Sistemə uduzan insanlar: Leylanın qardaşları - İranda qadağan, dünyada mükafat alan bir film haqqında
İranda qadağan edilən filmlər arasında yer alsa da, Saeed Roustayinin 75-ci “Cannes Film Festivalında” “FIPRESCI” mükafatı alan filmi, İrandakı durumu bir ailə üzərindən təsvir edir.
Film boyunca bütün obrazların haqsızlıqlar içində, iqtisadi çətinliklər, din, mentalitet ilə əhatə olunmuş bir toplumda həyatda qalma mübarizəsini izləyirik.
Ailənin tək qızı olan Leyla ailəsinə və yoxsulluğa qarşı ümidsiz bir
mübarizə içindədir. Daim çıxış yolu axtarır. Kişi hegemonyası olan bir toplumda
yaşamasına baxmayaraq, məsuliyyət onun üstündədir. Təxminən 40 yaşlarına
gəlmiş, ailəsinə kömək edə bilmək üçün olduqca çətin bir işdə işləyir. Evin
digər məsuliyyətləri də onun üstündədir: yemək, təmizlik, daxili münaqişələr və
ən əsası da işsizliyi alışqanlıq halına gətirmiş qardaşları üçün gələcək planı
qurmaq. Bütün bunların həllində isə az da olsa tək dəstəyi qardaşı Alirezadır.
Film boyunca qorxuları və atasının kölgəsində qalması ilə önə çıxan Alireza, Leylanın ailənin xilası olaraq gördüyü tək adamdır. Çalışdığı zavod “tezbazar” bağlanır və aylardır maaş ala bilməyən işçilər toplu etiraza başlayır. Alireza polisin şiddətli müdaxiləsindən sonra “qorxur” və işçilərin mübarizəsinə qoşulmaq yerinə, elə ilk avtobusla 8 ildən sonra evə qayıdır. Leyla digər qardaşları ilə birgə iş qurması üçün ona təzyiq edir. Lakin razı salmaqda çox çətinlik çəkir.

Manouchehr əslində olmayan avtomobilləri beh alıb satmağa çalışan bir
dələduzluq işinə qoşulub. Üstəlik, bunu qardaşlarına da yaxşı bir iş kimi təqdim edir və
onları da bu işəqoşmağa çalışır.
Pərviz ticarət mərkəzinin tualetində işləyir və gəlib-gedəndən pul
qoparmaqla məşğuldur.
Fərhad isə “idmançı bədəni” ilə ön plana çıxır. Film boyunca da ən geri planda qalan obrazdır.
Filmin əsas hekayəsi isə ömrü
boyu qohumları və nəsli tərəfindən təcrid edilən Esmailin(ailənin atası) hörmət
axtarışıdır. Nəslin rəisi(Gholam) vəfat edib və yerinə kimin keçəcəyi
müəyyənləşməlidir. Bütün ömrü boyu dibdə olan Esmail üçün bu fürsətdir, çünki
ən yaşlı odur.
Esmail film boyunca daim
avtoritarlıq axtarır. Pərvizin yeni oğlu doğulub və ona Gholam adını verərək,
rəislik yolunda xal qazanmaq istəyir. Leyla və digərləri isə nə Gholamı, nə də
ailəsini sevmir. Ona görə də uşağa başqa ad qoyurlar, amma yalandan Gholam adını
qoyduqlarını deyirlər.
Esmail isə həm özünü yaxşı
göstərmək, həm də uşaqları Gholamı və ailəsini sevsinlər deyə dayanmadan yalan
hekayələr uydurur: Gholam onu dənizə aparıb, oğlunun toyuna çağırıb və s.
Əslində isə heç biri olmayıb. Hətta Manouchehr
toy edən zaman məcbur gəliblər və hədiyyə etdikləri 5 qızılı da Esmail əvvəldən
verib. Yəni film boyunca hər kəs yalan danışır. Bəlkə də normalda belə
olmazlar, amma dayanmadan yalan danışmağa məcbur olduqları bir sistemin
içindədirlər.
