Türk ədəbiyyatında Nizami Gəncəvi təsiri

Nizaminin nəzmini oxursan,
Sözündə sən onu hazır bulursan.
Cilvəsini səndən necə o saxlar,
Ki, hər beytində anladır bir əsrar.
Yüz ildən sonra da desən harda o?
Beytlərdən nida gələr burda o!
Yüz deyil, səkkiz yüz ildən sonra da “burada o”sunu duyduğumuz Nizami Müsəlman Şərqində ürfan xəzinəsinə daxil dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir(Məhəmməd Əmin Rəsulzadə). Müsəlman Şərqi dedikdə dahi Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır.
Məlumdur ki, XI-XII əsrlərdə coğrafi baxımdan Qərbdən və Şərqdən bütün istiqamətlərə çıxışı olan və təbii resursları baxımından zəngin sərvətlərə malik olan Azərbaycan dünya iqtisadiyyatı və mədəniyyətinin mühüm regionlarından birinə çevrilmişdi. Nizami Gəncəvi dühasının yetişməsi Azərbaycanın XII əsrdə çiçəklənən siyasi-iqtisadi və mədəni inkişafının bəhrəsidir.
Bu dövrdə fasiləsiz daxili müharibələrin amansızlığına baxmayaraq Azərbaycanın Gəncə, Bakı, Naxçıvan, Təbriz, Şamaxı, Şəki, Bərdə, Marağa kimi mühüm şəhərləri Şərqin böyük ticarət, elm, təhsil və mədəniyyət mərkəzləri hesab olunurdu. Gəncə şəhəri Nizami Gəncəvinin yaşadığı dövrdə Azərbaycan Atabəylərinin paytaxt şəhərlərindən idi. Əsrlərlə paytaxt şəhəri olması Gəncənin sürətlə inkişafına əsaslı təsir göstərmişdi və bu gözəl şəhər nəinki Azərbaycanın, eləcə də ön Şərqin ən böyük mədəni mərkəzlərindən sayılırdı. Azərbaycanın hər yerindən Gəncəyə istedadlı şairlər, alimlər toplanır, dünyəvi elmlər inkişaf edir. Dini elmlərlə bərabər, o zaman məktəblərdə fəlsəfə, filologiya, tarix, fiqh, riyaziyyat, tibb və s. fənlər öyrənilirdi.
Belə bir zəngin ictimai-siyasi mühit Ömər Gənci, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Qivami Mütərrizi Gəncəvi kimi dünyaşöhrətli alim və şairlər yetirmişdi. XII əsrdə ədəbiyyat, xüsusilə poeziya çox sürətlə inkişaf edir. Bu dövrdə kiçik janrda əsərlər içərisində bitkin fəlsəfi fikir və ya bədii obraz ifadə edən rübai və lirik şerin ən nadir incisi olan qəzəl janrı da geniş yayılmışdır. Ədəbiyyatımızın bu parlaq dönəmində ensiklopedik biliyi, bədii istedadı sayəsində həmvətənləri arasında böyük hörmət qazanan Nizami Gəncəvi sənəti XII əsr Azərbaycanın şerinin ən uca zirvəsi hesab olunur. Gənclik illərindən başlayaraq ciddi mütaliə və müşahidələri Nizami Gəncəvinin siyasi-ictimai görüşlərini formalaşdırır. Böyük şairimizin zərif və lətif qəzəlləri Azərbaycan və Orta Asiyanın şəhərlərində böyük maraqla oxunmuş, sevilmişdir. Şairin lirikası Şərq şerinin qəzəl, qəsidə, rübai kimi üç əsas şəklini əhatə edir. Şairin “Divan”ına
daxil olan şeirlərin çox az bir hissəsi dövrümüzə qədər gəlib çatsa da böyük sənətkarın lirik irsi haqqında fikir söyləməyə imkan verir. Saf eşq, məhəbbət, əməksevərlik, haqq, ədalət, ictimai həyat şairin lirikasının əsasını təşkil edir.
Nizami Gəncəvinin zəngin bədii irsi Azərbaycan xalqının müstəsna əhəmiyyətli milli sərvəti olmaqla yanaşı, həm də dünya sivilzasiyasının nadir nümunəsidir. Nizami Gəncəvi yalnız klassik Azərbaycan ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri həm özü yaratdığı yeni janr, həm bu janr ilə tam ahəngdə olan məzmun və məna , həm də özünəməxsus kəskin ifadəli dili olan ucaman bir əsərdir .
