Bakı metrosu: Yeni vaqonların xəttə buraxılması intervalı azaltmayacaq
Bakı metrosunda yeni vaqonların xəttə buraxılması qatarlar arasında intervalı azaltmayacaq.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda metroda tətbiq olunan interval texniki cəhətdən mümkün ən minimal həddir: "Hazırda qatarların hərəkət intervalı texniki baxımdan ən aşağı səviyyəyə endirilib. Son 16 ildə ilk dəfə 2 dəqiqədən də az - 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu, infrastrukturun hazırkı vəziyyətinə görə mümkün olan minimumdur".
Metro rəsmisi əlavə edib ki, gələcəkdə intervalın azaldılması artıq qatarların sayından deyil, infrastrukturun genişləndirilməsindən asılı olacaq: "Xətlərin ayrılması prosesi başlandıqdan sonra bu məsələ yenidən gündəmə gələ bilər. Bunun üçün "İçərişəhər" stansiyasının arxasında dalanın tikintisi planlaşdırılıb. Layihə təsdiqlənib və yaxın vaxtlarda inşaat işlərinə başlanacaq".
O, həmçinin vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 10 yeni stansiyanın inşası nəzərdə tutulur və prosesin 2026-cı ildə aktiv fazaya keçməsi planlaşdırılır.
11:01 07.11.2025
Oxunuş sayı: 1166