Prezident İlham Əliyev Çinə səfərindən öncə 2025-ci ilin aprelində Çin Xəbər Agentliyi “Sinxua”ya geniş müsahibə vermişdi. Müsahibənin səfər ərəfəsində verilməsi onun daha böyük kontekstdə – Çinə dövlət səfərinə diplomatik zəmin yaratmaq və mesaj ötürmək məqsədi daşıdığını göstərir. Müsahibənin Çinə səfərdən bir neçə gün öncə verilməsi, Sinxua agentliyi vasitəsilə Çin ictimaiyyətinə və rəhbərliyinə birbaşa ünvanlanması təsadüfi deyil. Bu, həm protokola uyğun siyasi reveransdır, həm də qarşı tərəfdən gələcək jestlərin (ticarət, investisiya, dəstək) yüngülləşdirilməsi üçün psixoloji zəmin yaradır.
Əliyev “strateji tərəfdaşlıq” konsepsiyasını çox diqqətlə işlənmiş terminologiya ilə təqdim edir. “Bərabərlik”, “qarşılıqlı hörmət”, “suverenliyə hörmət” və “daxili işlərə qarışmamaq” kimi ifadələr, Qərb institutlarının ikili standartlarına qarşı Çinlə həmrəylik nümayişidir. Bu, həm də Azərbaycanın beynəlxalq siyasətdə balanslı mövqe tutduğunu, Qərbin haqsız davranışlarına qarşı alternativ diplomatik dayaqlara malik olduğunu göstərmək məqsədi daşıyır. Biz Qərb dünyasının bizə qarşı yönəlmiş tənqidlərini neytrallaşdırmaq üçün alternativ güc mərkəzləri ilə – Çin kimi – daha dərin tərəfdaşlıq qururuq.
Əliyev COP29-un Azərbaycanın mövqeyini gücləndirdiyini vurğulamış və Çinin oradakı fəal iştirakına xüsusi təşəkkür bildirmişdir. Burada əsas məqsəd COP29 ətrafında Qərb mediasında yayılan qərəzli tənqidi və boykot çağırışlarını neytrallaşdırmaq, tədbirin uğurunu və inklüzivliyini göstərməkdir. Buradakı mesaj o idi ki, Qərbin boykot çağırışlarına baxmayaraq, biz Çin kimi qlobal güclə tərəfdaşlığımızla COP29-u uğurla keçirdik.
Əliyev Çinin təşəbbüs etdiyi “Kəmər və Yol” layihəsini açıq şəkildə dəstəklədiyini bildirir. Onun ən çox investisiya qoyulmasıyla bağlı ifadəsi həm Çin ictimaiyyəti, həm də oradakı siyasi rəhbərlik üçün xüsusi reveransdır. Bu, Azərbaycanın regional logistika və nəqliyyat mərkəzi olmaq strategiyasının bir hissəsidir. Azərbaycan Orta Dəhlizi təkcə iqtisadi deyil, həm də geosiyasi güc rıçaqına çevirmək istəyir və bunun üçün Çinlə koordinasiyalı çalışmaların həyata keçirilməsi gözləniləndir.
Konfutsi İnstitutlarının fəaliyyəti, Çin universitetlərində Azərbaycan dili, Azərbaycanda Çin dili – bunlar sadəcə mədəni mübadilə deyil, həm də uzunmüddətli “soft power” təsiri üçün qurulan mexanizmlərdir. Bu sahə “xalqların yaxınlaşması” kontekstində təqdim edilir, amma bunun arxasında dərin diplomatik kapital yığımı dayanır. Azərbaycan-Çin münasibətləri yalnız iqtisadi və diplomatik deyil, ideoloji və humanitar sahədə də sistemli şəkildə dərinləşir.
Azərbaycanın hələlik yalnız “dialoq üzrə tərəfdaş” statusunda olmasına baxmayaraq, ŞƏT-ə və Çinin sədrliyinə olduqca yüksək qiymət verilir. Burada məqsəd tədricən üzvlüyə keçid üçün siyasi zəmin hazırlamaq və Çinin dəstəyini almaqdır. Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olmağa can atır və Çinlə yaxınlıq bu məqsədə çatmaq üçün vasitədir.
