Təhrif edilmiş müqəddəs kitab - İncil

Bildiyimiz kimi, Xristianlığın müqəddəs kitabı İncildir. Yunanca «evangelion» sözündən gələn İncil, tərcümədə «müjdə, yaxşı xəbər» mənasını verir. İncil sözünün bu mənasına istinad edən ilk dönəm xristianları, İsa peyğəmbərin gəlişini, insanları ədalətsizlik və günahdan qurtararaq doğru yola dəvət etmək mənasında izah etmişlər. Bu gün xristianların əllərində olan Yeni Müjdə 4 İncil ilə 23 kiçik kitabın birləşməsindən meydana gəlib. Cəmi 27 kitabdır. Bu kitabların demək olar ki, hamısı II əsrdən sonra yayılıb və yunan dilində olub. Xristianlar bu kitabların həvarilərdən gəldiyini və doğru olduğunu qəbul edirlər. Bununla belə, İncillərin İsa peyğəmbərin əsəri olmadığını, ehtiyac duyulduqca sonradan yayıldığını, peyğəmbərin düşüncələrini tam olaraq əhatə etmədiyini iddia edənlər də var.
İncil(lər)...
Xristian dini ədəbiyyatında kilsənin səhih qəbul etdiyi İncil mətinlərinə «kanonik», səhih qəbul edilməyən İncil mətnlərinə isə «apokrif» deyilir. Apokrif mətnlər üzərində gərək ilahiyyatçıların, gərək də məzhəplər tarixi araşdırmaçılarının mübahisələri bu gün də davam etməkdədir. İncillər arasında bir sıra fərqli mülahizələr və fikirlərin yer alması ilə yanaşı, ilk üç İncildə (Matta,Mark, Luka) bəzi bənzərliklər də təsbit etmək mümkündür. Aralarındakı şəkil və mövzu oxşarlığı səbəbi ilə bunlara «Sinoptik» incillər deyilir. Məsələn, möcüzələr və həzrəti İsanın həyatına dair hadisələrin təsvirində Sinoptik İncillər olduqca açıq şəkildə biri-birilərinə bənzəyirlər. Hər üçü ortaq şifahi qaynağa istinad edir. Bu incillər ədəbi yöndən də biri-birilərinə bağlıdır. Yəhya İncili isə təqdim etdiyi hadisələrin təfsirinə daha çox diqqət yetirdiyi üçün «simvolik» bir məna daşıyır. Xristian ilahiyyatçılarından bəzilərinə görə, İsaya ilk inanan həvarilərdən dördü, sonradan peyğəmbərin sözlərini toplayaraq ayrı-ayrılıqda İncil meydana gətirmişlər. İlk dörd İncildən ən qədiminin Markın müjdələri olduğu qəti olaraq müəyyənləşdirilib. Peyğəmbər arami dilindən istifadə etdiyindən İncildə bu dildə bir sıra cümlələrə rast gəlmək mümkündür. Lakin sonrakı dövrlərdə İncil ibrani və sadə yunan dilində yazılıb, orta əsrlərdə isə latın dilində oxunub. Digər tərəfdən xristianlar İsa peyğəmbərin qanun və dərslərini bir yerə toplayan kitabların hamısına İncil adı verməkdədirlər. Xristianların qəbul etdikləri bu sinifləndirməyə görə 27 kitabdan ibarət olan Əhdi-Cədid iki hissədən ibarətdir:
1. Tarixi İncillər (1-4 kitab)
2. Təlimi İncillər (5-27 kitab)
1546-cı ildə keçirilmiş Merano Ruhani Məclisi, İncilin Tanrıdan gələn vəhy olmasından şübhə edilməsini qadağan edib. Qurani Kərim həzrəti İsaya vəhy edilən İncildən bəhs edir. Lakin bu İncil bir kitabdır. Bu günki İncillər də həzrəti İsaya vəhy edilən İncildən bir çox yerlərdə bəhs edirlər. Maraqlıdır ki, əldə olan İncillərdən heç biri, xristianlar tərəfindən belə İsa peyğəmbərin İncili kimi qəbul edilmir və hər bir İncil onu toplayanın adı ilə bağlıdır: Mattanın İncili, Yəhyanın İncili, Markın İncili, Lukanın İncili. Biri-birindən kifayət qədər fərqlənən bu dörd İncil kilsə tərəfindən qanuni sayılıb. Ərəbcə «Enacil-i erbaa» adlandırılan bu incillərin əsl nüsxələri əldə deyil və onlar həzrəti İsadan çox sonra qələmə alınıb. Markın İncili miladdan sonra 70-ci ildə Romada, Matta İncili miladdan sonra 80-ci ildə Antakyada, Lukasın İncili miladdan sonra 90-cı ildə Fələstində, Yəhyanın İncili isə miladdanq sonra 100-cü ildə Efesdə tamamlanıb. 303-cü ildə Roma İmperatoru Diyakletion xristianlarda müqəddəs sayılan bütün mətnləri bir yerə toplayaraq yandırıb. Bu dörd İncil isə, hələ o zamanlar xristianlığı qəbul etməmiş imperator Konstantin tərəfindən 325-ci ildə çağırılmış İznik məclisində, 360-dan çox İncil nüsxələri arasından 2048 nəfərlik heyətin sadəcə 318-nin qərarı və imperatorun şəxsi rəyi və fikri əsasında seçilib.Maraqlıdır ki, özəlliklə tövhidlə bağlı incillər saxta qəbul edilərək yandırılıb və məhv edilib. Bu səbəbdən də, bu gün əldə olan 5000 qədim nüsxənin hamısının tarixi 300-cü illərə (IV əsr) aiddir. Daha qədimi yoxdur!
