Azərbaycanla münasibətlərdə dönüş nöqtələri var

Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) eyni soykökə malik iki qardaş xalqdır. Ortaq dilə, dinə, mədəniyyətə və tarixə sahib olan bu iki ölkə arasındakı münasibətlərin getdikcə inkişaf etməsi təbii, gözlənilən və zəruri bir prosesdir. ŞKTC Prezidentinin Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə Xüsusi Müşaviri Prof. Dr. Hüseyn Işıksal Azərbaycan–ŞKTC münasibətləri və onların əhəmiyyəti barədə "Anadolu" agentliyinə məqalə yazıb. Crossmedia.az məqaləni oxuculara təqdim edir.
Türk dövlətlərinin Cənubi Kiprlə bağlı qərarları və ŞKTC-də yaratdığı narahatlıq
Qazaxıstanın Cənubi Kiprdə səfirlik açmasından sonra Özbəkistan və Türkmənistanın da Romadakı səfirlərini Cənubi Kiprə akkreditə etmək qərarları Şimali Kipr Türk Cümhuriyyətində haqlı olaraq böyük narazılığa səbəb olmuşdur. ŞKTC Prezidenti Ersin Tatar bu qərarı tənqid etsə də, konstruktiv mövqe nümayiş etdirərək, ŞKTC-nin də müşahidəçi statusunda olduğu Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bu ölkələri ŞKTC ilə də eyni səviyyədə münasibətlər qurmağa çağırmışdır. Bu hadisələrlə bağlı olaraq aprelin dördündə Özbəkistanın paytaxtı Səmərqənddə keçirilmiş Birinci Avropa İttifaqı–Orta Asiya Zirvəsinin yekun bəyannaməsində Avropa İttifaqının bölgəyə vəd etdiyi 12 milyard avroluq sərmayə qarşılığında Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın, ŞKTC-nin tanınmamasını tövsiyə edən BMT Təhlükəsizlik Şurası qətnamələrinə sadiqliklərini təsdiqləməsi mövcud böhranı daha da dərinləşdirmişdir. 1960-cı ildə yaradılmış Kipr Respublikasını zor gücü ilə işğal edən yunan tərəfinə yönəlik bu güzəştkar addım beynəlxalq hüquqa əsasən suveren xalq olan Kipr türklərinin onillərlə davam edən şərəfli mübarizəsini gözardı etməklə yanaşı, düşünülməmiş, dar baxışlı, qısamüddətli maraqlara əsaslanan və ciddi nəticələr doğura biləcək yanlış bir qərar kimi tarixə keçmişdir.
Azərbaycan–ŞKTC münasibətlərində dönüş nöqtələri
Bütün bu mənfi hadisələrə baxmayaraq, ötən həftəyə damğasını vuran başqa bir vacib hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin ŞKTC–Azərbaycan münasibətləri ilə bağlı verdiyi tarixi açıqlamalar olmuşdur. Bu açıqlamaların arxa planını və əhəmiyyətini təhlil etməzdən öncə, Azərbaycan–ŞKTC münasibətlərindəki bəzi önəmli dönüş nöqtələrini xatırlatmaq yerinə düşərdi.
Azərbaycanla Şimali Kipr arasında münasibətlər Soyuq Müharibənin sona çatmasından sonra daha sürətlə inkişaf etməyə başlamışdır. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Məclisi 1992-ci ildə ŞKTC-ni rəsmi şəkildə tanımışdır. Bu məqamda qeyd edilməlidir ki, həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri Azərbaycanın ümummilli lideri Heydər Əliyev idi.
Digər dönüş nöqtəsi isə 2004-cü ildə Ankarada rəsmi səfərdə olan Prezident İlham Əliyevin eyni vaxtda Kiprdə keçiriləcək BMT-nin Annan Planı referendumu ərəfəsində verdiyi bəyanat olmuşdur. O, referendumda ŞKTC “bəli”, yunan tərəfi isə “xeyr” desə, Azərbaycanın ŞKTC-ni tanıma prosesində ön sırada yer alacağını bildirmişdi.
