Hər gün bir politoloq görürük: Çörəyə layiq olmayan çörəkçilər... -ARAŞDIRMA

Hər gün qərarlarımızı, həyat tərzimizi, informasiya ilə münasibətimizi formalaşdıran bir güc var: siyasət. Amma siyasəti yalnız gündəlik hadisələr və ya televiziyada gördüyümüz debatlarla məhdudlaşdırmaq olmaz. Onu daha dərindən başa düşmək üçün bizi köklərə – yüzilliklər əvvəlinə aparan bir elm var: politologiya. Bəs bu elm necə yaranıb və niyə bu qədər əhəmiyyətlidir? Siyasi elm sosial elmlər arasında nisbətən yeni sahə hesab olunsa da, onun kökləri qədim tarixə, xüsusilə də siyasi fəlsəfəyə əsaslanır. Politologiyanın intellektual başlanğıcı Platon və Aristotel kimi qədim yunan filosoflarının əsərlərinə dayanır. Elmi əsaslara söykənən müasir politologiya isə XIX əsrin ikinci yarısında – siyasi fəlsəfə, tarix və iqtisadiyyat kimi sahələrin təsiri ilə formalaşmağa başlayıb.
Politologiyanın universitet fənni kimi təşəkkül tapması 19-cu əsrin sonlarına, universitetlərdə müvafiq kafedraların yaradılmasına təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının, 1906-cı ildə isə “American Political Science Review” jurnalının təsis olunması bu sahənin inkişafına təkan verdi. Hələ 1886-cı ildə "Political Science Quarterly" jurnalının ilk sayında Munroe Smith politologiyanı “dövlətin təşkili, funksiyaları və dövlətlərarası münasibətləri öyrənən elm” kimi təqdim etmişdi.
1950–60-cı illərdə baş vermiş Biheviorist inqilab isə politologiyanı daha da zənginləşdirərək, fərdi və qrup davranışlarına yönəlik yeni metodoloji yanaşmalarla inkişaf etdirdi. Müasir dövrdə siyasi elm üç əsas istiqamət üzrə öyrənilir: müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə. Bundan başqa, siyasi iqtisadiyyat, dövlət siyasəti və idarəetmə kimi sahələri də əhatə edir.
Bu elm sahəsi tarix, hüquq, iqtisadiyyat, sosiologiya, psixologiya və jurnalistika kimi digər sahələrlə sıx əlaqədə inkişaf edir. Politologiyada istifadə olunan metodlar da bu fənlərlə uzlaşır: sorğular, statistik təhlillər, eksperimentlər və modelləşdirmə geniş tətbiq olunur. Beləliklə, politologiya təkcə dövlət strukturlarını deyil, həm də hakimiyyətin paylaşımı, siyasi qərarların qəbulu və cəmiyyətin siyasi davranışlarını araşdıran kompleks və çoxşaxəli bir elmdir.
Siyasi ideyaların formalaşması təkcə Qərb dünyasına aid bir proses deyil. Əgər Platon və Aristotel Qərbin siyasi təfəkkürünün bünövrəsini qoyublarsa, Şərqdə, o cümlədən Azərbaycanda da siyasi düşüncə dərin köklərə malikdir. Zaman keçdikcə cəmiyyətlərin idarə olunma mexanizmləri, dövlət və fərd münasibətləri ilə bağlı suallar bu torpaqlarda da cavab axtarmağa başlanılıb. Beləliklə, politologiyanın yalnız elmi istiqamət kimi deyil, həm də mədəni, fəlsəfi və dini kontekstlərdə təşəkkül tapdığı məkanlardan biri də Azərbaycan olmuşdur. İndi isə diqqətimizi bu qədim və zəngin siyasi fikir tarixinin Azərbaycan mərhələsinə yönəldək.
Azərbaycanda isə siyasi fikrin yaranması və təşəkkülü qədim dövrlərə – eramızdan əvvəl I minilliyə təsadüf edir. Bu dövrdə Azərbaycan ərazisində Manna, Midiya və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Siyasi düşüncənin ilk sistemli ifadəsi isə "Avesta" ilə bağlıdır. Eramızdan əvvəl VIII–VII əsrlərdə yazılmış bu abidə təkcə dini yox, həm də hüquqi və siyasi baxışların məcmusu kimi qiymətləndirilir. Zərdüştlüyün müqəddəs mətnlərini ehtiva edən "Avesta", Azərbaycan xalqının dövlət, cəmiyyət və mənəviyyat haqqında ilk yazılı fikirlərini əks etdirən əsas qaynaqdır.
