Səbinə Əliyeva: "2030-a qədər 375 milyon insan yeni bacarıqlara yiyələnməlidir"

Beynəlxalq Tədqiqatlara əsasən, yüksək texnologiyaların tətbiqi ilə bağlı 2030-cu ilə qədər dünya üzrə təxminən 375 milyon insanın yenidən yeni ixtisaslara və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq ki, bu da ümumi işçi qüvvəsinin təxmini 14%-ni təşkil edir.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Son illər süni intellektin qlobal səviyyədə inkişafı, onun tətbiqi sahələrini daha da genişləndirməklə bir çox sektorlarda köklü dəyişikliklərə səbəb olmaqdadır. Bu təcrübə, xüsusən də, qərar qəbuletmə prosesində səmərəliliyin və şəffaflığın artırılmasını, idarəetmənin optimallaşdırılmasını, maliyyə xərclərinin minimum endirilməsini və vətəndaşların xidmətlərə çıxışının asanlaşdırılmasını hədəfləyir", - o bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bir tərəfdən müxtəlif sahələr üzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosial çağırışları da labüd edir.
"İnnovativ texnologiyalsrın istehsalatdan xidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlara tələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, iş yerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəb ola bilər", - deyə ombudsman qeyd edib.
13:43 28.04.2025
Oxunuş sayı: 699