Gholam sağlığında onları oğlunun
toya çağırmayıb və haradasa qarşılaşanda da normal salamlaşmırlar. Amma
Gholamın oğlu (Bayram) Esmail ilə görüşəndə “oğulların atamın yasına gəlmədi”-
deyir. Burada sistemin paradoksunu görürük: əvvəl qəddar davranırlar,
sonra da qəddarsan deyirlər.

Gholamın nəvəsinin toyudur və
Esmail rəislik üçün o toyun xərclərini qarşılamalıdır. Esmaili tək
maraqlandıran şey bir ömür onları alçaldan və indi də istismar etmək istəyən
insanların 70 yaşından sonra ona göstərəcəyi süni hörmətdir. Hətta bu uğurda
illərdir yığdığı 40 qızılı fəda etməyə də hazırdır.
Leyla gələcək qayğıları içində
yaşayır. Film boyunca ailəsi üçün bir çıxış yolu axtarır.
Leylanın çalışdığı ticarət mərkəzində yeni obyekt tikiləcək. Rəhbərlik balaca
bir obyekt ala bilsinlər deyə, Leylaya görə müəyyən güzəştlər edir. Onu çox
yoran iş, bu dəfə qarşısına bəlkə də tapılmaz bir fürsət çıxarıb. Həyatda
bəzən bütün çətinliklərin altında kiçik də olsa fürsətlər yatır.
Leyla film boyunca kollektiv həll, ortaq fikir axtarır. “Mən yox,
biz” məntiqi ilə yanaşır. Leyla qardaşlarını həmin obyekti almaq üçün
razı salır. Lakin pul tapmalıdırlar. Obyekt bəlkə də bütün ailə üçün xilas
yoludur. Buna baxmayaraq, atasının yaşadıqları səfalət və yoxsulluğu vecinə
almadan belə bir addım atmaq istəməsi Leylanı təngə gətirir.
Bütün bu ənənələri cəfəngiyyat olaraq görən Leyla, qardaşlarına və atasına qızılları ağsaqqallıq eqosu üçün yox, ailənin xilası üçün istifadə etməli olduqlarını təlqin edir. Lakin atası razılaşmır. İllərdir yığılıb qalmış məğlubiyyət və dəyərsizlik hissi onu içdən-içə yeyib bitirmişdir. Tək istədiyi süni də olsa o hörmətə sahib olmaqdır.

Leylanın duruma, atasına və hər şeylə asanlıqla razılaşan qardaşlarına
qarşı hiss etdiyi qəzəb, özlərini xilas edə bilsinlər deyə durmadan çabalaması
filmin duyğusal enerjisini yaradır.
Toy günü gəlib çatır. Toyun
açılışında Esmail təmtəraqlı şəkildə rəis elan edilir. Ünvanına təriflər
yağdırılır. Elə sonrasının necə olacağını da buradan təxmin edə bilərik,
çünki hədsiz təriflərin içində daim nifrət toxumları vardır - hər an
cücərə bilərlər.
Elə belə də olur: Leyla
daha əvvəldən qızılları qutusundan götürür. Toyda Esmailin qızılları olmadığı
anlaşılanda səhnədən endirilir və başqası rəis elan edilir.
Bu səhnədə isə insanların
səmimiyyətsizliyi və vecsizliyi aydın görünür. Əvvəlcə Gholamın
heç vaxt ortalığa çıxmayan vəsiyyəti əsas göstərilərək Esmail rəis elan edilir.
Hamı da alqışlayır. Sonra isə səhnədən endirilir və başqası rəis elan edilir.
Bu dəfə də eyni qaydada o alqışlanır və heç kim niyəsini sorğulamır.