Dahi Nizami yaradıcılığı Yaxın Şərqin ən məşhur nümayəndələri tərəfindən təqlid olunmuş, həm “Xəmsə”sinə, həm də “Xəmsə”sini təşkil edən beş məsnəvidən hər birinə ayrı-ayrı, mübaliğəsiz yüzlərlə nəzirələr, bənzətmələr yazılmışdır. Yalnız nəzirələr deyil, Nizami əsərlərinə yazılan şərhlərin və təfsirlərin sayı da həddindən artıqdır. Klassik şərq kitablarından ən ustad xəttatlar tərəfindən ən çox üzü köçürülən, ən mahir miniatürçülər tərəfindən ən çox rəsmlər və qızıl suyu ilə çəkilən ornamentlərlə bəzədiləni Nizaminin “Xəmsə”sidir.
Şairə nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Xacu Girmani, Salman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəridəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər də vardır.
Klassik farsdilli ədəbiyyatdan sonra vücuda gələn klassik türk ədəbiyyatına da Nizami yaradıcılığı böyük təsir göstərmişdir. Cığatay şerinin və türk xalqlarının yaratdığı müştərək ədəbiyyatın böyük ustadı Əmir Əlişir Nəvai də daxil olmaq üzrə bir çox türk şairi Nizamini ya tərcümə etmiş və ya ona bənzətmələr yazmışlar. Türk ədəbiyyatında ilk “Xəmsə” ustadı olan Əlişir Nəvai Nizami ədəbi məktəbinin layiqli davamçılarındandır. Şairin “Xəmsə”si “Heyrətül-əbrar”, “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Səbeyi-səyyarə”, “Səddi-İsgəndər” adlı məsnəvilərindən meydana gəlmişdir.
Böyük Əlişir Nəvai türk dilinin fars dili ilə ölçüləcək dərəcədə yüksək bir ədəbiyyat dili olduğunu isbat etmək üçün yazdığı məsnəvilərinə:
“Xeyli fəsahət başının əfsəri,
Gənce-yəqin əfsərinin gövhəri”
-deyə heyranı olduğu Nizaminin əsərlərinin özü üçün nümunə göstərmişdir. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görürük. Yaxın Şərqdə Nizami əsərlərindən, onun yaradıcılıq xəzinəsindəki sərvətlərdən faydalananlar içərisində Əlişir Nəvai xüsusi yer tutur. Əlişir Nəvai Nizaminin epik ənənələrini inkişaf etdirən böyük şairlərdən olmuşdur. Nəvai öz əsərləri ilə, xüsusən “Xəmsə”si ilə Nizami ədəbi ənənələrini yaradıcı və orijinal surətdə inkişaf etdirməyin ən yaxşı nümunələrini vermiş, Şərqin fikir xəzinəsinə ölməz əsərlər bəxş etmişdir. Nəvai böyük sənətkar, qüdrətli söz ustası olmaqla bərabər eyni zamanda elmi-ədəbi fikrə istiqamət verən məşhur alim idi. O, öz epik lövhələrini yaradarkən Xosrov Dəhləvi və Cami ilə yanaşı Nizamidən öyrənmiş, onun “Xəmsə”sini örnək kimi götürmüşdür. Nəvai dahi Azərbaycan şairinin əsərinə cavab olaraq yazdığı “Heyrətül-əbrar” poemasının başlanğıcında Nizami haqqında xüsusi söhbət açır, onun söz sənətkarlarının başının tacı adlandırır. Nəvai burada da Nizamiyə dərin məhəbbət və ehtiram hissi ilə yazır:
“Gəncə vətən, könlü anın gəncxiz,
Xatiri gəncürü dili gəncriz.
Fikrəti-nizamı bulub “Xəmsə”sənc,
“Xəmsə” demə, bəlkə deyil “Pənc gənc”.
Kəffəyi-mizan ona əflak olub,
Batmani-daşı kürrəyi-xak olub.
Xani-lətayifqa sözü münqəsim,
Dürri-məaniyğə dili müntəzim.
Nazim olub söz dürri-serabiğa,
Çərx Nizami yazıb alqabiğa.