Dünyada İncillərin içində olduğu ən vacib Kitabi-Müqəddəs (Bibliya)nüsxələri aşağıdakılardır:
1. Vatikanı nüsxəsi (Codex Vaticanus): Miladdan sonra IV əsrə aiddir.
İskəndəriyyədə qələmə alındığı ehtimal edilir. Bu nüsxədə dörd İncillə yanaşı Əhdi-cədidin digər bəzi kitabları da yer alıb. Hazırda Vatikanda saxlanıldığı üçün Vatikan nüsxəsi adını alıb.
2. Sina nüsxəsi (Codex Sinaticus): Miladdan sonra IV və ya V əsrə aiddir.Sina dağında yerləşən bir monastrda tapılıb. Bu nüsxə həm dörd İncili, həm də Əhdi-cədiddə yer alan digər kitabları özündə ehtiva edir. Londonda Britaniya muzeyində saxlanılan bu nüsxə Sina dağında tapıldığından ona Sina nüsxəsi deyilir.
3. Efraem nüsxəsi (Codex Ephraemi): Bu nüsxə V əsrə aid edilir. Əhdi-cədiddə əksini tapmış bütün kitabları özündə ehtiva edir. Parisdə Milli Kitabxanada saxlanılır.
4. Freer nüsxəsi (Codex Freer): IV əsrə aid bu nüsxədə yalnız dörd İncil öz əksini tapıb. Vaşinqtonda saxlanılır.
5. Florentinus 0171 nüsxəsi: Bu nüsxə IV əsrə aiddir. İçində yalnız Luka İncili öz əksini tapıb. İtaliyada Frenzedə saxlanılır.
6. Berolinensis 0188 nüsxəsi: IV əsrə aiddir. Yalnız Markın İncili öz əksini tapıb. Berlində saxlanılır.
7. İskəndəriyyə nüsxəsi (Codex Alexandrinus): V və ya VI əsrə aiddir. Dörd İncil və Əhdi-cədiddə yer alan digər kitablar öz əksini tapıb. Londondakı Britaniya Muzeyində saxlanılır.
8. Beaze nüsxəsi (Codex Beaze): V və ya VI əsrə aid olan bu nüsxədə Əhdi- cədiddə əksini tapmış bütün kitablar yunanca və latın tərcümələri ilə birgə öz əksini tapıb. Kembric Universitetinin kitabxanasında saxlanılan bu nüsxəyə «Böyük Nüsxə»də deyilir.
9. Korideti Nüsxəsi (Codex Koridethi): IV və ya V əsrə aid bü nüsxə Tbilisidə Korideti monastrında tapılıb. Bu səbəbdən ona Korideti nüsxəsi deyilir.