Zərdüştlüyün əsas ideyası – xeyirlə şərin (Hörmüz və Əhrimən) əbədi mübarizəsi və nəticədə xeyirin qalib gəlməsi – sosial və siyasi baxımdan da özünü göstərirdi. Bu ideologiyada qanuna və ədalətə tabeçilik, dövlətin funksiyalarına hörmət, vətəndaşların mənəvi tərbiyəsi və hakimlərin vicdanla xidmət etməsi vacib sayılırdı. Atəşpərəstliyin mərkəzi hesab olunan Qanzak şəhərindəki məbəd, şahların dövlət işlərinə başlamazdan əvvəl piyada ziyarət etdiyi müqəddəs məkana çevrilmişdi. Zərdüştlüyün "xeyir fikir, xeyir söz, xeyir əməl" prinsipi sonrakı fəlsəfi cərəyanlara da təsir göstərmişdir.
Orta əsrlərdə Azərbaycanda siyasi və fəlsəfi fikrin inkişafı daha da sürətlənmişdir. XI əsrdə yaşamış Bəhmənyar ibn Mərzban Əbülhəsən Aristotel fəlsəfəsinin davamçısı kimi tanınır. O, varlıq və idrak haqqında dərin mülahizələr irəli sürmüş, hərəkəti materiyadan ayrı təsəvvür etməmiş və cəmiyyətin quruluşunu təbii qəbul etmişdir. Onun fikrincə, insan səadətə təhsil və mənəvi inkişafla çata bilər.
Digər bir önəmli şəxsiyyət – Eynəlqüzat Əbülməali Miyanəci həm filosof, həm də Həmədanın baş qazisi kimi sufiliyin ictimai-siyasi əhəmiyyətini vurğulamışdır. Onun əsərlərində insanın mənəvi kamilliyi və Allahla vəhdətə qovuşması ideyaları siyasi fikirlə iç-içə təqdim olunmuşdur. Sufilikdə kamillik dörd mərhələdə – şəriət, təriqət, mərifət və həqiqət pillələrində formalaşırdı və bu yolun məqsədi insanın özünü aşaraq ali həqiqətə çatması idi.
Azərbaycanın siyasi fəlsəfəsində işraqilik də mühüm yer tutur. Bu cərəyanın banisi Şihabəddin Yəhya Sührəvərdi işığın fəlsəfi mahiyyətinə əsaslanan ideyalar irəli sürmüş və işıqla varlığın vəhdətini əsas götürmüşdür. Onun azadfikirliliyi, həmçinin Şərq peripatetizminə verdiyi töhfələr regionda fəlsəfi fikrin yüksəlişinə təkan vermişdir.
XIX əsrdə Azərbaycan maarifçilərinin və mütəfəkkirlərinin siyasi görüşləri ictimai düşüncənin daha dünyəvi və rasional əsaslarla inkişafına səbəb oldu. Abbasqulu Ağa Bakıxanov cəmiyyətin inkişafında mənəviyyatın rolunu vurğulamış, fərdi mənafedən çox ümumi rifahın önə çəkilməsini vacib saymış və monarxik idarəçiliyi müdafiə etmişdir.
Mirzə Kazımbəy siyasi hadisələri tarixi proses kimi təhlil edərək, siyasi həyatın sarsılmaz qanunlarla inkişaf etdiyini bildirmişdir. O, qanunun aliliyinə və xalqın mədəni səviyyəsinin azadlıqla birbaşa əlaqəli olduğuna inanırdı. Onun “Şamil və müridizm” əsərində çarizmin zülmünə qarşı müqavimətə dair baxışları da siyasi cəsarət nümunəsi idi.