Nəvai böyük azərbaycanlı sələfinin qüdrətinin şeir dühasını, şairin epik lövhələrinin vüsətini, sənətkarlıq qüdrətinin əzəmətini yüksək şəkildə qiymətləndirmişdir. O, Nizaminin könlünü xəzinə, dilini xəzinə açan, onun “Xəmsə”sini beş xəzinə adlandırır. Bu misralardan görünür ki, Nəvai Nizami şerinin fikir-ideya zənginliyini, bədii dil və üslub cəhətdən kamilliyini əsrlərcə yaşamağa qabil, köhnəlməyən sənət əsəri olduğunu çox yaxşı dərk etmişdir .
Dahi Nizaminin əsərlərinin ölməzliyi, yaşamaq qüvvəsi dünyaya yayılıb hər yerdə şöhrət qazanması bir çox ölkələrdə öz parlaq ifadəsini tapmışdır. Nəvainin misralarından anlayırıq ki, Nizaminin ədəbi irsi XV əsrdə şairlərə, alimlərə, ziyalılara çox dərin təsir göstərmiş, onların məhəbbətini rəğbətini qazanmışdır.
Nizami mövzularında yazmaq, şairin “Xəmsə”sinə cavab vermək çətin bir imtahan, yaradıcılıq sınağı kimi qiymətləndirilmişdir. Böyük Əlişir Nəvaidən sonra Nizami ədəbi məktəbinin davamçıları kimi şöhrət tapan türk şairləri, Şərqin tanınmış söz ustaları öz istedadlarını bu meydanda yoxlayaraq “Xəmsə” nəzirələri ərsəyə gətirmiş, Nizami mövzularında yüzlərlə orijinal sənət nümunələri yazılmışdır.
Türk ədəbiyyatının Həmdullah Həmdi, Taşlıcalı Yəhya, Nəvizadə Ətai, Feyzi Sübhizadə Feyzullah, Behişti, Çakəri, Əhməd Rizvan, Həyati, Cəlili, Fəzli, Lamii kimi nümayəndələri eyni zamanda “Xəmsə” müəllifləri də kimi tanınmaqdadırlar. Qeyd etmək lazımdır ki, türk ədəbiyyatında “Xəmsə”yazmaq ənənəsi bir qədər fərqli inkişaf etmiş və türk şairləri “Xəmsə”lərinə daxil olan əsərlərinin mövzusuyla Nizamidən seçilmişlər.
Həmdullah Həmdi (1449-1503): Orta əsr türk ədəbiyyatının tanınmış simalarından biridir. “Xəmsə”sinə daxil olan məsnəvilər bunlardır: 1. “Töhfətül-üşşaq”, 2. “Leyli və Məcnun”, 3. “Yusif və Züleyxa”, 4. “Mövlidi-Nəbi”, 5. “Qiyafətnamə”. H.Həmdinin məşhur əsəri “Leyli və Məcnun”dur. Şair Nizaminin poetik stilistik xüsusiyyətlərini əks etdirmişdir. Əsər 1500-cü ildə həzəc bəhri ilə yazılıb və Nizami sujetinə yaxındır. Bununla yanaşı əsərdə Ə.X.Dəhləvi və Ə.Caminin də təsiri görünür.
Lamei ( öl.1531): XVI əsr məşhur türk şairidir. Lirik şeirlərini fars və türk dillərində yazmışdır. Nizamiyə nəzirə olaraq yazdığı “Xəmsə”si bu məsnəvilərdən ibarətdir: 1.“Şəm və pərvanə”, 2. “Vamiq və Əzra”, 3. Salaman və Əbsal”, 4. “Vis və Ramin”, 5. “Fərhadnamə”. Məxəzlərdə Lameinin“Məqtəli-Hüseyn”, “Guy və çövqan”, “Həft Peykər”, “Şəhrəngizi-Bursa”adlı məsnəvilərinin olduğu da qeyd olunmuşdur.
Sübhizadə Feyzi (öl. 1739): XVI əsr türk şairidir. “Xəmsə” yaratmışdır və “Xəmsə”yə bu məsnəvilər daxildir:
1.“Mirati-surətnüma”, 2.“Səfanamə”, 3.“Eşqnamə”, 4.“Həft-səyyarə”, 5.Şairin “Xəmsə”sinin beşinci hissəsində isə lirik şeirləri yer alıb.