Göründüyü kimi, bu nüsxələrin öz aralarında da müəyyən fərqlər özünü göstərməkdədir. Onlardan bəziləri heç də dörd İncilin hamısını öz içində ehtiva etmirlər. Lakin XIX-XX əsrdə başqa müəlliflərə aid digər İncillər də tapıldı. 1886-cı ildə Nil vadisində «Pyotrun İncili» tapıldı. Əsər 8-9 əsrə aid edilir. Lakin mətnin əslinin miladdan sonra 45-ci ildə yazıldığı və ən birinci yazılan İncil versiyalarından biri olduğu irəli sürülür. «Məryəm İncili» 1896-cı ildə papirusda yazılmış bir mətn olaraq tapıldı. Lakin müəllifin hansı Məryəm olduğu mübahisə predmetidir. Böyük ehtimal ki, bu İncil peyğəmbərin zövcəsi Mandalenli Mariya tərəfindən qələmə alınıb. 1945-ci ildə Misirdə Naq Hamadi yaxınlarında daha bir İncil, özü də sırf təsadüf nəticəsində tapıldı – «Tomas İncili».Mətn parçalarının miladdan sonra 200 ilə 340 illəri arasında yazıldığı ehtimal edilir. «İudanın İncili» miladdan sonra 280-ci ilə aid edilməkdədir. Əldə olunan mətn daha qədim yunan nüsxəsindən tərcümədir. Bir də indiyədək ən böyük müzakirələrə və mübahisələrə səbəb olmuş «Barnaba İncili» var ki, italyan və ispan dilində (18-ci əsr) əlyazmaları mövcuddur. İlk yazılmış və gerçək Tövhidi əsaslandıran bir nüsxə olmasına rəğmən, katolik kilsəsi, həmin nüsxənin müsəlmanlar tərəfindən yazdırıldığını iddia edir. «Ölü dəniz ayətləri» deyilən daha bir qədim nüsxə 1960-cı illərdə tapılıb.
Bu İncillərin hamısı Əhdi-cədiddə yer alan 4 İncildən fərqlidir!
Əslində bu dörd İncilin özünün də müxtəlif versiyaları (versions) var:
1. Qədim Latın versiyası: miladdan sonra II əsrin sonlarında, Afrikada meydana gəlib. Afrika və Avropa versiyaları adlanan iki ayrı nüsxədir.
2. Diatessaron versiyası: Tatian tərəfindən miladdan sonra 160-cı ildə hazırlanmış «Dörd İncil» hissəsinin ayrı bir formasıdır. Son zamanlarda Suriyada tapılmış bir səhifəsi, mətnin əslinin yunan dilində olduğunu və sonradan suryani dilinə çevrildiyini ortaya qoyub.
3. Qədim suryani versiyası: Miladdan sonra təqribən 200-cü ildə yazılıb. Dəyişik formada olan iki versiyası var: «Sinaitic» və «Curetonian».
4. Misir versiyası: Bu versiyanın özünün beş ayrı-ayrı forması var: Cənubi Misirdə «Sahitic Thebaic», Şimali Misirdə «Bohairic Memphitic», ayrıca «Fayumic Akhmimic» və «Orta Misir» versiyaları. Miladdan sonra II – IV əsrlərdə yazıldıqları ehtimal edilir. «Fayumic Akhmimic» versiyasının iki əlyazması mövcuddur, digərləri isə tapılmayıb.
5. Qafqaz versiyası: miladdan sonra IV –V əsrlərə aid iki fərqli versiyanı özündə birləşdirir: erməni və gürcü versiyaları.
6. Latınca «Vulgate» versiyası: Yeremiyanın miladdan sonra 380-ci ildə hazırladığı qədim latın versiyasının bərpa edilmiş (!) forması. 1546-cı ildə Trent Məşvərətindən sonra Katolik Roma Kilsəsi tərəfindən rəsmi İncil olaraq qəbul edilib.
7. Kral Ceyms versiyası: 1611-ci ildə Kral Ceymsin ingilis dilində hazırladığı «Kral James King» versiyası.
8. Az yayılması səbəbi ilə adlarını bura əlavə etməyi məqsədəuyğun saymadığımız daha onlarla versiya .
Onlar arasında da bir çox fərqlər özünü göstərir...
Bir kitabın dörd müəllifi
İncilləri toplayan dörd müəllifin həyatı maraqlı və bir o qədər də düşündürücüdür. Onların həyatını daha yaxından araşdırarkən bir sıra suallar ortaya çıxır və bu suallardan ən önəmlisi tərtib olunan İncillərin nə dərəcədə İsa peyğəmbərə vəhy edilmiş İncillə eyniyət təşkil etməsi barəsindədir. Hələ bura həmin dörd incilin ilk nüsxələrinin də əldə olmaması faktını əlavə edərsək, əməllicə qarışıq bir mənzərə yaranır.