Mirzə Fətəli Axundov isə Azərbaycan siyasi fikir tarixində əsas dönüş nöqtələrindən birini təşkil edir. O, dini təriqətlərə qarşı çıxmış, sekulyar düşüncəni müdafiə etmiş və Avropa maarifçiliyinin təsiri ilə hüquqi dövlət, təhsil və azadlıq kimi prinsipləri önə çəkmişdir. Axundovun siyasi baxışları həm demokratik cəmiyyət ideyalarına, həm də milli oyanış prosesinə güclü təsir göstərmişdir.
Son dövrlərdə Azərbaycanda siyasi mövzularda fikir bildirənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Televiziya ekranlarında, sosial şəbəkələrdə, hətta gündəlik söhbətlərdə belə, müxtəlif şəxslər həmin prosesləri şərh etməyə, öz fikirlərini ictimaiyyətə təqdim etməyə çalışırlar. Bəziləri elmi biliklərə əsaslanaraq çıxış etsə də, bəziləri sadəcə şəxsi təəssürat və emosiyalarını "ekspert rəyi" kimi təqdim edir. Bu da yeni bir sual doğurur: niyə son illərdə siyasi ekspertlik bu qədər cəlbedici hala gəlib? Həmçinin, cəmiyyət arasında getdikcə artan politoloq sayının fonunda, ixtisasca politoloq olmayan şəxslərin də siyasi şərhçi kimi çıxış etməsi hansı əsaslara söykənir? Bu məqamlar müasir dövrün informasiya bolluğunda ekspert anlayışının hansı çərçivədə formalaşdığını və hansı meyarlarla qəbul edildiyini bir daha nəzərdən keçirməyə ehtiyac yaradır.
İxtisası politoloq olmayan şəxslərin siyasi ekspert kimi çıxış etməsi ilə bağlı məsələyə münasibət bildirən media eksperti və professor Qulu Məhərrəmli Crossmedia.az saytına açıqlamasında vurğulayıb ki, ölkədə siyasi ekspertlərin sayının artması mahiyyət etibarilə qorxulu bir hal deyil: " Qorxulu olan – "siyasi ekspert" və ya "siyasətşünas" adı altında mediada, xüsusilə televiziya kanallarında bu şəxslərin sayının artmasıdır. Siyasi ekspert olmaq – bu sahənin problemlərini dərindən bilmək, həmin istiqamətdə ixtisaslaşmaq, analitik düşüncəyə malik olmaq, hadisələr arasında əlaqələri görmək, tarixi kontekstə nüfuz edə bilmək və bütün bu bilikləri tamaşaçıya və ya oxucuya anlaşıqlı, cəlbedici dildə çatdırmaq bacarığı tələb edir".
Siyasi şərhçinin sözlərinə görə , bu gün həmin keyfiyyətlər hər zaman müşahidə olunmur və bəzən ixtisası məhdud olan şəxslərin siyasi ekspert kimi təqdim olunması, oxucuya və tamaşaçıya qarşı hörmətsizlikdir: " Öz nüfuzunu qorumağa çalışan media qurumları dəvət etdikləri ekspertlərin səviyyəsinə və cəmiyyət qarşısında etibarına ciddi şəkildə diqqət yetirməlidirlər. Məsələnin əsas məğzi də məhz budur".
Qulu Məhərrəmlinin vurğuladığı kimi, siyasi ekspert adı ilə çıxış edən şəxslərin bu sahəyə dərin elmi və praktik yanaşma ilə yanaşması olduqca vacibdir. Bu isə bizi politologiya elminin mahiyyətinə və onun müasir cəmiyyətlərdə oynadığı rola yönəldir.
Politologiya qərarların qəbulunda səlahiyyətlərin bölüşdürülməsi və ötürülməsi, hökumətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla idarəetmənin rolları və sistemləri, siyasi davranış və dövlət siyasəti ilə bağlı sosial tədqiqatdır. O, sabitlik, ədalət, maddi sərvət, sülh və ictimai sağlamlıq da daxil olmaqla bir çox amilləri araşdıraraq idarəetmənin uğurunu və konkret siyasətləri ölçür. Bəzi politoloqlar müsbət irəliləyiş əldə etməyə çalışırlar, siyasəti təhlil edərək tezislər (hər şeylərin necə olması lazım olduğunu deyil, necə olduğunu təsvir etməyə çalışır); digərləri, məsələn, konkret siyasət tövsiyələri verməklə normativ tezisləri irəli sürürlər. Siyasət və siyasətin tədqiqi bir-biri ilə sıx bağlı ola bilər — məsələn, hansı siyasi institutların növlərinin müəyyən siyasət növləri yaratmağa meylli olmasının müqayisəli təhlilində. Politologiya siyasi və hökumət məsələləri ilə bağlı təhlil və proqnozlar verir. Politoloqlar çox vaxt ictimai məlumatlılığı artırmaq və ya konkret hökumətlərə təsir etmək üçün dünya ölkələrinin və regionlarının proseslərini, sistemlərini və siyasi dinamikasını araşdırırlar. İndiki zamanda bu tipli mövzularla təkcə politoloqlar yox bir çoxu politoloq statusunu mənimsəyərək münasibət bildirir.