Həyati: XV əsr türk şairidir. A.S.Ləvənd “Xəmsə” sahibi olduğunu və şairin “Məxzənül-əsrar”, “Həft peykər”, “Bəhramgur”, “İsgəndərnamə” adlı dörd əsərinin şəxsi kitabxanasında olduğunu qeyd etmişdir. Bununla yanaşıa A.S. Ləvənd Həyatinin “Xəmsə”sinin 5-ci əsərinin “Leyli və Məcnun” olduğunu da təsdiqləmişdir .
Behişti Əhməd Sinan (1481-1511): XVI əsrin tanınmış şairlərindən olan Behişti də “Xəmsə” sahibidir. Şairin “Xəmsə”sinə aşağıdakı məsnəvilər daxildir:
1. “Yusif və Züleyxa”, 2. “Vamiq və Əzra”, 3. “Hüsn və Nigar”, 4. “Süheyl və Növbahar”, 5. “Leyli və Məcnun”.
Nevizadə Ətai (1583-1635): XVI əsrin sonu XVII əsrin əvvəllərində yaşamış türk klassik ədəbiyyatının ən məşhur şairlərindən biridir. Ətai yaradıcılığında Baqi təsiri hiss olunmuşdur.
“Xəmsə” müəllifidir. Qədim türk mənbələrində şairin “Xəmsə”sinin dörd əsərinin adı çəkilmişdir, bunlar “Aləmnüma”, “Nehfatül-əzhar”, “Söhbətül-əbkar”,“Həftxan”məsnəviləridir. “Aləmnüma” əsərini janr xüsusiyyətlərinə görə “Saqinamə” də adlandırıblar. Bu da bir çox alimlərdə fikir müxtəlifliliyinin yaranmasına səbəb olmuşdur. Türk ədəbiyyatı tarixçisi A.S.Ləvənd tərəfindən tərtib olunan Şeyxinin “Vəkayətül-füzalat”adlı biblioqrafik əsərində Ətai “Xəmsə”sinin sonuncu poemasının “Hilyətül-əfkar” olduğunu təsdiq etmişdir.
Əhməd Rizvan (öl. 1528): XV əsrin II yarısı və XVI əsrin başlanğıcında yaşayıb yaratmışdır. Şairin ilk yaradıcılığı fəlsəfi mövzulara həsr olunmuşdur. Səhi bəy təzkirəsində “Xəmsə” müəllifi olan şairin “Xəmsə”sindən üç poemasının məlum olduğunu bildirmişdir: “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”.
Çakəri Sinan Çələbi (1481-1512): XVI əsrdə yaşamışdır. Lətifi şairin “Xəmsə”sindən yalnız “Leyli və Məcnun”un olduğunu qeyd etmişdir. Digər türk təzkirəçisi Səhi bəy şairin “Şahnamə” əsərinin adını çəkmişdir.
Taşlıcalı Yəhya bəy (1492-1582): XVI əsr türk ədəbiyyatının məşhur “Xəmsə” müəllifidir. “Xəmsə”də yer alan məsnəvilər bunlardır: “Gəncineyi-raz”, “Şahü Gəda”, “Yusif və Züleyxa”, “Kitabi-üsul”, “Gülşəni-ənvar”. Şairin “Xəmsə”sinə daxil etdiyi məsnəvilərinin qaynaqlandığı mənbələrə ardıcıl diqqət yetirməklə “Gəncineyi-raz”ının Nizaminin “Məxzənül-əsrar”ı, Əbdürrəhman Caminin “Töhfətül-əhrar”ı, Əlişir Nəvainin “Heyrətül-əbrar”ı, “Yusif və Züleyxa”sının Nizaminin “Xosrov və Şirin”i, Caminin “Yusif və Züleyxa”sı; “Gülşəni-ənvar”ının Nizami, Xosrov Dəhləvi, Cami, Nəvai “Xəmsə”ləri, “Şahü Gəda”sının Nizaminin “Həft peykər”i, “Kitabi-üsul”unun Nizaminin “İsgəndərnamə”sinin təsirilə qələmə alınmışdır.