Fələstinli bir yəhudinin oğlu olan Mattanın (ikinci adı Levi) İncili digər üç İncillə müqayisədə daha qədim olsa da, xeyli sual doğurur. Gömrük işçisi vəzifəsində çalışarkən həzrəti İsa ilə tanış olaraq xristanlığı qəbul edib. Yəni, xristian qaynaqlarına görə həvari sayılır. Amma bir sıra xristian teoloqlar əldə olan Matta İncilinin yazarının həvari Matta olmadığını, bu İncilin əslində adı məlum olmayan fələstinli bir yəhudi tərəfindən yazıldığı fikrini və yəhüdi əsilli xristianlar üçün qələmə alındığını irəli sürür və bununla bağlı kifayət qədər dəlil gətirirlər. Doğurdan da, Matta İncilinə diqqətlə nəzər yetirdiyimiz zaman, yəhudi hüququna son dərəcə hörmətlə yanaşıldığının şahidi oluruq. Məsələn, E. Culmana görə, bu İncilin müəllifinin Matta olmadığı, kitab müəllifinin, həvari olmayan Markdan geniş istifadə etməsində özünü göstərir. Həvari olan kəsin, həvarilərdən olmayan birinə bu qədər genis istinad etməsi əslində bir o qədər məntiqli görünmür. Matta İncilinin ibranicə yazılmış əsl nüsxəsi itirilib (?), əldə olan nüsxə yunanca tərcümədir. Hətta bu tərcümənin də kim tərəfindən edildiyi məlum deyil.
Tərcümənin doğruluğunu anlaya bilmək üçün əsl nüsxə ilə qarşılaşdırılması lazım gəlir, lakin, nə ortada əsl nüsxə var, nə də tərcümə edənin adı. Əhdi-cədiddə ikinci yerdə olan İncilin yazarının əsl adı Yuhannadır. Lakin fələstinli bir yəhudinin övladı olan bu yazar, Mark ləqəbi ilə tanınıb. Həvari olmayan Mark, xristian qaynaqlarına görə, anası Məryəmin evdə təşkil etdiyi xristian toplantılarına qatılır və Həzrəti İsanın tələbələrindən çox təsirlənir. O, bir yandan Barnaba və Pavel ilə birgə xristianlığı təbliğ etmək məqsədi ilə səyahətlərə çıxır, digər tərəfdən həvari Pyotr ilə birgə Romaya gedərək, onun tərcüməçiliyini edir. Bəzi rəvayətlərə görə, Markın adı ilə tanınan bu İncil, məhz elə Pyotr tərəfindən yazılıb. Markın bu İncili, Pyotrun moizələrini dinləyən bir qism insanın xahişi ilə romalılar üçün yazdığı bildirilir. Papiasın yazdığına görə, Mark, peyğəmbərin həyatı haqqında Pyotrdan eşitdiklərindən yadda saxladıqlarını qələmə alıb və bu zaman öz fantaziya və görüşlərindən də geniş istifadə edib. «Murucül Əhbar» adlı xristian qaynağında isə həm Pyotrun, həm də Markın Həzrəti İsanın ilahiyyətini inkar etdikləri yazılır. Bir digər xristian qaynağı İbn Batrik isə, Markın İncilini Pyotrun yazdığını xəbər verir. Luka da, Mark kimi xristian qaynaqlarına görə həvari deyil və əsl peşəsi həkimlik olub. Pavelin köməkçisi olduğu və yunan və ya yəhudi əsilli olması barədə bir sıra mənbələr məlumat verirlər. Eyni zamanda «Yeni Müjdə»dəki «Həvarilərin işləri» kitabının da müəllfi olaraq tanınır. Luka İncilinin əsli böyük ehtimalla ibranicə və ya bəzilərinə görə latıncadır. Əldəki ən qədim nüsxə isə yunanca tərcümədir. Bəzi xristian teoloqlar əslinin də yunanca yazıldığını iddia edirlər. Yunan əsilli Lukanın İncilinə diqqətlə nəzər yetirdikdə görürük ki, sanki bir yunanlı tarixçi bir yunan qəhərəmanı haqqında yazır. Bu səbəbdən Lukanın bu İncili, yunanlar üçün yazdığı bildirilir. Luka İncilində tarixi və maddi xətalar olduqca çoxdur. Lakin bununla belə, bu İncili digərlərindən fərqləndirən başlıca xüsusiyyətlər də var. Məsələn o, Həzrəti İsanın şəcərəsini Həzrəti İbrahimə qədər deyil, Həzrəti Adəmə qədər götürür. Bu İncildə Samirilər alçaldılmır, əksinə onlar haqqında müsbət fikirlər yer alır, qadınlara isə digər üç İncillə müqayisədə daha hörmətli şəkildə yanaşılır. Peşəsi balıqçılıq olan fələstinli bir yəhudi olan Yəhya isə həvarilərdəndir. Lakin Mattada olduğu kimi, burada da, xristian teoloqlarının bəziləri, İncili qələmə alan Yəhyanın həvari Yəhyadan fərqli birisi olduğunu ortaya qoyurlar. Onlar bu zaman Yəhya İncilindəki bəzi ifadələrə istinad edirlər. Doğurdan da, Yəhya İncili yunan fəlsəfəsini çox dərindən bilən birisi tərəfindən yazılıb və bu səbəbdən də digər üç incildən son dərəcə fərqlənir. Burada İskəndəriyyə fəlsəfə məktəbindən alınmış və əsası yunan fəlsəfəsinə dayanan Loqos fikri açıq şəkildə ortaya qoyulub. Yəhya İncilinin əsas mahiyyəti teoloji fikirlərdir. Burada İsa bir peyğəmbər olaraq deyil, insan şəklinə girmiş bir ilahi olaraq təqdim edilir. Dörd İncilik müəllifləri haqqında yazdıqlarımızı belə nəticələyə bilərik:
