurlu dövlətçilik kursunun bariz göstəricisidir. O, Azərbaycanın maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıq və sabitliyin qurulmasında etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Bu gün Azərbaycan təkcə enerji və təhlükəsizlik sahələrində deyil, həm də diplomatiya, ekoloji siyasət və sülh təşəbbüsləri ilə də dünya gündəminə təsir göstərən ölkələr sırasındadır – və bu uğurların mərkəzində İlham Əliyevin liderlik imzası dayanır.
Ayhan Ağarzayev
20:41 24.05.2025
Oxunuş sayı: 1551