Heydər Əliyev: Min ildə bir doğulan dahi

Əvvəlcədən qeyd edim ki, 22 il öncə dünyasını dəyişmiş Heydər Əlirza oğlu bu gün bizim və gələcək nəsillər üçün Ulu Öndərdir. Bəzi məmurlar, səthi biliklərə malik alimlər və ziyalılar KİV-lərdə və çıxışlarında ona "Ümummilli Lider" deyərək ciddi bir səhvə yol verirlər. Belə ki, bu gün xalqımızın Lideri Qarabağ Fatehi İlham Əliyevdir. O, bu gün bizimlə birlikdə yaşayır və ölkəmizin qarşısında duran mürəkkəb problemləri həll edir. "Lider" termini yalnız həyatda olan, millətə, topluma rəhbərlik edən şəxslər üçün işlədilir.
İkincisi, onu da demək istəyirəm ki, Heydər Əliyevin doğum günü ilk dəfə 1993-cü ildə Naxçıvanda YAP -çılar tərəfindən geniş şəkildə qeyd olunub. Yubileydə çıxış edən Heydər Əliyev demişdi: “İlk dəfədir ki, mənim yaşım bu səviyyədə qeyd olunur.” Artıq 32 ildir ki, Heydər Əlirza oğlu Əliyevin doğum günü ölkə miqyasında təntənə ilə qeyd olunur. “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və sarsılmazdır” fikrini dönə-dönə təkrar edən Ulu Öndərin 102-ci doğum günü bir neçə gündür ki, həmvətənləri tərəfindən sevinclə, ehtiramla qeyd edilir.
Türkiyə Respublikasının sabiq Baş naziri Bülənt Ecevitə görə, Heydər Əlirza oğlu min ildə bir doğulan dahidir. Ecevit sıradan bir adam deyildi və 100 illə 1000 ilin fərqini biləcək səviyyədə bir dövlət xadimi idi. İstərdim ki, biz də bu ucalıqdan Heydər Əliyev şəxsiyyətinə nəzər salaq.
Ulu Öndər tarixi şəxsiyyətdir. Müasir Azərbaycan dövlətinin banisi və qurucusudur. Siyasi və dövlətçilik fəlsəfəsinin, milli ideologiyanın, müdrik kəlamların müəllifidir. C. Vaşinqton ABŞ üçün, Atatürk Türkiyə üçün, Adenauer Almaniya üçün nədirsə, Heydər Əliyev də bizim üçün odur. Müasir Azərbaycan dövləti onun şah əsəridir. Bu səbəbdən o, tarixi şəxsiyyətdir.
Ulu Öndər dahidir. Sual olunur dahi kimdir? Dahi o şəxsdir ki, bu gün dedikləri həm keçmiş, həm də gələcək üçün doğrudur. Ulu Öndər 91-lərin məktubuna cavabında yazmışdı: “Əgər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər belə böyük dövlətlər kimi qüdrətli olar.” Bu qanadlı ifadə istənilən məkan və zaman üçün doğrudur. Fəlsəfi dillə desək, aforizmdir. Heydər Əliyevin söylədiyi aforizmlərin sayı 500-dən çoxdur. Bu səbəbdən o dahidir.
Heydər Əliyev planetar düşüncəli rəhbər idi. O, Azərbaycanda iki dəfə hakimiyyətdə olub. Hakimiyyətinin birinci (kommunist) dövründə qurucu və vətənsevər bir rəhbər idi (məsələn, H.Cavidin nəşini Sibirdən Azərbaycana gətirdi, Suriyada Nəsiminin məzarını ziyarət etdi). İkinci (müstəqil və demokratik) dövründə isə müdrik filosof-prezident kimi fəaliyyət göstərdi.
Heydər Əliyev həm də fövqəlbəşər bir şəxsiyyət idi. Birinci dəfə onu hakimiyyətə gətirən imperiya, ikinci dəfə onun hakimiyyətə qayıdışını qətiyyətlə istəmirdi. Lakin o, gözləniləndən də daha tez hakimiyyətə qayıtdı.
Ulu Öndər sanki qeyri-adi bir ömür yaşadı. Onun həyatı övliyaların həyat tərzinə bənzəyirdi. Bakıda “ikinci Bakı”nı tikdi, ancaq özü üçün sadə ikiotaqlı mənzil belə götürmədi. Qızının və oğlunun toyunu isə heç kimin təsəvvür etməyəcəyi sadəlikdə keçirdi.
Ulu Öndər müqəddəslər kimi ictimai mənafe daşıyıcısı idi. Bu dünyaya şəxsi deyil, ictimai mənafe ilə gəlmişdi. Bu dünyadan da elə həmin amalla köçdü.
Heydər Əliyevin öz əli ilə yazdığı ŞAH əsəri var. Bu əsər “Yeni əsr və üçüncü minillik münasibətilə xalqına müraciət”idir.
Sonda demək istəyirəm ki, əgər Ulu Öndəri dərindən öyrənsək və tanısaq, Azərbaycanda ona müxalif olan bir nəfər belə qalmaz. Əgər qalırsa, deməli, Heydər Əliyev hələ yaxşı tanınmayıb. 1992-ci ildə rusiyalı jurnalist Mixail Serdyukov demişdi: “Onun haqqında çox şey məlumdur, həm də heç nə məlum deyil.” Hər kəsə, istər iqtidar, istər müxalifət nümayəndələrinə tövsiyə edərdim ki, Heydər Əliyevin Şah əsərini oxusunlar: https://lib.aliyevheritage.org/az/2541517.htm
Şahlar Əsgərov,
Əməkdar elm xadimi, professor
10:32 10.05.2025
Oxunuş sayı: 798