Bu müsahibə diplomatik balanslaşdırma sənətinin klassik nümunəsidir. Burada bir neçə məqsədə paralel nail olunması hədəflənir:
- Qərbin təzyiqlərini neytrallaşdırmaq;
- Çinlə strateji və iqtisadi əlaqələri dərinləşdirmək;
- Azərbaycanın regiondakı nəqliyyat və enerji qovşağı rolunu təsdiqləmək;
- ŞƏT və “Kəmər və Yol” vasitəsilə çoxtərəfli əməkdaşlıq imkanları yaratmaq;
- Humanitar sahədəki açılımlar vasitəsilə uzunmüddətli təsir gücü toplamaq.
Bu, həm Çinə jestdir, həm də dünya ictimaiyyətinə siqnaldır ki, Azərbaycanın alternativlərə çıxışı var və biz müstəqil seçimlər edirik.

• “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat”
Prezident İlham Əliyevin Çinə səfərində Azərbaycan və Çin arasında imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” sənədi geosiyasi baxımdan çox əhəmiyyətli və çoxşaxəli bir sənəddir. Onun həm ikitərəfli münasibətlərə, həm də regional və qlobal güc balanslarına ciddi təsirlər yarada biləcəyi ortaya çıxır.
1. Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə "vahid Çin" siyasətini tam dəstəkləyir.
Bu qarşılıqlı dəstək, prinsipial suverenlik yanaşmasına əsaslanan simmetrik diplomatik refleksdir. Azərbaycanın Qarabağ zəfərindən sonra ərazi bütövlüyünün tanınması və bu məsələdə beynəlxalq dəstəyin davamlılığı onun post-münaqişə dövründə əsas prioritetidir. Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvünün bu dəstəyi Azərbaycanın beynəlxalq legitimliyini gücləndirir, Qərbin və bəzi digər aktorların münaqişə sonrası tutduğu neytral və ya tənqidi mövqelərə qarşı alternativ diplomatik dayaqlar yaradır.
Çin üçünsə Azərbaycanın "vahid Çin" siyasətini açıq dəstəkləməsi Tayvan məsələsində Pekinin diplomatik arsenalına əlavə güc verir. Bu, "suverenlik qarşılığında suverenlik" modelidir.
2. İki ölkə beynəlxalq hüquqa əsaslanan nizamı prioritet tutur.
Bu bəyanat liberal beynəlxalq nizamın əsas prinsipinə – dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə sadiqliyin təsdiqidir. Lakin burada paradoksal bir nüans var. Çin və Azərbaycan hər ikisi Qərb mərkəzli "qaydalar əsaslı beynəlxalq nizamı"n alternativini müdafiə edən ölkələrdir. Bu bəyanat vasitəsilə onlar beynəlxalq hüququ öz şərhlərinə uyğun şəkildə şərh edirlər. Onlar, Qərbin selektiv tətbiqlərinə qarşı çıxaraq, universal tətbiq tələbi irəli sürürlər. Bu yanaşma çoxqütblü dünya düzəninə keçidin bir parçası kimi oxunmalıdır.

3. Azərbaycanın Çinlə strateji ittifaqı, onu Qərb-Rusiya-İran üçbucağında daha balanslı aktora çevirir.
Cənubi Qafqazda mövcud güc balansında Azərbaycanın Qərblə enerji və təhlükəsizlik əməkdaşlığı, Rusiya ilə hərbi-strateji və nəqliyyat əlaqələri, İranla isə həm əməkdaşlıq, həm rəqabət yönümlü münasibətlər qurub.
Bu konfiqurasiyada Çin faktoru Azərbaycanın "strateji muxtariyyətini" artırır. Onu yalnız regional deyil, qlobal güc mərkəzləri arasında manevr edə bilən aktora çevirir. Bakı üçün xarici siyasət diversifikasiyası imkanlarını genişləndirir.
