İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ərəfəsində AzTV-yə eksklüziv müsahibəsi və onun Bakıda verdiyi bəyanatların təhlili göstərir:
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar zahirdə mehribanlıq və qardaşlıq mesajı kimi görünür. Ancaq bu sözlərin arxasında çox daha dərin, hesablanmış və geopolitik məna yüklü mesajlar yatır. Burada söhbət sadəcə xoş münasibətlərdən getmir – bu, İranın regional siyasətində kimlik, tarix və mədəniyyət üzərindən qurduğu çoxqatlı oyun planının bir hissəsidir.
Pezeşkianın "elə bil Təbrizdəyəm, Ərdəbildəyəm", "biz buralarda doğulmuşuq, böyümüşük" kimi fikirləri əslində bir növ identikliyin səssiz şəkildə yenidən çəkilmiş xəritəsidir. O demir ki, bu torpaqlar bizimdir. Amma deyir ki, biz bu torpaqlarda yad deyilik. Bu isə Azərbaycan dövlətinin müstəqil və ayrılmış kimliyinə qarşı dolayı bir sual yaratmaq cəhdidir. Nəzakətlə, mehribanlıqla, amma çox hiyləgər bir üsulla.
Əgər diqqət yetirsək, bu cümlələrin əsas mesajı budur: “Biz tarixən bir yerdə idik, indi ayrı görünə bilərik, amma hələ də biz birik.”
Bu, açıq ərazi iddiası deyil, amma tarixi və mənəvi sahiblənməyə bənzəyən bir yanaşmadır. Sən demə, biz sizinlə bir dövlət olmuşuq, sadəcə indi siyasi səbəblərlə fərqli ölkələrdə yaşayırıq – və bu, sadəcə keçici bir durumdur.
Əvvəla, bu cür çıxışlar İranın öz daxilindəki türklərə, yəni Təbrizdə, Ərdəbildə yaşayan milyonlarla insana ünvanlanır. İran mesaj verir ki, baxın, biz o taydakı azərbaycanlılarla birik – deməli, siz də bu sistemin içində özünüzü yad hiss etməməlisiniz. Yəni İran daxilindəki milli şüurun parçalanmasının qarşısını almaq üçün bu “biz birik” ritorikası strateji alətə çevrilir.
İkincisi və daha təhlükəlisi – bu mesaj xaricə, yəni Azərbaycan Respublikasına yönəlib. İran demək istəyir ki, biz Azərbaycanı müstəqil dövlət kimi qəbul edirik, amma ona tam da ayrıca və öz yolu ilə gedən bir xalq kimi yox, keçmişin bir hissəsi kimi baxırıq. Bu, Azərbaycanın suverenliyinə birbaşa zərbə deyil, lakin onun tarixilik içində “çərçivəyə alınmasıdır”. Sanki deyirlər: “Siz ayrılmısınız, amma bu ayrılıq bizim ruhumuzda baş verməyib.”
Bu yanaşma çox incə bir güc siyasətidir. İran sərhəd dəyişdirməyə çalışmır. Amma kimlik dəyişdirməyə, mənəvi bağ yaratmağa, emosional asılılıq formalaşdırmağa çalışır. Mədəni, tarixi və etnik yaxınlıq vasitəsilə Azərbaycan üzərində təsir imkanlarını artırmaq istəyir. Bu, klassik güclə deyil, yumuşaq, amma tərsindən sərt gücdür – çünki kimliklə oynamaq torpaqla oynamaqdan daha təhlükəlidir.
Pezeşkian bunu çox ustalıqla etdi – bir şeirlə, bir təbəssümlə, “biz əziz bacı və qardaşlarıq” deyərək. Amma bu şirin ritorikanın altında sual durur: Əgər biz bu qədər biriksə, nə üçün iki dövlətik?
Azərbaycan bu ritorikanı səthi xoş sözlər kimi yox, dərin ideoloji mesaj kimi qəbul etməlidir. Bu sözlər bir növ "mədəni təmas" adı altında aparılan geopolitik psixoloji strategiyadır. İran öz ətrafında etnik və tarixi bir kimlik qurmağa, bu kimlik vasitəsilə həm daxili stabilliyi qorumağa, həm də qonşulara təsir göstərməyə çalışır.