Toydan sonra ailədə yaranan vəziyyətə görə, oğulları obyekti geri vermək və ordan gələn pulla da qızılları geri almaq istəyirlər. Qərarı verdikləri gecə Leyla- “Bu gecəni ömrünüzün sonuna qədər unutmayacaqsınız”- deyir.

Dediyi kimi də olur: çox vaxt keçmədən hamı peşman olur. Amma gec
yağan yağışın çiçəyə faydası olmadığı kimi, bu peşmanlığın da heç kəsə faydası
olmur.
Filmin əsas üstün tərəfi durmadan duyğu dəyişimi yaşanmasıdır. Heç bir
obraza tamamilə ağ və ya qara olaraq baxa bilmirik. Film davam etdikcə bütün
obrazlar çox qarışıq xarakteristikalar göstərir. Leyla əslində əxlaq kompası
sayılacaq obrazdır. Lakin izlədikcə Leylanın qardaşlarını manipülasiya etdiyini,
beyninə saldığı şeyi həyata keçirmək üçün dəridən-qabıqdan çıxdığını da düşünə
bilərik.
Çünki ilk başda bir mağaza açmaq əslində çox yaxşı fikir kimi görünə bilər,
amma hələ də yetişməmiş təsiri bağışlayan bu 4 qardaşın o işi də batıracağı
fikri film boyunca bizi təqib edir. Bəlkə Leyla da bunun fərqindədir, amma son
atımlıq barıtı atıb yoxlamaq istəyir. Bəlkə də sadəcə mümkünsüzü
sınayır…
Filmin girişdə ağrılarına görə masaj etdirən Leylanın gözündən axan yaş,
irəliləyən saatlarda bəlkə də izləyiciyə vicdansızlıq kimi gələcək sözlərinin
təməlidir. Leylanın timsalında əzilən insanların zamanla niyə qatılaşdığını,
buna nələrin səbəb olduğunu görürük. Çünki bir yerdən sonra artıq
hissizlik başlayır. Artıq heç nə qəlbin sarı siminə toxunmur. Çünki sim hissizləşib, bəlkə
də yox olub.
Ömründə dəniz sahilinə belə getməmiş Esmail süni də olsa status və hörmət qazanmaq üçün bütün qızılları bir heç uğruna fəda etməkdən çəkinmir. İlk başda çox eqoist bir hərəkət kimi görünür, amma məruz qaldığı alçaldılmalara görə obraza qarşı oğullarında da, izləyicidə də bir empatiya formalaşır.

Esmail rəis elan ediləcəyi zaman səhnəyə çıxanda kamera ayaqqabılarını və
yerişini yaxından çəkir. Esmail yaşına və bükülmüş belinə baxmayaraq özündən
əmin, xoşbəxt şəkildə səhnəyə çıxır. Rəisliyi əlindən alındığı zaman isə yenə
yaxın çəkiliş var və eyni səhnədən bu dəfə güclə addımlayaraq enir. Eyni insan,
eyni səhnə, eyni pilləkənlər. Amma addımlar bu dəfə fərqlidir.
Elə həyat da belədir: Eyni hadisə fərqli zamanlarda həyatın
mənasına çevrilə və ya həyatına mane ola bilər…
Filmdə bir çox siyasi mesaj da verilir: işçilərin məruz qaldığı
haqsızlıqlar, bir anda yoxa çıxan şəriklər, saxta sənədlər, göstərməlik
ofislər, xaotik xəstəxanalar, düzgün işləməyən qurumlar və tək bir twittin
alt-üst etdiyi iqtisadiyyat. Filmin başından sonuna qədər bunları müşahidə
edirik.
Bir digər səhnədə isə hamısı yığılıb iş qurmaq ümidi ilə Manouchehrin dostu ilə görüşməyə gedirlər. Pərviz onu iş düzəldən, onlar üçün obyekt tapan, hətta qiymətində güzəşt əldə edən, evin düzgün maaş alan tək fərdi olan Leylaya “bu kişi işidir”- deyir və evdə gözləməyini istəyir.

