Xankəndi abidəsi, saxta erməni memarlığı və oğurluq simvollar
Hər dəfə Qarabağa yolum düşəndə, işlərimin ortasında çalışıram ki, yerli abidələri və mədəniyyət nümunələrini araşdırım. Bu səfər zamanı çox gərgin bir iş zamanı ermənilərin saxtakarlıqlarını ifşa edən iki abidəni araşdıra bildim. Birincisi illərdir ermənilərin öz memarlığı kimi təqdim etdiyi, lakin simvol və forması ilə yanaşı tikili materialları belə oğurluq olan “Biz və bizim dağlar” abidəsi barədə qeydləri sizlərə təqdim edirəm.
Xankəndində bu heykəlin müəllifi Sarkis Bağdasaryandır. İtaliyada keçirilən sərgidə bu formada abidə görüb və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Bagrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri ilə məsləhətləşirlər.
Abidə qırmızı tufdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuflardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq ermənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tufdan istifadə olunmayıb.
Qırmızı tufun “erməni memarlığı” kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır. Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda, Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlardan, o cümlədən tufdan geniş istifadə olunub.
Naxçıvan qədim bir coğrafi ərazi olduğu üçün də ondan əvvəl bu regionda olan qədim xalqlar qırmızı və boz tufdan istifadə ediblər. Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artdıqca, yerli mədəniyyətə məxsus qədimlikləri oğurlayıblar və hələ də buna davam edirlər.
Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da oğurlayaraq öz adlarına çıxıblar.
Şəkildəki simvolun demək olar ki, eynisinə Salcuq türklərinin memarlığında “Çarxı-falak” adı ilə rast gəlirik. Salcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə hayasızcasına bunu “Arevakhach” (Günəş xaçı) adlandırıb, özününkü deməyə çalışırlar.
Qədim türklər və onlarla əlaqəsi olan digər Şərq xalqları bu simvolu sonsuzluğu, əbadi hərəkəti və həyatın dövranını təsvir etdiyinə inanırdılar. Bu simvolu min illər əvvəl, hələ xalqların müasir adları formalaşmamışdan əvvəl Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarında da görə bilərik. Biraz xırda fərqlərlə də olsa, hamısında oxşar mənası var idi.
Qədim türk xalqlarında (hunlar, göytürklər) bu simvol “Tangriçilik” inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbadi dövranını bildirirdi. Samavi dinlərdən əvvəl bu işarə tikilən memarlıq abidələrində çox rast gəlinir.
Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və Şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdirmişlər və olub onların “simvolu”.
Azərbaycan ərazisindəki Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər həndəsi naxışlar, günəş diskləri və əbadiyyət işarələri yüzlərlədir. Ermənilərin izi tozu bu torpaqlarda olmayanda, Albaniya dövründə və ondan da qat-qat əvvəl bu simvollar yerli xalqların istifadəsində idi. 8 qollu quruluş isə bu günün özündə Azərbaycanın istifadə etdiyi simvoldur.
Daşın teksturası və simvolun oyulma dərinliyi göstərir ki, hətta bu əvvəl orada olmayıb, bərpa adı altında sonradan ermənilər bunu ora əlavə ediblər.
Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.
Prof. Dr. Zaur Əliyev
14:05 22.02.2026
Oxunuş sayı: 570