1. Bu İncillər Həzrəti İsa tərəfindən yazılmayıb, yazdırılmayıb, yazılan İncillərin heç birini Həzrəti İsa görməyib.
2. Bu dörd İncilin yazarları din alimi olmaq baxamından eyni səviyyədə deyillər. Bir qisminin kimlikləri ümumiyyətlə qeyri-məchuldur,həmin kitablarla əlaqələri şübhəlidir.
3. Dörd İncilin yazarları yazdıqlarını müxtəlif çevrələrin xahişlərinin nəticəsində qələmə alıblar.
4. Dörd İncilin əsl orijinal nüsxələri itirilib. Bunu xristian qaynaqları da etiraf edir. Orijinalların itirilməsi səbəbi ilə, əldə olan surət və tərcümələrin nə dərəcədə mötəbər olması isə, bir çox xristian tədqiqatçıların özündə belə sual işarəsi doğurur.
5. Dörd İncildə ilahi dinlərə qaynaqlıq edən kitablar üçün gərəkli sayılan rəvayət silsiləsinin olmadığı, bu kitabların bu cür rəvayət silsiləsindən tamamilə yoxsul olduğu müşahidə edilməkdədir.
Əlimizdəki İncil gerçəkdir?
Xristianlığın müqəddəs kitabı olan İncillərin heç bir şəkildə dəyişmədiyini söyləyən və Tanrının bunu öz müqəddəs kitabında göstərdiyini iddia edən xristianlar Kitabi-Müqəddəsdəki bəzi ayətlərə istinad edirlər: «Çünki doğrusun sizə deyirəm: Göy və yer keçib getmədən, hər şey icra olmadan, şəriətdən ən kiçik bir hərv və ya bir nöqtə belə yox olmayacaqdır» (Matta 5:18); «Göy və yer keçəcək, fəqət mənim sözlərim keçməyəcəkdir» (Matta 24:35) və s.
Lakin bütün bunlara rəğmən, elə yuxarıda sadaladığımız müəyyən detallar, İncillərin səhihliyi ilə bağlı kifayət qədər şübhələrin yaranmasına əsas verir. Bir tərəfdən tərcümələr (arami-ibrani-yunan-latın), digər tərəfdən müəlliflərin çoxluğu və müxtəlifliyi, başqa yandan da hər müəllifə aid olan İncilin özünün müxtəlif versiyalarının mövcudluğu kifayət qədər qarmaşıq bir vəziyyət yaradır. Dörd İncildə biri-biri ilə uyuşmayan, tamamilə fərqli olan bir çox məsələlər də var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. İsanın soyu Luka İncilində başqa, Matta İncilində başqa şəkildə təqdim edilir.
2. Tanrını görmə məsələsi İncillərdə fərqli şəkildə təqdim edilir.
3. İsa peyğəmbərin anadan olduğu yer belə, İncillərdə dəyişikdir.
4. İncilin mənbəyinin Allah yaxud İsa peyğəmbər olması ilə bağlı qeyri-müəyyənlik var. İncillərdə həm «Allahın İncili», həm də «Oğlumun İncili» ifadəsi işlədilir.
5. Qurtarıcılıq missiyası eyni İncildə həm Allaha («Qurtarıcım Allah»), həm də İsaya («Qurtarıcı İsa») şamil edilir ki, bu ümumiyyətlə tövhidin əsası ilə ziddiyyət təşkil edir.
6. İsanın göstərdiyi möcüzələrdən biri olan «korların gözlərini açma» möcüzəsi İncillərdə dəyişik sayda ifadə edilir.
7. Həzrəti Yəhya İncillərdən birinə görə balıq yemiş, yenə eyni İncilə görə heç bir şey yeməmiş və içməmişdir.
Xristianlığın mövcud əsaslarının Pavel tərəfindən hazırlandığı bilinən həqiqətlərdəndir. Və əslində mövcud İncillərin mahiyyətində məhz Pavelin xristanlığa gətirdiyi «yeniliklər» son dərəcə önəmli rol oynayır.