4. Çin üçün Cənubi Qafqazda etibarlı geosiyasi tərəfdaşın formalaşması vacibdir.
Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsünün Qafqaz hissəsində uğur qazanması üçün etibarlı, stabillik təmin edən və tranzit imkanları geniş bir ölkəyə ehtiyacı var. Ermənistanda qeyri-müəyyən daxili siyasi sabitlik, Gürcüstanda Qərb-Çin dilemması fonunda formalaşan geosiyasi qeyri-müəyyənlik səbəbindən, Azərbaycanı daha cazibədar edir. Azərbaycan Çinə bu regionda "geosiyasi lövbər" funksiyası verə bilər. Bu isə Pekinin Rusiyanın təsir sahəsinə daxil olan bu bölgədə asimmetrik güc yerdəyişməsi həyata keçirməsinə şərait yaradır.
Azərbaycanın Çinlə yaxınlaşması klassik “balanslaşdırma siyasəti”nin uğurlu nümunəsidir. Bu siyasət, heç bir qütbə tam inteqrasiya etmədən, hamısı ilə praqmatik əməkdaşlıq qurmaq, bölgədə və qlobal miqyasda avtonom diplomatik mövqe saxlamaq, enerji, nəqliyyat, təhlükəsizlik sahələrində çoxformatlı tərəfdaşlıq şəbəkəsi qurmaq məqsədi daşıyır.
• Loqistika
Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü öz “İpək Yolunun dirçəldilməsi” strategiyasına inteqrasiya edir. Multimodal daşımalar, Transxəzər dəhlizi, logistika və gömrük sistemlərinin təkmilləşdirilməsi Çin-Avropa ticarətində Azərbaycanın rolunu artıracaq.
Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” təşəbbüsü uzun müddətdir ki, milli inkişaf doktrinasında yer alır. “Bir Kəmər, Bir Yol” (BKBY) isə, bu yanaşmaya qitələrarası sinxron güc verir. Hər iki təşəbbüs Asiya-Avropa arasında fiziki, iqtisadi və texnoloji inteqrasiyanı hədəfləyir. Azərbaycan öz mövcud infrastrukturunu (Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı) Çinlə uyğunlaşdıraraq cəlbedici tranzit ölkəsinə çevrilir. İki ölkənin qarşılıqlı strateji maraqları, nəqliyyat xəritəsi ətrafında siyasi konsensus yaratmağa şərait yaradır.
Transxəzər Orta Dəhliz (Middle Corridor), Rusiya-Ukrayna müharibəsi və Qazaxıstan-Rusiya tranzit riskləri fonunda real alternativ kimi ön plana çıxır. Dəmir yolu + dəniz + avtomobil inteqrasiyası ilə multimodal daşımalar sürətlənir. Gömrük və rəqəmsal inteqrasiya (ASAN xidmət modeli, “bir pəncərə” prinsipi) ticarət sürətini və şəffaflığı artırır. Bu model Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa oxu boyunca Çin mallarının çevik daşınmasını mümkün edir. Azərbaycanın bu sahədə təşəbbüskar və texnoloji adaptiv mövqeyi ona “logistik innovator” statusu qazandırır.
Rusiya və Ukrayna arasında gərginliyin artması, Qərb sanksiyalarının genişlənməsi və Rusiya tranzit yollarının qeyri-sabitliyi fonunda Çin klassik Şimal dəhlizinə (Rusiya üzərindən Avropaya) alternativlər axtarır. Azərbaycan üzərindən keçən Orta Dəhliz, bu baxımdan strateji olaraq “risk azaldıcı” (risk-mitigation) marşrutdur. Bu, Çinin “qapalı dənizlərə deyil, açıq qitələrə çıxış” konsepsiyasına uyğun gəlir. Çin üçün Azərbaycan təkcə keçid ölkəsi deyil, həm də etibarlı regional logistik “hub” və geoiqtisadi sabitlik limanı kimi çıxış edir.