İran Prezidentinin müsahibəsində "sərhəd" anlayışına verdiyi önəmin zəiflədilməsi sadə bir şeiriyyət, mədəni yaxınlıq və ya ümumbəşəri birlik çağırışı deyil. Bu cür ifadələr, xüsusilə dövlət başçısı səviyyəsində səsləndirildikdə, beynəlxalq münasibətlərdə konkret siyasi kontekst daşıyır. Pezeşkian burada açıq şəkildə sərhədlərin fiziki mövcudluğunu inkar etmir – lakin onların mənəvi, kimlik və siyasi anlamını dəyərsizləşdirməyə çalışır.
Pezeşkianın dediyi kimi, əgər “sərhəd o qədər də əhəmiyyətli deyilsə”, o zaman bu, dolayı şəkildə Azərbaycanın müstəqil dövlət kimi fərqli kimlik, maraq və yol seçmək haqqına qarşı mədəni-siyasi bir təzyiqdir. İran demək istəyir: “Bizim aramızdakı fərqlilik süni və keçicidir. Sərhədlər kağız üzərindədir, gerçəkdə isə biz hələ də birik.”
Bu, Azərbaycan Respublikasının özünü suveren, öz maraqlarını seçən və öz strateji tərəfdaşlarını müəyyən edən bir aktor kimi mövcudluğunu “qardaşlıq” pərdəsi altında passivləşdirmə cəhdidir.
Azərbaycanın son illər Türkiyə ilə strateji müttəfiqliyini dərinləşdirməsi, İsraillə təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı genişləndirməsi, İranın təsir imkanlarını ciddi şəkildə zəiflədir. Bu vəziyyətdə İran açıq konfrontasiyadan qaçaraq, daha çevik bir ritorikaya müraciət edir: "biz həmişə bir olmuşuq, indi sadəcə fərqli qərarlar almışıq".
Bu, Azərbaycanın müstəqil hərəkət etmə haqqına birbaşa etiraz deyil, bu haqqın mənəvi əsasını sorğulayan bir yanaşmadır. Əgər sərhəd önəmsizdirsə, əgər biz eyni mədəni və tarixi ailənin üzvüyüksə, o zaman Azərbaycanın atdığı müstəqil addımlar da “qardaş ruhuna uyğun gəlmir” – deməkdir bu ritorika.
İran "sərhədlər formal dəyər daşıyır" ritorikasını hər zaman öz milli təhlükəsizliyinə zərər vurmayan məkanlarda tətbiq edir. Yəni bu ritorika seçicidir. İran Ermənistana, Ərəb ölkələrinə, ya da Pakistanla münasibətlərinə belə yanaşmır. Sərhədi yalnız o zaman mənasız sayır ki, qarşı tərəfdə eyni etnik, dil və mədəni bağdan faydalanmaq mümkündür. Bu isə göstərir ki, məsələ humanitar birlikdən çox, mədəni sahiblənmə aləti kimi istifadə edilən strateji yanaşmadır.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bölgədə status-kvonu dəyişdirdi və regional güc kimi özünü təsdiqlədi. Bu reallıq İranın Cənubi Qafqazda balans oyununu çətinləşdirib. Əgər Azərbaycan daha güclüdürsə və regional ittifaqlar qurursa, İran bu gücə qarşı sərt mövqe tutmaq əvəzinə onu ideoloji və tarixi oxuma vasitəsilə “özününkü” elan etməyə çalışır.
Sərhədin "önəmsizləşdirilməsi" – bu mənada bir psixoloji de-suverənləşdirmə üsuludur. Təsir altına alınan tərəf öz sərhədini fiziki olaraq qorusa da, mənəvi olaraq onun dəyəri sorğulanır.
Bax bu nöqtədə Azərbaycanın cavabı konkret olmalıdır. Sakit, təmkinli, amma öz milli kimliyinə sahib çıxan şəkildə. Biz İranla qonşuyuq, bəli. Bizim ortaq tariximiz var, doğrudur. Amma biz öz yolumuzu seçmiş, öz dövlətini qurmuş, öz gələcəyini müəyyənləşdirən bir xalqıq. Və bu gələcək kimsənin emosional və tarixi çərçivəsində yox, bizim öz iradəmizlə formalaşacaq.
Şəhriyarın şeiri ilə İran Prezidenti Məsud Pezeşkianın çıxışını tamamlaması təsadüfi ədəbi jest deyil, əksinə ideoloji-mədəni mesajlar yüklü, dərin simvolik anlam daşıyan bir addımdır. Bu poetik girişin arxasında identiklik siyasəti, tarixi nostalgiya, pan-mədəni bağlılıq və siyasi şüuraltı mesajlar dayanır.