Pavelin saldığı «qarışıqlıq»
Bir çox Xristian teoloqu Paveli Xristianlığın tək qurucusu olaraq qəbul edir. Çünki bu teoloqlara görə, həzrəti İsa və həvariləri iman və ibadət baxımından musəviliyə bağlı qalmışdılar. Pavel isə buna qarşı çıxaraq musəvilikdə olan ibadətlərdən imtina edib. Deməli, əslində məntiqə görə, həzrəti İsa və həvarilərin bildirdikləri dinə zidd bir din ortaya qoyub. Bu din həvari Pyotrun təbliğ etməyə çalışdığı Nəsraniliyin xaricində, Pavelin fikirlərindən formalaşmış bir din oldu. Pavelin həyatı diqqətlə nəzərdən keçirildiyi zaman, həmişə həvarilərə qarşı çıxması, onları pisləməsi və gözdən salmağa çalışması açıq aşkar görünür. Papalar Paveli müqəddəs olaraq qəbul edirlər. Pavelin yazdığı məktublar Əhdi-cədidin sonunda təqdim edilir və müqəddəs kitabın bir hissəsini təşkil edir. İncilin Lukanın qələmə aldığı «Həvarilərin işləri» hissəsi, əslində Pavelin hal tərcüməsidir. Pavelin yazdığı məktublar da, Əhdi-cədiddə dörd İncilə ayrılan yerdən az yer tutmur. Pavelin məktublarda göstərdiyi bir çox məsələlər Xristianlığın iman əsaslarını təşkil edir. Məsələn, Pavel yazır: «Günah, ruh və bədən üçün ölüm, Həzrəti Adəmin qadağan edilmiş meyvədən yeməsi ilə başladı. Həzrəti Adəmin nəslindən gələn bütün körpələr, bu günahla çirklənərək doğuldular. Tanrı tək oğlunu yerüzünə göndərdi və Həzrəti Adəmdən bəri gələn günahdan qurtardı». Bu Pavelin bütünlüklə xristianlığın mahiyyətini dəyişdirməsi demək idi: Həzrəti İsa müjdəçidən xilaskara çevrilirdi… Əslində bu cür yanaşma, Pavelin Nəsranilikdən və dolayısı ilə həvarilərdən aldığı intiqamdan başqa bir şey deyildi. Çünki Pavel farisey idi.
Haşiyə: Fariseylər II əsrin 70-ci illərinə qədər fəaliyyət göstərmiş qədim yəhudi dini-siyasi təriqəti idi. Təriqət sadukeylərlə mübarizədə, tərkibinə İudeyanın quldarlar cəmiyyətinin orta təbəqələri (yəhudi qanunöyrədənləri, tacirlər, mülkədarlar və dindarlar, orta və aşağı keşişlərin nümayəndələri) daxil olan partiya kimi təşkil edilmişdi. Fariseylər ruhun əbədiliyini və axirət əzablarını, qiyamət gününü və Məsihin gəlməsini təbliğ edir, ibadətgahların gəlirlərini mənimsəyən dini əyanların əleyhinə çıxır, qurban vermənin dualarla əvəz edilməsini tələb edir və deyirdilər ki, hər kəs keşiksiz ibadət etməyə qadirdir. Fariseylər xalq kütləsini «natəmizlər» hesab edib, onlara istehza ilə yanaşırdılar (bax: Z. Bünyadov. Dinlər. Təriqətlər. Məzhəblər. B., 1997, s.239).
Pavelin farisey olduğu heç də digər dinlərin teoloqlarının ortaya atdığı bir iddia və ya ittiham deyil, əksinə, bütün xristianların qəbul etdiyi bir həqiqətdir. Çünki, Pavelin farisey olduğu Əhdi-cədiddə, özü də bir neçə yerdə, həm də Pavelin öz dilindən bildirilir: «... Pavel Sinedriona nida etdi: Qardaşlar! Mən farisey oğlu fariseyəm...» (Həvarilərin işləri, 23:6); «Əgər şahidlik etmək istərlərsə, əzəldən bəri barəmdə bilirlər ki, dinimizin ən ciddi firqəsi olan farisey firqəsinin təlimi üzrə yaşadım» (Həvarilərin işləri, 26:5).