Pandemiya və müharibələrin ardınca qlobal təchizat zəncirinin strukturunda baş verən dəyişikliklər fonunda desentralizasiya və təchizatın regionallaşması tendensiyaları artır. Çin-Azərbaycan əməkdaşlığı “geoiqtisadi oyunun qaydalarını dəyişdirən” (game-changer) amilə çevrilə bilər. Orta Dəhliz vasitəsilə Çin malları 15 günə Avropaya çata bilər – bu həm vaxt, həm də siyasi risk baxımından üstünlükdür.
Azərbaycan bu inteqrasiya ilə sadəcə nəqliyyat ölkəsi rolunu deyil, “sistem inşaatçısı” rolunu mənimsəyir. Bu isə, Azərbaycanı “marşrut siyasətindən geoiqtisadi strategiyaya” keçid mərhələsinə daxil edir. Çinlə münasibətləri təchizat təhlükəsizliyi və enerji təhlükəsizliyi kontekstinə daşıyır. Bakını Avrasiyanın yeni koordinasiya mərkəzlərindən birinə çevirir.

• Enerji
Bərpaolunan enerji, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və əqli mülkiyyət transferi sahələrində əməkdaşlıq qeyd olunur. Çin Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir və bu iqlim gündəliyinə dəstək verir.
Çin hal-hazırda bərpaolunan enerji texnologiyalarında – günəş panelləri, külək turbinləri, akkumulyator sistemləri və “smart grid”lər sahəsində qlobal lider statusundadır. Azərbaycan isə, karbohidrogen sektorundan asılılığı azaltmağa, Qaradağ, Zəngilan və Abşeron kimi bölgələrdə yaşıl enerji zonaları qurmağa, enerji ixracat modelini şaxələndirməyə çalışır. Azərbaycanın texnologiya və kapitala çıxışını təmin edərkən, Çinə Cənubi Qafqazda yeni yaşıl bazar təqdim edir.
• Beynəlxalq İqlim
Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi, onun beynəlxalq iqlim gündəmində görünürlüğünü artırır, Fossil-based iqtisadiyyat modelindən tədrici keçidə hazır olduğunu nümayiş etdirir, "Global South" və "Global East" ölkələri arasında iqlim diplomatiyasının vasitəçisi rolunu gücləndirir. Bu kontekstdə Çinin dəstəyi, Azərbaycanı COP platformasında geosiyasi bloklardan kənar balanslaşdırıcı kimi gücləndirir, Pekinin qlobal iqlim liderliyi ambisiyalarına uyğun düşür. Bu, Bakı ilə Pekin arasında “yaşıl yumşaq güc” əməkdaşlığının nümunəsidir.
Əməkdaşlıq çərçivəsində əqli mülkiyyət transferi və rəqəmsal transformasiya məsələlərinin vurğulanması çox vacibdir. Bu, Azərbaycana lokallaşdırılmış texnologiya istehsalı və tətbiqi imkanı verir, gələcəkdə “yaşıl texnologiyaların birgə istehsalı və ixracı” platforması yaradıla bilər. Çin üçün isə, regionda texnoloji nüfuz və “digital silk road” çərçivəsində yeni tərəfdaşlıq anlamına gəlir. Bu, Azərbaycan üçün enerji+texnologiya tandemində beynəlxalq brend inşası potensialı yaradır.
Çinlə bu əməkdaşlıq Azərbaycanın aşağıdakı strateji mövqelərini gücləndirir:
- Neftdən qaz, qazdan bərpaolunan enerjiyə keçid.
- COP29 vasitəsilə iqlim məsələlərində aparıcı rol.
- Yaşıl investisiyaların və texnologiyaların mərkəzinə çevrilmə ambisiyası.
- Şərq mənşəli texnologiya ilə balans yaratmaq (Qərb texnologiya nəzarətindən yayınma).
• Mədəniyyət
Konfutsi institutlarının inkişafı, Çin dili tədrisi və tələbə mübadilələri vurğulanır. Mədəniyyət günləri, turizm, kinematoqrafiya, idman, səhiyyə və media sahəsində qarşılıqlı təşviq mexanizmləri qurulur.