Cəlili (1487-1569): XVI əsrdə yaşamışdır. Mövlanə Cəlili Həmidizadə Bursa yetirməsidir. Onun “Leyli və Məcnun”, “Xosrov və Şirin” əsərləri mövcuddur. “Güli-Gülzar”, “Hicrnamə”, “Məhəknamə” adlı üç məsnəvisindən son ikisi Paris milli kitabxanasındadır. Səhi bəy təzkirəsində “Xəmsəyi-Nizami”ni tamamilə türkcəyə tərcümə etdiyini bildirir. Şairin əsərləri külliyat halında Paris milli kitabxanasında saxlanılır. Külliyyatda yüz qəzəldən ibarət “Güli-Gülzar” adında “Divan”ı, əvvəlində “Məhəknamə” adlı mənzum hekayəsi verilən ikinci “Divan”ı, “Hicrnamə”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” poemaları yer almışdır. Cəlili “Leyli və Məcnun” əsərində “Xosrov və Şirin”in daha öncə yazıldığını qeyd etmişdir. Nizami “Xəmsə”sinin sujeti Cəlilinin ilk iki poemasında özünü göstərir. Digər 3 poema isə Nizami ənənəsindən kənara çıxmışdır. “Leyli və Məcnun” əsərində Nizaminin eyniadlı əsərinin təsiri hiss olunmaqdadır.
Muidi Kalkandələnli (öl. 1585): Qanuni dövründə yaşayıb-yaratmışdır. Həsən Çələbi onun “Xəmsə” sahibi olduğunu bildirmişdir. Lətifi təzkirəsində şairin “Pənc gənc”ə cavab yazdığını qeyd etmişdir .Təzkirəçi eyni zamanda onun “Gülü Novruz” məsnəvisinin olduğunu da qeyd edir. Bununla yanaşı Lətifi şair Muidinin Nizaminin “Həft Peykər” mövzusunda həzəc bəhrində qələmə alınmış “Şəm və Pərvanə”sinin məlum olduğunu bildirmişdir. Aşiq Çələbi də yalnız “Vamiq və Əzra” əsərinin var olduğunu qeyd etmişdir.
Nizami təsiri türk bədii ədəbiyyatında elə yarandığı gündən etibarən müxtəlif istiqamətlərdə özünü göstərməyə başlamış, şairin poemaları mövzularında şifahi ədəbiyyatda rəngarəng xalq dastanları yaranmış, Nizaminin bədii obrazları türk şifahi ədəbiyyatının sevimli qəhrəmanları sırasına keçmişdir. Müxtəlif əsrlərdə yetişən türk sənətkarları şairin yüksək bədii ideyalarını öz əsərlərində geniş təqdir etmiş, Nizami ideyaları geniş məhəbbətlə öyrənilərək davam etdirilmişdir. Dahi Nizaminin “Xəmsə”sinə daxil olan hər bir məsnəviyə yazılan nəzirə sayı yetərincədir. Bu nəzirə nümunələrində Nizami ənənəsinə sadiqliq prinsipi ən ümdə duran xüsusiyyətlərdən biridir.
Nizami Gəncəvi epik yaradıcılığa “Sirlər xəzinəsi” əsəri ilə başlamışdır. Şairin ilk poeması olan “Sirlər xəzinəsi” türk epik şerində didaktik ədəbiyyatın ən gözəl örnəklərindən biridir. Şərq xalqları ədəbiyyatlarında Nizami poeziyasının, xüsusilə “Sirlər xəzinəsi”məsnəvisinin təsiri, şairin ədəbiyyata gətirdiyi yeni mövzuların hər bir xalqın özünəməxsus xüsusiyyətlərilə zənginləşdirilərək işlənməsi XIII-XIV əsrlərdən başlayaraq davam etmişdir. Öz yaradıcılıqlarında Nizami ənənələrini davam və inkişaf etdirən sənətkarların mühüm bir qismi təmsil etdikləri milli ədəbiyyatın tarixində görkəmli yer tutmuş və böyük nüfuz sahibi olmuşlar . Dahi Nizaminin dünya və onun yaranması, həyat və onun mahiyyəti, insan və onun müqəddəs missiyası, dövlət-hökmdar, xalq, ədalət, elm, təhsil , sənətə yiyələnməyin insanı ucaldan başlıca dəyərləri “Sirlər xəzinəsi” məsnəvisində tapmaq olar. Əsərin orijinal adı “Məxzənül-əsrar”dır. “Sirlər xəzinəsi” dahi şairin yaradıcılığında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı bütün Şərq ədəbiyyatında həm forma, ölçü-vəzn, kompozisiya, həm də mövzu, ideya baxımından tamamilə yeni bir istiqamətin özülünü qoydu. Bu əsərdə şairin qoyduğu ictimai-siyasi problemlər, bunlarla bağlı əsərə daxil olan rəvayət və hekayələr türk şifahi ədəbiyyatında geniş yayıldığı kimi, türk yazılı ədəbiyyatında da öz əksini tapmışdır.