Məsələnin ən maraqlı tərəfi isə ondadır ki, fariseylərə Müqəddəs Kitabdakı münasibət, heç də xoş deyil «O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi, fariseylər bu sözləri eşitdikdə hirsləndilər». Fəqət İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitkinin kökü kəsiləcəkdir. Onları buraxın; onlar korların kor rəhbərləridir; və əgər kor kora rəhbərlik edərsə, hər iksi quyuya düşər» (Matta, 15:12-14); «Və İsa onlara dedi: Ehtiyatlı olun, farisey və sadukey mayasından qorunun!» (Matta, 16:6, 11-12); Matta İncilinin 23-cü fəslində isə bütünlüklə Həzrəti İsanın dilindən fariseylərin pislənməsi yer alıb (xüsusən 13-15 və 23-36). Yenə bu məsələ ilə bağlı Lukanın (11:39-44; 12:1-2) və Mattanın İncilinə (3:7-10; 5:20; 7:15-23) baxmaq olar. Bu son hissədə Həzrəti İsa yalançı peyğəmbərlər barədə danışır və «mənim adımla peyğəmbərlik edəni mən tanımayacağam» deyir. Xristianlar isə, əfsus ki, Paveli az qala peyğəmbərlik səviyyəsinə yüksəltməkdədirlər. Pavel, bütün xristianlara görə, Həzrəti İsanın adıyla, onun göndərdiyi və vəhylər verdiyi peyğəmbəri olaraq qəbul edilir. Həzrəti İsanı görməmiş bir şəxsin sözü ilə, dinlərinin inanc və ibadət əsaslarını müəyyənləşdirilər. Belə bir dinin də Allahın yer üzünə göndərdiyi ən son və kamil din olduğunu iddia edirlər. Tək elə «Həvarilərin işləri» qismindəki uyğunsuzluqları nəzərdən keçirsək, təhrifin nə dərəcədə böyük olduğunun şahidi ola bilərik:
1. «Onunla bərabər yola çıxanların nitqi tutuldu. Səs eşidir, amma heç kimi görə bilmirdilər» (Bab 9/7) - «Mənimlə bərabər olanlar nuru gördülər. Amma mənə söz söyləyənin səsini eşitmədilər» (Bab 22/9). Burada birinci sitatda onunla gedənlərin heç bir şey görmədikləri, ikincidə isə nuru gördükləri bildirilir. Və əksinə, birincidə səs eşitdikləri, ikincidə isə eşitmədikləri yazılır.
2. «Rəbb ona dedi ki: Qalx şəhərə gir, nə etməyin lazımdırsa, sənə söylənəcək» (Bab 9/6) – «Rəbb mənə: Qalx Şama get, orada nə etmək lazım gəldiyi, sənə söylənər» (Bab 22/10) – «Fəqət qalx, ayaqda dur. Çünki səni həm gördüyün şeylərin, həm də sənə göstərəcəyim şeylərin xidmətçisi və şahidi təyin etmək üçün sənə göründüm». Oxuduğumuz kimi, 9 və 22 fəsillərdə nə edəcəyi yalnız şəhərə girdikdən sonra söylənəcəyi bildirildiyi halda, 26 fəsilə görə, səsi eşitdiyi yerdə nə edəcəyi söylənilir.
Lakin bütün bunlara rəğmən, Pavel Əhdi-cədiddəki 15 kitabı qələmə almış, hətta Həzrəti İsanın əmr və qadağalarını belə rəsmən dəyişdirən, ona tərs hökmlər qoyan, hökmlərini qüvvədən düşmüş elan edən bir gücdədir. Bir misal çəkək:
«Sanmayın ki, Mən Qanunu (Allahın Musa Peyğəmbərə verdiyi Qanun) və peyğəmbərlərin yazılarını pozmağa gəldim; Mən pozmağa deyil, icra etməyə gəldim» (Matta, 5:17). Göründüyü kimi, Həzrəti İsa Kitabi Müqəddəsin birinci hissəsi olaraq, bütün xristianlar tərəfindən müqəddəs qəbul edilən Tövratda təsbit edilmiş Musa şəriətini qorumağa, icra etməyə gəldiyini dediyi halda, Pavelin ortaya qoyduğu doqmalar, Musa şəriətində, dolayısı ilə Həzrəti İsanın təbliğ etdiyi dində yoxdur. Bu səbəbdən, Pavelin öyrətdikləri, xristian doqmaları ilə yanaşı, yahudi şəriətinin də qüvvədə olduğunu müdafiə edən Pyotrçuluğa qarşı yeni bir xristianlıq anlıyaşıdır.
Pavelin xristianlığa gətirdikləri isə aşağıdakılardır:
1. Doğuşdan günah inancı: Bu inanca görə, insanlar doğuşdan günahkardırlar. Çünki babaları Adəm günah işlətmiş və onun günahı bütün insanlara irsən keçmişdir. Nə Əhdi-ətiqdə (Tövrat və Zəbur), nə də ki, dörd İncildə doğuşdan günah inancının olmadığı halda, Pavel tərəfindən bu batil anlayış, xristianlığın etiqadına çevrilib.