Siyasi ekspertlik statusunun hər kəs tərəfindən mənimsənilməsi məsələsinə toxunan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov açıqlamasında siyasi ekspertlərin artmasının səbəbini əsasən medianın fəaliyyətində gördüyünü söyləyib : "Əvvəla onu qeyd etmək istəyirəm ki, bu vəziyyətin formalaşmasında jurnalistlərin fəal və təşəbbüskar fəaliyyəti mühüm rol oynayır. Artıq media eyni simaların fikirlərinə təkrarən müraciət etmir. Jurnalistlər çalışırlar ki, müxtəlif baxış bucaqları təqdim olunsun, yeni adlar və alternativ yanaşmalar mediada əks olunsun. Bu da nəticə etibarilə ekspertlərə ehtiyacı artırır. Təbii ki, burada ilk olaraq Azərbaycan jurnalistlərinin əməyini təqdir etmək lazımdır. Onların bu sahəyə maraqla yanaşması və müxtəlif sahələr üzrə ekspertləri efirə və mediaya cəlb etməsi müsbət haldır".
E.Məmmədyarov həmçinin qeyd edib ki, siyasi ekspertlik sahəsində fəaliyyət göstərən insanların yalnız politoloq olması şərt deyil. Bu, jurnalistin sualı ünvanlama tərzi ilə birbaşa bağlıdır: "Bu, əsasən jurnalistlərin sualı kimə və hansı məqsədlə ünvanladıqlarından asılıdır. Bəzən onlar sıravi vətəndaşların fikirlərini öyrənmək istəyirlər və bu, tamamilə təbiidir. Mən düşünmürəm ki, ekspertlər öz təşəbbüsləri ilə jurnalistlərə müraciət edərək sual vermələrini xahiş edirlər. Əvvəllər bu sahədə əsas informasiya mənbəyi qəzetlər idi. Bu gün isə internet geniş imkanlar açıb – müxtəlif platformalarda müxtəlif şəxslərin, o cümlədən özünü ekspert kimi təqdim edənlərin fikirləri yayılır. Aydındır ki, bu mühit geniş auditoriyaya çıxmaq imkanı yaradıb və məhz buna görə də ekspert kimi görünmək istəyənlərin sayı artıb".
Sabiq nazirin fikirlərindən də göründüyü kimi, siyasi ekspertlik fəaliyyəti təkcə akademik biliklərlə deyil, həm də jurnalistikanın təqdimat tərzi və ictimai rəyə çıxış imkanları ilə formalaşır. Mediada alternativ fikirlərə yer verilməsi, yeni simaların önə çəkilməsi, eləcə də texnologiyanın inkişafı, hər kəsə öz fikirlərini geniş auditoriyaya çatdırmaq imkanı yaradıb. Bu isə siyasi ekspertlərin artmasına və bəzən də “ekspert” statusunun qeyri-akademik mühitdə formalaşmasına səbəb olur. Lakin bu artımın fonunda vacib bir məsələ ortaya çıxır: bəs informasiyanın keyfiyyəti və ictimai təsiri necə tənzimlənməlidir?
Məhz bu nöqtədə politologiyanın elmi yanaşması önə çıxır. Politologiya – yəni siyasət elmi – yalnız nəzəri anlayışları deyil, həm də real siyasi münasibətlərin təhlilini əhatə edir. Bu sahənin əsas məqsədi cəmiyyətin siyasi strukturunu, dövlətin institutlarını və hakimiyyət münasibətlərini dərindən öyrənməkdir. Politoloq sadəcə informasiya ötürən deyil, həm də bu informasiyanın mənasını açan, onun mümkün nəticələrini proqnozlaşdıran bir mütəxəssisdir. Onun tədqiqat dairəsi siyasi sistemlərdən tutmuş siyasi davranış və mədəniyyətə qədər uzanır.