Özbək ədəbiyyatında Nizaminin bu əsərinə ilk cavab yazan sənətkar XIV əsrin sonu, XV əsrin əvvəlində yaşamış Heydər Xarəzmidir. Şairin “Sirlər xəzinəsi”nin təsirilə yazılan “Məxzənül-əsrar”ı 615 beytdən ibarətdir.
Nizami ədəbi məktəbinin layiqli davamçılarından biri olan böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin ilk məsnəvisi və şairin yaradıcılığında önəmli yer tutan “Heyrətül-əbrar”ı Nizaminin “Sirlər xəzinəsi”nə nəzirə yazılmışdır. Ənənəvi giriş fəsillərindən sonra Nizami Gən-cəvi və Caminin mədhiyyəsinə xüsusi bölüm ayrılmışdır. Əsərin əsasını 20 məqalət təşkil edir ki, məhz burada şairin ictimai-siyasi və sufi görüşləri haqqında fikirləri əks olunmuşdur. Şair əsərində ədalətsizliyi, dövrünün eybəcərliklərini tənqid etmiş, elmə, sənət sahiblərinə yüksək dəyər vermiş, humanizm ideyalarını təbliğ etmişdir.
Hələ XIV əsrdə tanınmış türk şairi Gülşəhri özünün “Məntiqüt-teyr” əsərində İran şairi Sədi Şirazinin dili ilə Nizaminin “Sirlər xəzinəsi”ni ölməz sənət əsəri kimi çox yüksək qiymətləndirib, bu səpkidə yazan Şərq şairlərinin (Sənai, Rumi, Əttar) adlarını çəkmişdir. XV əsr türk ədəbiyyatının tanınmış şairlərindən biri, “Xəmsə” müəllifi Ətai Nevizadənin “Söhbətül-Əbkar”, əsəri Nizaminin “Sirlər xəzinəsi”nə nəzirə yazılmışdır. Mənbələrdə bu əsərin daha çox Caminin “Söhbətül-əbrar”ına yaxın olduğu bildirilmişdir. 40 məqalətdən ibarətdir. XV əsr türk şairi, Həyatinin “Məxzənül-əsrar”ı, XVI əsr türk ədəbiyyatında “Xəmsə” müəllifi kimi tanınan Taşlıcalı Yəhyanın “Gəncineyi-raz”, “Gülşəni-ənvar”ı da Nizaminin eyniadlı poemasına nəzirə olaraq yazılmışdır.
Türk ədəbiyyatında məhəbbət mövzusunun geniş yayılaraq ictimai-siyasi motivlərlə zənginləşməsində Nizami Gəncəvinin “Xosrov və Şirin” və “Leyli və Məcnun”əsərlərinin xüsusi rolu olmuşdur.
Şairin Şərq şeirinə gətirdiyi belə ölməz ideyalar “Xəmsə”nin ikinci poeması “Xosrov və Şirin” əsərində daha geniş və daha aydın şəkildə ifadə olunmuşdur. Nizami 1180-ci ildə tamamladığı bu poemasında insan eşqinin qüdrət və əzəmətini göstərmiş, məhəbbətin dərin ictimai mənasını şərh etmişdir. “Xosrov və Şirin” öz dərin məzmunu və yüksək şeiriyyəti, dilinin bədiiliyi ilə Yaxın Şərq ədəbiyyatında yaranan Nizami adı ilə bağlı yeni ədəbi məktəbin –Nizami ədəbi məktəbinin ilk müvəffəqiyyətli nümunəsidir. Hələ XIII əsrdə məşhur hind şairi Əmir Xosrov Dəhləvi 1298-ci ildə Nizaminin bu əsərinin mövzusunda “Xosrov və Şirin” adlı poemasını yazmışdır. Yaxın Şərq ədəbiyyatında Nizami ənənələrinin ilk davamçısı kimi tanıdığımız bu qüdrətli sənətkar öz poemasında Nizami əsərindəki sosial-ictimai kəskinliyi yumşaltmağa çalışsa da əsasən Nizami ideyaları ilə bağlı olmuş və şairin Şərq şerinə gətirdiyi ölməz ənənələri izləmişlər. XIV əsr Azərbaycan şairi Arif Ərdəbilli ilk dəfə Nizami tərəfindən epik şeirdə canlandırılan Fərhadı əsas qəhrəman götürərək özünün “Fərhadnamə” poemasını yazır. Arif Ərdəbilli əsasını Azərbaycan ərazisində mövcud tarixi nişanələrə istinad etsə də Nizami əsərindən çox faydalanmış dahi şairin əmək,zəhmət, sənət haqqındakı fikirlərini əks etdirən bir poema yaratmışdır.