2005-ci ildə Azərbaycan ŞKTC pasportlarını tanıyacağını elan etmiş, 20 İyul Barış və Azadlıq Bayramına rəsmi nümayəndə heyəti göndərmişdi. Həmin ilin iyulunda Bakıdan Ercan hava limanına birbaşa uçuş həyata keçirilmiş və bu, Türkiyə istisna olmaqla, ŞKTC-yə birbaşa uçuş edən ilk ölkə kimi tarixə keçmişdir.Eyni ildə Kipr Türk Hava Yolları da Bakıya birbaşa uçuş həyata keçirmiş və bu, ŞKTC-dən üçüncü bir ölkəyə reallaşdırılan ilk birbaşa uçuş kimi qeydə alınmışdır. Ən əlamətdar hadisələrdən biri isə 2023-cü ilin oktyabrında Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri zamanı dövlət protokolu ilə qarşılanması və Prezident İlham Əliyevlə rəsmi görüşü olmuşdur. Görüşdən sonra Prezident Əliyevin “ŞKTC bayrağı hər zaman Azərbaycanda dalğalanacaq” ifadəsi unudulmaz sözlərdən birinə çevrilmişdir. Eyni tarixlərdə Bakıda təşkil olunan “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Tanıtım Günləri” tədbiri də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynamışdır.
2024-cü il Şuşa Zirvəsi və son hadisələr
2024-cü il iyulun 6-da Şuşada təşkil edilən qeyri-rəsmi Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsinə Prezident İlham Əliyev tərəfindən şəxsən dəvət olunan və qarşılanan Prezident Ersin Tatar, digər dövlət başçıları ilə birlikdə dövlət protokolu çərçivəsində qəbul edilmiş və zirvədə iştirak etmişdir. Bu səfərdən sonra Prezident Əliyev aşağıdakı açıqlamanı vermişdir:
“Biz qardaşlığımızın gərəklərini yerinə yetirdik. Düşünürəm ki, Prezident Ersin Tatarın Şuşa Zirvəsinə qatılması, ŞKTC-nin tanınması istiqamətində atılan mühüm bir addımdır. Biz hər zaman kiprli qardaşlarımızın yanında olacağıq”.
Bu inkişaflardan sonra 2024-cü il aprelin 5-də Azərbaycan Milli Məclisi ilə ŞKTC Cümhuriyyət Məclisi arasında, deputat Cavanşir Feyziyevin rəhbərliyi ilə Dostluq Qrupu yaradılmışdır. Bu hadisə iki ölkə arasında hərtərəfli inkişaf edən münasibətlərin siyasi zirvəsi kimi qiymətləndirilmişdir.
Aprelin 9-da Bakıda keçirilən, Azərbaycan ADA Universiteti və Azərbaycan Beynəlxalq Münasibətlər Mərkəzinin birgə təşkil etdiyi “Yeni Dünya Nizamı ilə Üzləşmək” adlı konfransda Prezident İlham Əliyevin səsləndirdiyi tarixi fikirlər isə, yuxarıda qeyd olunan hadisələrlə birlikdə dəyərləndirildikdə, daha dərindən anlam qazanır.
Sual-cavab bölməsində, Prezidentin köməkçisi Hikmət Hacıyev mənə son sual haqqını verdikdən sonra, 2023-cü ildə keçirilmiş rəsmi qəbuluna istinad edərək, Prezidentimiz Ersin Tatarın xüsusi salamlarını çatdırdım və Azərbaycanda özümü evimdə hiss etdiyimi bildirərək “Ölkəm – ŞKTC ilə Azərbaycan arasındakı münasibətləri daha da necə inkişaf etdirə bilərik?” sualını verdim.