“Bir uçaydım bu çırpınan yelinən…” - misrası fiziki və siyasi sərhədləri aşmaq istəyini poetik dillə ifadə edir. “Çırpınan yel” – dinamiklik, təlatüm, dəyişiklik, qəlbin içindəki hərəkət və azadlıq istəyi ilə doludur. Bu, ayrılıq və bölünmüşlük hissinin romantik metaforudur. Pezeşkian bu sətirlə bildirir ki, aradakı sərhədlər “qəlblərin birliyini” poza bilməz. Şeirdəki bu yel – həm duyğuların, həm də pan-milli bağlılığın daşıyıcısıdır. Siyasi alt mənası budur ki. İran, sərhədləri tanısa da, onların “ruhən” süni olduğunu iddia edir. Bura “qardaş” Azərbaycana ruhən birləşmə çağırışıdır – nə silahla, nə hüquqla, sadəcə “duyğularla”.
“Bağlaşaydım dağdan aşan selinən…” bu misrada “Dağdan aşan sel” – təbiətin sərhəd tanımayan qüvvəsidir. Bu misrada, Azərbaycan və İran arasında coğrafi sərhədlərin belə mənasız olduğu fikri romantik dillə təkrarlanır. Selin təsviri həm də coşqun milli duyğuları, sərhəd dinləməyən mədəni bağlılığı simvolizə edir.
“Ağlaşaydım uzaq düşən elinən…” – buradakı “el” həm xalq, həm yurd, həm də tarixi coğrafi birlik anlamına gəlir. “Uzaq düşmək” – fiziki deyil, kimlikdən, mənəviyyatdan və tarixi ortaq dəyərlərdən ayrı salınmaq anlamında işlədilir. Bu sətir vasitəsilə Pezeşkian Azərbaycanı öz “eli” kimi təqdim edir – bu isə İranın Azərbaycan Respublikasına “tarixi bizə aid olan” mesajını romantik dillə çatdırmaq cəhdidir.
“Bir görəydim ayrılığı kim saldı?” – bu misrada bölünmüşlüyə səbəb olan güclərə qarşı ittihamvarı sual var: “ayrılığı kim saldı?” Bu, həm böyük güclərə (SSRİ, Qərb), həm də dolayı şəkildə Azərbaycanın müstəqil siyasət yürütməsinə yönəlmiş poetik məna daşıyır. Çünki İran üçün Azərbaycan “ayrılmış el”dir – suveren dövlət deyil. İran bu misra ilə soruşur: “Biz bir idik, kim bizi ayırdı? Bu ayrılıq süni idi, biz yenə də bir yerdə ola bilərik.” Yəni Azərbaycanın fərqli siyasi orbitə daxil olması İran üçün “ayrılıq”dır.
“Ölkəmizdə kim qırıldı, kim qaldı?” - bu misra həm İran içindəki türk kimliyinin yaşadığı basqılara, həm də Azərbaycan tarixində baş verən faciəvi bölünmələrə işarədir. Buradakı “kim qırıldı” – həm fiziki qırğınları, həm də kültürün, dilin, kimliyin məhvini simvolizə edə bilər. İran Prezidenti bu misra ilə “biz çox əziyyət çəkmiş bir xalqıq, amma indi yenidən dirçəlirik” mesajı verir. Azərbaycanla birlikdə bu dirçəlişi böyük mədəni ailənin birgə irəliləyişi kimi təqdim edir.
“Burda bir şir darda qalıb bağırır…” – lider simvolikası və çağırış
“Şir” burada İranın simvolik fiqurudur. “Darda qalmaq” – İranın basqı, təzyiq və haqsızlıq altına salınmağına, “bağırmaq” isə, onun təhlükə qarşısında çağırış, kömək istəmək, haqqa səsləməkdir. Siyasi alt mənası odur ki, “Qardaş, biz dardayıq, sənin dəstəyinə ehtiyacımız var. Biz birlikdə güclüyük.”
“Mürüvvətsiz insanları çağırır” – “mürüvvətsiz” dedikdə, etibarsız, dəyərsiz, mərhəmətsiz xarici və daxili aktorlar nəzərdə tutulur. Bu həm Qərb dünyası, həm də İran daxilində milli haqları tanımayan qüvvələr ola bilər. Həm də dolayısı ilə Türkiyə və Azərbaycanın müstəqil siyasətini ittiham etmədən sorğulamaq niyyətidir.