Konfutsi institutları – Pekinin qlobal “soft power” siyasətinin əsas rıçaqlarındandır. Onların Azərbaycan universitetlərində inkişaf etdirilməsi, Çinin dilinin və dəyərlərinin nəsillərarası tanıdılmasına yönəlib. Yeni nəslin Çin mədəniyyəti və siyasətinə qarşı neytrallıq və ya simpatiya ilə böyüməsini hədəfləyir. Çinin regionda öz “mədəni normalarını ixrac etmə strategiyasının” göstəricisidir.
Azərbaycan isə, bu institutlar vasitəsilə gənc nəsli Çinlə əməkdaşlığa hazır və kompetent kadrlarla formalaşdırır, tələbə mübadiləsi ilə Çin ali təhsil sisteminə çıxış əldə edir.Bu əməkdaşlıq iki tərəf üçün strateji faydalar yaradır.
Azərbaycan üçün
|
Çin üçün
|
Çin auditoriyasına çıxış
|
Yumşaq güc alətləri ilə ictimai təsir
|
Mədəniyyətin ixracı və tanıtımı
|
Regionda
sosial-mədəni nüfuz zonası
|
Tələbələr üçün texnologiya və təhsil imkanları
|
Nəsillərarası loyal kadr
formalaşdırılması
|
Çin turizm bazarına çıxış
|
Avrasiya boyunca mədəni təsir xəritəsi
|
Çin və Azərbaycanın bu istiqamətdə qurduğu münasibətlər “klassik güc siyasəti”ndən fərqli olaraq, mədəniyyət, təhsil və emosional təsir vasitəsilə geosiyasi sabit və uzunmüddətli bağlılıq inşa etməyə yönəlib. Bu, XXI əsr diplomatiyasının yeni mədəni arxitekturasının bir hissəsidir.
• Təhlükəsizlik
Çin Azərbaycanın təhlükəsizlik strukturlarına texniki dəstək verməyə hazır olduğunu bildirir. Çin, özünün təcili təhlükəsizlik məsələlərində (təsir bölgələri və geosiyasi mərkəzlər) müəyyənləşdirdiyi strateji xətti diqqətə alaraq, terrorizmlə mübarizə və transmilli cinayətkarlıq məsələlərində Azərbaycana texniki dəstək verir. Kibertəhlükəsizlik və digital infrastrukturun müdafiəsi sahələrində daha güclü əməkdaşlıq təmin etməyə çalışır. Bu, Çin üçün Cənubi Qafqazda bir təhlükəsizlik müsbət təsir bölgəsi yaratmaq, həm də İqtisadi Yol üzərindəki inkişafı qorumaq məqsədi daşıyır. Azərbaycan üçün bu əməkdaşlıq, post-müharibə təhlükəsizlik sisteminin yenidən formalaşdırılmasında mühüm yer tutur. Son müharibədən sonra ölkə yeni münaqişə risklərini aradan qaldırmaq üçün effektiv təhlükəsizlik mexanizmlərinə ehtiyac duyur, Kibertəhlükəsizlik sahəsindəki zəiflikləri azaltmaq üçün, inkişaf etmiş texnologiya və təlimlərə müraciət etməlidir.
Minatəmizləmə məsələsi, Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük təhlükəsizlik çağırışlarından biridir. Bu çərçivədə Çin texnologiyası və texniki dəstək Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə ciddi töhfə verə bilər. Minatəmizləmə sahəsində Çin inkişaf etmiş texnologiya və texniki əməkdaşlıq təklif edir, bu da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədinə xidmət edir. Çin bu sahədə liderlik göstərərək həm də regional təhlükəsizlik məsələlərində öz rolunu artırmaq istəyir.