Nizami dühasından bəhrələnib şairin “Xəmsə”sinə özbək dilində layiqli cavab yazan Əlişir Nəvainin “Fərhad və Şirin” əsəri də bu mövzuda yazılmış qiymətli sənət nümunəsidir. “Xorov və Şirin” mövzusunda türk ədəbiyyatında Əhməd Rizvan, Ahi, Cəlili, Behişti, Həyati, Lamii və başqa “Xəmsə” müəllifləri maraqlı poemalar yaratmışlar.Türk dilində yazılmış “Xosrov və Şirin”lərdə Nizami təsiri ideya baxımından olduğu kimi, poetik cəhətdən də aydın duyulmaqdadır. Bununla yanaşı türk şairləri əsas sujeti Nizamidən alsalar da özlərinə məxsus sənətkarlıq qüdrəti göstərmiş, yeni orijinal bir ruhda əhvalatları yaşadıqları zamanın tələbinə uyar şəkildə təqdim etmişlər.
Nizami Gəncəvinin bu əsəri türk şeirinə qüvvətli təsir göstərmiş, orta əsrlərdən başlayaraq dəfələrlə türk dilinə tərcümə olunmuşur. Nizami yaradıcılığı türk bədii ədəbiyyatında ilk növbədə tərcümə vasitəsilə yayılaraq şöhrətlənmişdir. Dahi şairin əsərləri türk şairləri tərəfindən tam şəkildə tərcümə olunaraq geniş yayılmışdır. Hələ XIV əsrdən başlayaraq şairin poemaları türk dilinə tərcümə edilmiş, türk şairləri Nizami poemalarındakı müəyyən fəsil və rəvayətləri eynilə öz dillərinə çevirərək əsərlərinə daxil etmişlər. Nizami ədəbi məktəbinin yetirməsi olan şairlər arasında Nizami poemalarının forma və mündəricəsini təkrar edən məzmun və ideya cəhətdən onun yaradıcılığından geniş bəhrələnən sənətkarlar çoxdur .
Nizami poemalarından tərcümə yolu ilə bəhrələnmək ənənəsi türk ədəbiyyatında o qədər qüvvətli olmuşdur ki, hətta “Xəmsə” mövzularına müraciət etməyən şairlər belə öz əsərlərində məzmunca Nizami yaradıcılığından faydalanmış, onun poemalarında sərbəst şəkildə tərcümələr etmişlər. Türk məsnəvi ədəbiyyatında hər hansı bir mövzunu tərcümə kimi işləyən şair öz tərcüməsində sərbəst olmuş, məzmuna müdaxilə etmək, lazımi əlavələr yazıb, dəyişikliklər yaratmaq tərcümə əsərlərdə məqbul hesab edilmişdir.Türk şairləri tərcüməyə məsuliyyətlə yanaşmış, böyük Nizaminin mövzularını işlədiklərini qürur hissilə bildirmişlər.
“Xosrov və Şirin” poemasının dövrümüzə çatmış ən qədim tərcümələrindən biri XIV əsr Qızıl Orda şairi Qütb Xarəzmin cığatay dilinə tərcüməsidir.
XIV əsrin görkəmli məsnəvi müəlliflərindən Əhmədi özünün “Cəmşid və Xurşid” əsərində Nizaminin “Xosrov və Şirin”indən geniş bəhrələnmiş, o cümlədən məhəbbət haqqında yazılmış parçanı türkcəyə çevirmişdir. Bu növ tərcümələrə Əhməd Rizvan, Cəlili kimi türk şairlərinin “Xosrov və Şirin”lərində də təsadüf etmək olur.
