Körpə ölümləri ən ciddi problemlərdən biridir
Körpə ölümlərinin artması diqqət çəkən əsas sosial problemlərdən birinə çevrilib. Yeni doğulan uşaqlarda dərhal sonra və ya bir neçə gün ərzində baş verən ölüm halları mütəmadi müzakirə olunur. Bu hallar erkən diaqnostika və tibbi nəzarətin vacibliyini bir daha gündəmə gətirir.
Qeyd edək ki, ötən gün də Gədəbəy rayonunda 2025-ci il təvəllüdlü körpə qızdırma və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov səhiyyə sahəsində, xüsusilə də Azərbaycan səhiyyəsinin qarşısında duran ən ciddi problemlərdən birinin körpə və yeni doğulmuş uşaqların ölümü olduğunu bildirib: “Körpə üçün eni doğulmuş dövr doğumdan sonrakı 28 günü əhatə edir. Körpəlik dövrü isə bir yaşa qədər olan müddətdir. Ümumilikdə doğumdan bir yaşa qədər olan dövr körpə yaş dövrü hesab olunur. Bu məsələ səhiyyənin əsas problemlərindən biridir. Statistik baxımdan da əsas məqsəd körpə, uşaq və yeni doğulmuş ölüm hallarının minimuma endirilməsidir. Ona görə də bu, çox ciddi və təəssüf doğuran bir vəziyyətdir. Bu halda irinli proses məsələsi bir qədər şübhəlidir. Uşaq yüksək hərarətlə müraciət edibsə, ehtimal ki, infeksion proses fonunda əlavə fəsadlar inkişaf edib. Nəticədə septik şok kimi ağır vəziyyət yaranmış ola bilər. Həmçinin asfiksiya (boğulma) da inkişaf edə bilər və bu, ölümə səbəb ola bilər”.
Həkimin sözlərinə görə, yeni doğulmuş körpələr doğumdan etibarən pediatr nəzarətində olmalıdır: “Burada valideyn nəzarətsizliyi və ya gec müraciət faktoru da ola bilər. Uşaq xəstəlik səbəbilə vaxtında həkimə gətirilməyib. İnfeksion-iltihabi proses inkişaf edərək ağır septik vəziyyətə, daha sonra isə septik şoka gətirib çıxarıb. Nəticədə orqanların fəaliyyəti kəskin şəkildə pisləşib və ölüm hadisəsi baş verib. Ona görə də yeni doğulmuş və bir yaşa qədər uşaqlara ciddi nəzarət olunmalıdır. Hər hansı narahatedici əlamətlər - yüksək hərarət, qusma, ishal və digər simptomlar olduqda dərhal həkimə müraciət edilməlidir. Vəziyyət vaxtında qiymətləndirilməli və müvafiq tibbi tədbirlər görülməlidir”.
Fatimə Məmmədova
19:39 17.04.2026
Oxunuş sayı: 100