Əslində Leylanın ağlına ehtiyacları var, amma gəlmək istəyinə kəskin
müqavimət göstərirlər. Həyatın bir çox sahəsində beləyik: yanlış olan
vərdişlərimizi, yanaşmalarımızı, adətlərimizi sırf çoxdan belədir deyə dəyişmək
istəmirik və ya dəyişməyə cəsarət etmirik.
Film boyunca obrazların sistemin qəddar divarları arasında azdığını
görürük. Məsələn Leyla Manouchehr uşaq olanda necə yaxşı oxumasından danışır,
indi isə qardaşı dələduzluqla məşğuldur. Ağlında sadəcə asan yolla varlanmaq,
zəhmətsiz yaşamaq var. Çünki sistem davam etdikcə xarakterə çevrilir…
Bütün səhnələrdə sosial çürüməni, etik dəyərlərin yox olduğunu görürük…
Qarşımızda film başında işçi dostlarının etirazına qoşulmayan, evə
gəldikdən sonra da mübahisələrə daxil olmayan, məsuliyyət almaqdan və reaksiya
verməkdən qaçan Alireza obrazı var. Gəncliyində sevdiyi qız ilə evlənə
bilməyib, 8 ildir 8 gün tətil etmədən işləyib, sonda isə maaş ala bilməyib və
haqsızlığa uğrayıb. Buna baxmayaraq, qardaşlarını haqsız qazancdan uzaq tutmağa
çalışır.
Filmin sonlarına yaxın Alireza yığılan 10 aylıq maaşını almaq üçün qayıdır.
Lakin şirkət hər kəsə 3 aylıq maaş ödəyəcəyini və 10 aylıq maaş ödəndiyinə dair
kağız imzalayacaqlarını bildirir. Alireza ilk dəfə səsini yüksəldir, hətta
oksigen balonu ilə şüşələri sındırır. Əslində yeni bir başlanğıc edir.
Hər yeni bir başlanğıc da yenidən doğulmaq kimidir. Bunun üçünsə bəzən sadəcə
cəsarət etmək lazımdır. Yeni bir Alireza doğulur…
Film Leylanın atasının timsalında xəstə, çürümüş rejimə vurduğu
şillə ilə sona doğru yaxınlaşır. Heç kimin xəyalı reallaşmır: Leylanın
xəyal etdiyi iş qurulmur, Alireza iş tapa bilmir, Pərviz işdə istədiyi
yüksəlişi yaşamır, Fərhad özünə bir yol tapa bilmir, Manouchehr isə xəyal
etdiyi zəhmətsiz pulu reallaşdıra bilmir və ölkədən qaçmalı olur.
Filmin sonunda bəlkə də rejimi təmsil edən Esmail bir ömür davam edən
bədbəxtliyin, acı xatirələrin və kölə övladların kölgəsində ölür. Əlindəki
siqaret kimi, film də yarımçıq qalır. Film nöqtə ilə deyil, vergüllə bitir.
Bura qədər heç nəyi reallaşdıra bilməmiş insanların körpə uşaqları ekrana
gəlir. Bəs onlar bacaracaqmı? Taleyi dəyişə biləcəklərmi?
Esmail bir ömür başqalarının izindən getdi. Alireza atasının əlindən
yarımçıq qalan siqareti götürür və çəkməyə davam edir. Millətlər də,
ailələr də hər nəsildə yenidən doğulur. Bu səhnədə də bir ata ölür,
başqa bir ata doğulur. Bəs o necə olacaq? Başqalarının izindən
gedəndə öz ayaq izlərini qoya bilmirsən. Onun ayaq izləri
olacaqmı? Bu qışı çox uzun çəkən insanlar üçün yaz gələcəkmi? Elə
film də bu sualların kölgəsində başa çatır…
Natiq Məmişov
14:00 20.02.2026
Oxunuş sayı: 1421