2. Həzrəti İsanın insan və peyğəmbər deyil, tanrı olduğu.
3. Tanrının İsa şəklində təcəssüdü, insan bədəninə girib, insan şəklində olması.
4. İnsanları günahlarından azad etmək üçün Tanrının öz oğlunu göndərməsi, insan şəklində bədən alan tanrı oğlunun bəşəriyyəti qurtarmaq üçün özünü çarmıxa çəkdirərək fəda etməsi. Hz. İsanın müjdəçi deyil, xilaskar olduğunu bəyan etməsi.
5. İsanın ölülər arasından dirilərək qalxması və insanları idarə etmək üçün göyə çəkilərək atasının (Ata Tanrının) sağında əyləşməsi.
6. Günahların ruhanilər qarşısında etiraf edilərək, bağışlanılması.
7. Kitibi Müqəddəsdə və şəriətdə israrla qadağan edilən donuz ətinin halal qəbul edilməsi.
8. Həzrəti Musa şəriətində vacib şəkildə əmr edilən və Həzrəti İsanın da davam etdirdiyi «sünnət olma»nın gərəksiz olduğu anlayışı.
9. Suyun, abdəst və qüslün lazımsızlığı, hətta bəzən pis olduğu.
10. Həftəlik ibadət gününün şənbə yerinə, günəş gününə (bazar günü) dəyişdirilməsi.
11. Dini mərasimlərdə və ayinlərdə Mitra kultundan təsirlənərək çoxlu şam və s. yandırılaraq, məbədin işıqlandırılması.
12. Keşişlərə evlənmək qadağasının qoyulması.
13. Pasxa (Həzrəti İsanın ölümü və yenidən dirilişi) ayini.
14. Mövcud xristianlığın ən başlıca kanonu: Müqəddəs üçlüyə inam (Ata, Oğul Müqəddəs ruh).
Halbuki bütün bu yuxarıda sadalananların hər biri İncildə nəinki öz təsdiqini tapmır və hətta onların əksinə olan göstərişlər var. Məsələn, götürək müqəddəs üçlüyə inamı. Sonradan xristianlığa əlavə edilmiş bu kult, əslində İncilin özü tərəfindən qəti inkar edilir: «Allah birdir, ondan başqası yoxdur!» (Mark, 12:32); «Yalnız Allaha inanılacaq, yalnız ona qulluq ediləcəkdir...» (Luka, 4:8; Matta 4:10); «İsaya deyil, Allaha dua ediləcək, Ondan istənəcəkdir» (Matta, 6:6-8); «Oğul (İsa) Allah deyildir, hər şeyi bilə bilməz» (Matta, 24:36; Mark, 14:32); «Tək Tanrı, bir Allah vardır!.. İsa ona «yaxşı» deyəni tənbeh etdi, «Niyə mənə yaxşı deyirsiniz? Tək bir Allahdan başqa yaxşısı yoxdur!» (Luka 18:19); «Mən özlüyümdən bir şey edə bilmərəm; eşitdiyim kimi hökm edirəm və Mənim hökmüm doğrudur, ona görə ki, Mən öz iradəmi deyil, Məni göndərənin iradəsini yerinə yetirirəm» (Yəhya, 5:30); «İsa onlara cavab verdi: Öyrətdiyim mənim deyil, məni göndərənindir» (Yəhya, 7:16). Bu cür uyğunsuzluqlar səbəbi ilə xristianlığın ilk dönəmlərində yaranmış bir sıra Ön Asiya və Yaxın Şərq kökənli xristian məktəbləri (ebonilər, nəsturilər, sabiilər, monikilər, zadokilər, aqnostiklər, nasirilər və s.) nəinki Paveli qəbul etmir, hətta Əhdi-cədidə əlavə edilmiş və müəllifi Pavel olan məktubları belə müqəddəs hesab etmir, onları kitaba salmır, hətta yalnız Matta İncilini qəbul edirdilər. Əslində daha artıq misal gətirmək mümkündür. Beləliklə, Həzrəti İsadan az sonra xristianlıq, peyğəmbərin gətirdiyi tövhid dinindən çıxaraq Pavelin «əməyi» nəticəsində müasir günümüzdəki şəklini alıb. Sadəcə düşünməyə dəyər bir sual ortaya çıxır: Əcəba sadaladıqlarımız belə, təhrif edilməsi mümkünsüz göstərilən və ilahi vəhydən qaynaqlandığı iddia edilən bir kitab üçün çox deyilmi?
12:34 16.10.2025
Oxunuş sayı: 3025