“Xosrov və Şirin” 1367-ci ildə Fəxrəddin Yəqub Məhəmməd Fəxri tərəfindən də çevrilmişdir.
XV əsr türk şairi Yusif Sinan Şeyxinin tərcüməsi Nizami poemalarının ən yaxşı tərcümələrindən biri kimi məşhurdur. Şeyxinin tərcüməsi öz poetik dəyəri ilə xüsusilə seçilmişdir.
“Leyli və Məcnun” poeması da türk ədəbiyyatının sevimli mövzularındandır. Öz başlanğıcını ərəb məxəzlərindən alan bu eşq dastanının ayrı-ayrı sujetləri rəvayət şəklində hələ Nizamiyə qədər də Yaxın və Orta Şərqdə, o cümlədən Türküstan və Azərbaycanda geniş yayılmışdır. “Leyli və Məcnun” məhəbbətin qüdsiyyəti, insan eşqinin əzəməti haqqında yazılmış poemadır. Böyük söz ustadı Əlişir Nəvai başda olmaqla türk ədəbiyyatında çox şair bu mövzuda əsərlər yazmışdır. Gülşəhri, Aşıq Paşa, Həmdullah Həmdi, Şahidi, Həqiri, Behişti Sinan, Məhəmməd Füzuli kimi görkəmli türk şairləri bu mövzuya müraciət etmiş, gözəlliyə pərəstiş, məhəbbətə inam, şəxsiyyət azadlığı, sevgi aləmində bərabərlik kimi gözəl sifətləri daha geniş şəkildə təbliğ edərək öz sələflərini izləmişlər.
“Xəmsə”mövzularından “Yeddi gözəl” və “İsgəndərnamə” də türk ədəbiyyatında əhatəli işlənmişdir. “Yeddi gözəl” xalq fəlsəfəsinə və dövrünün elmi fəlsəfi görüşlərinə yaxından bələd olan şairin dünya mədəniyyəti, ensiklopedik məlumatı sayəsində yaratdığı ölməz sənət abidəsidir. “Xəmsə”yə daxil olan başqa poemalar kimi “Yeddi gözəl” də dünya ədəbiyyatının nadir
nümunələrindən biri kimi şöhrətlənmişdir. Əlişir Nəvainin “Səbeyi-səyyar”, Nəvizadə Ətainin “Həft xan”, Füzulinin “Həft cam”, Lamiinin “Həft peykər” əsərləri Nizami poemasının təsirilə qələmə alınmışdır.
Nizami “Xəmsə”sinin sonuncu əsəri olan “İsgəndərnamə” türk ədəbiyyatında çox işlənən sevimli mövzulardan biridir. Əhməd Rizvan, Həyati kimi şairlər bu mövzuda maraqlı əsərlər yaratmışlar. Görkəmli nizamişünas alimimiz Nüşabə Araslı “Nizami və türk ədəbiyyatı” adlı monoqrafiyasında türk ədəbiyyatında Nizaminin “İsgəndərnamə”sinə nəzirə yazılan əsərlər sırasında XIV əsr türk şairi Əhmədinin əsərinin məşhur olduğunu qeyd etmişdir. “Əhmədi Nizami poemasında gördüyümüz bəzi səhnələri ixtisar etsə də, bir çox əhvalatları öz sələfindən almış, az istisna ilə Nizami poemasındakı bütün motivlərdən bəhrələnmiş, həm də yeni əlavələr etmiş, yeni əhvalat və rəvayətlərlə məzmunu zənginləşdirmişdir. ”
Bütün bunlar bir daha təsdiq edir ki, Nizami sənətini ədəbi məktəb sayan türk şairləri bu sənət məktəbindən çox şey öyrənmiş, şairlik sənətinin sirlərini mənimsəmişlər. Türk şairləri Nizami ənənələrinə sadiq qalmaqla bərabər, təqlid yolu ilə getməmiş, bu ənənələrə zəmanənin tələbi baxımından yanaşmış, özlərinə məxsus şəkildə fərqlənmişlər. Ancaq bununla belə türk sənətkarları hər zaman öz sələflərini ehtiramla xatırlamış, Nizami mövzularını qələmə aldıqlarından qürurla söz açmışlar.
Tünzalə Seyfullayeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
09:05 02.05.2025
Oxunuş sayı: 9050