Lakin praktiki mühitdə bu cür dərin elmi yanaşma həmişə ön plana çıxmır. Bu gün siyasi şərhlərdə tez-tez iqtisadçılar, hüquqşünaslar və jurnalistlər də iştirak edir. Onların analitik yanaşması və ictimai nüfuzu bəzən politoloqlardan daha çox diqqət çəkir.
Həmin məsələyə beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin fikirlərinə münasibət bildirib hər bir peşənin özünəməxsus təhsilinin vacibliyi danılmazdır: "Məsələn, mən beynəlxalq münasibətlər ixtisası üzrə baza təhsili almışam və sonrakı mərhələdə mediada, xüsusilə xarici xəbərlər şöbəsində fəaliyyət göstərərək formalaşmışam. Proses iştirakçılarını, yəni aktorları tanımağa başlamışam. Bu təhsil və təcrübə ona görə əhəmiyyətlidir ki, sahənin metodoloji əsaslarını mənimsəyəsən. Lakin bu, o demək deyil ki, metodoloji baza üzrə ixtisaslaşmamış, başqa sahədən gələn şəxslər bu proseslə məşğul ola bilməzlər. Siyasət elmləri əsasən fəlsəfəyə söykənir və bu baxımdan fəlsəfə siyasət elminin baza ixtisası hesab olunur. Bu mənada digər ixtisas sahibləri üçün də siyasətə yaxınlaşmaq mümkündür. İkinci vacib məqam ondan ibarətdir ki, siyasi elmdə aparılan tədqiqatlarda siyasi etirazlar mühüm yer tutur. Ümumiyyətlə, siyasət cəlbedici sahədir. Biz onu həyatın müxtəlif məqamlarında dəyərləndirir, fərqli formalarda münasibət bildiririk. Bu səbəbdən də siyasət kütləvi xarakter daşıyır".
Müsahibimiz siyasi fəaliyyətlə məşğul olan şəxslərin sonradan siyasi şərhçi kimi çıxış etməsi, yaxud siyasətçilərin özlərinin şərhlərlə çıxış etmə hallarının kifayət qədər geniş yayıldığını qeyd edib: "Siyasi prosesləri düzgün oxuya bilmək bacarığı həmin şəxslərə bu sahədə aktiv iştirak imkanı verir. Lakin burada əsas sual bundan ibarətdir: biz siyasəti elm kimi öyrənirik, yoxsa proses kimi dəyərləndiririk? Məhz bu yerdə ciddi ayrım baş verir. Çünki siyasəti elm səviyyəsində dərk edən və proqnozlaşdırma bacarığına malik olanların sayı azdır. Bununla yanaşı, sosial medianın verdiyi imkanlar və məsuliyyət anlayışının zəifləməsi siyasi şərhçiliyi daha əlçatan bir alətə çevirib. Bu səbəbdən də bu gün ictimai rəyə təsir edə bilən kifayət qədər çox insanın siyasi şərhçi kimi çıxış etdiyini görürük. Bu tendensiyanın qarşısını almaq hazırkı şəraitdə mümkün deyil. Eyni zamanda, elə bir mexanizm də yoxdur ki, xəbər axınlarının düzgün qurulması fonunda bu şəxslərin arqument bazasını qiymətləndirsin, müzakirəyə çıxarsın və üzərində əsaslandırılmış mühakimə aparsın".
Nəticə olaraq demək olar ki, politologiyanı anlamaq yalnız siyasəti deyil, eyni zamanda insanı, cəmiyyəti və onların qarşılıqlı münasibətlərini anlamaqdır. Və bu anlama prosesi ixtisaslaşma, elmi bilik və ictimai məsuliyyətlə müşayiət olunmalıdır. Odur ki, peşəkarlara müraciət etmək lazımdır. Necə deyərlər, çörəyi ver çörəkçiyə, biri də üstəlik...
Pərvin Hacıyeva
14:59 05.05.2025
Oxunuş sayı: 1037