Prezident Əliyevin cavabı isə belə oldu: “Bildiyiniz kimi, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması məsələsində Azərbaycanın mühüm rolu olmuşdur. Bu prosesin necə baş verdiyini sən məndən daha yaxşı bilirsən… Prezident Tatarı Şuşada keçirilən TDT Dövlət Başçıları Zirvəsinə dəvət etdim və o, ŞKTC bayrağı ilə bizimlə birlikdə oldu. Bildiyiniz kimi, Azərbaycanın hökuməti, parlamenti və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri ŞKTC-ni tez-tez ziyarət edirlər. Eyni zamanda, Kiprdən də Azərbaycana müxtəlif səfərlər təşkil olunur. Biz hər zaman qardaşlarımızın yanındayıq. Siyasətimiz daim çox açıq, aydın və anlaşılandır. Öz dövlətlərinə sahib olmağı sonuna qədər haqq edən ŞKTC-dəki qardaşlarımıza necə kömək edə bilərik sualından başqa bir gündəmimiz yoxdur. Azərbaycanın, ŞKTC beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər, yəni yolun sonuna qədər sizin yanınızda olacağından heç bir şübhəniz olmasın”.
İkili münasibətlərdə Qarabağ zəfərinin rolu
Qarabağda Azərbaycanın torpaqlarının işğaldan azad olunması Kipr Türk xalqı tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Prezident İlham Əliyevi bu böyük zəfər münasibətilə ilk təbrik edənlərdən biri də Prezident Ersin Tatar olmuşdur. Azərbaycanın bu uğuru yalnız onun deyil, bütün Türk dünyasının zəfəri kimi qiymətləndirilmiş və Kiprli türklər hər zaman Azərbaycan xalqının yanında olacaqlarını bəyan etmişlər.Digər tərəfdən, Cənubi Kipr Rum Administrasiyası (GKRY) Ermənistan və Dağlıq Qarabağda qurulmuş separatçı rejimlə daim yaxın münasibətlər saxlamış və onlara siyasi dəstək göstərmişdir. Hətta Azərbaycan ordusunun Qarabağda qazandığı zəfəri pisləmiş və bunu “işğal” kimi təqdim etmişdir.
Azərbaycanın tarixi duruşunun ŞKTC üçün əhəmiyyəti
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün fərqində olan, diplomatiyanın bütün alətlərindən məharətlə istifadə edən, Avropa İttifaqı ölkələri ilə açıq danışan, onların ikili standartlarını üzlərinə deyən cəsarətli siyasəti, türklərə qarşı fobiya (türkofobiya), İslamofobiya və yeni müstəmləkəçilik (neo-kolonializm) ilə apardığı effektiv mübarizə — bütün bunlar Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük bir fürsətdir.Bu baxımdan, Azərbaycanın ŞKTC ilə münasibətləri, xarici aktorlardan asılı olan digər Türk Dövlətləri Təşkilatı üzvlərindən fərqli və daha açıq şəkildə qurulmuşdur. Dərin tarixi bağlara əsaslanan bu iki ölkə arasındakı münasibətlərin iqtisadi, siyasi və mədəni sahələrdə mümkün olan ən yüksək səviyyəyə çatdırılması hər iki xalqın ortaq arzusudur.Bu məqsədlə, ilk mərhələdə Azərbaycanın ŞKTC-də ABŞ, Böyük Britaniya, Almaniya və Rusiya kimi ölkələrlə eyni səviyyədə, hətta onlardan daha funksional fəaliyyət göstərə biləcək bir nümayəndəlik açması məqsədəuyğun olardı.Bu yolla, iki ölkə arasındakı təhsil, turizm və ticarət münasibətləri rekord səviyyəyə çata bilər. Şərqi Aralıq dənizindən Anadolunun bağrına, oradan da Qafqaza uzanan bu qardaşlıq körpüsünün güclənməsi 21-ci əsrin bütün siyasi balanslarına təsir edəcəkdir.
Məqaləni tərcümə etdi: Fidan Xəlilova
13:13 28.04.2025
Oxunuş sayı: 1019