Azərbaycanın Çinlə təhlükəsizlik sahəsində əməkdaşlıq etməsi, Avrasiya regionundakı strateji balansın dəyişməsinə təsir göstərə bilər. ABŞ və Rusiya ilə müqayisədə Çin, alternativ təhlükəsizlik tərəfdaşı rolunu oynayır. Rusiya ilə Azərbaycan arasında olan ənənəvi əlaqələr hələ də mövcud olsa da, Çinlə təhlükəsizlik sahəsində genişlənən əməkdaşlıq yenilikçi bir model yaradır. Çinin iqtisadi və texniki gücü ilə Azərbaycanın təhlükəsizlik sahəsindəki ehtiyaclarını qarşılama imkanları qarşılıqlı olaraq strateji əməkdaşlıq təşkil edir. Bu əməkdaşlıq, Çinin Avrasiya boyunca təhlükəsizlik həlqələrini formalaşdırmağa kömək edir, Azərbaycan isə alternativ müdafiə tərəfdaşlığı ilə hibrid təhlükəsizlik siyasəti həyata keçirir.
Azərbaycanın post-müharibə dövründə təhlükəsizlik strukturlarını gücləndirmək məqsədilə təhlükəsizlik sahəsində çoxvektorlu yanaşma tətbiq edilməsi (həm Çin, həm də Qərb və Rusiya ilə münasibətləri balanslaşdıraraq), texniki dəstək və hərbi-müdafiə sahəsində yeni müttəfiqliklər ilə müdafiə sisteminin müasirləşdirilməsi, ərazi bütövlüyü və regional sabitlik üçün geosiyasi müstəvidə yeni bir təhlükəsizlik çərçivəsinin yaradılması. Çin, özünün global təhlükəsizlik gücünü artırma məqsədilə, Azərbaycanın da qlobal təhlükəsizlik şəbəkəsinə inteqrasiya olunmasına dəstək verir.
Azərbaycan üçün
|
Çin üçün
|
Post-müharibə təhlükəsizlik rejimini möhkəmləndirmək
|
Avrasiya təhlükəsizliyində yeni rolu gücləndirmək
|
Minatəmizləmə və kibertəhlükəsizlik
texnologiyaları
|
Regional təhlükəsizliklə bağlı
nüfuzun artırılması
|
Alternativ təhlükəsizlik tərəfdaşlığı
qurmaq
|
Cənubi Qafqazda strateji güc
artırmaq
|
Azərbaycan və Çin arasındakı bu təhlükəsizlik əməkdaşlığı alternativ bir təhlükəsizlik müstəvisi formalaşdırır. Azərbaycanın müharibədən sonra ehtiyac duyduğu texniki dəstək və beynəlxalq tərəfdaşlıqlar baxımından bu, çox əhəmiyyətlidir. Çinin bu mövqeyi gücləndirməsi, Azərbaycanın regional təhlükəsizliyinə uzunmüddətli töhfə verəcək.
• İqtisadiyyat və Ticarət
Bu sənəd, iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət əlaqələrinin inkişafı baxımından həm Azərbaycan, həm də Çin üçün strateji əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində hər iki tərəf iqtisadi təsir güclərini artırmağa çalışır, eyni zamanda regional bazarları daha əlverişli hala gətirir.
Azad ticarət sazişi üçün danışıqlar, investisiya əməkdaşlığı, CIIE və digər beynəlxalq platformalarda Azərbaycan məhsullarının tanıdılması. Çin şirkətləri üçün Azərbaycanda sərgilərə qatılma imkanları yaradılır.
Azərbaycanın Çinlə azad ticarət sazişi üzrə danışıqlara başlaması, ölkənin iqtisadiyyatını diversifikasiya etmək üçün çox vacib bir addımdır. Belə ki, azad ticarət sazişi Azərbaycanın ixracat bazarlarını genişləndirir və yeni ticari əlaqələr qurmasına imkan yaradır. Çin bazarına çıxış Azərbaycan məhsullarının (kənd təsərrüfatı, neft və qeyri-neft sektorları) tələbinin artırılmasına gətirib çıxara bilər. Bu saziş həmçinin Azərbaycanı Çin üçün yeni strateji bazar və Cənubi Qafqazda ticarət və istehsal mərkəzi halına gətirə bilər.
İnvestisiya əməkdaşlığı sahəsində Çin kapitalının Azərbaycana cəlb edilməsi üçün imkanlar yaranır. Bu əməkdaşlıq çərçivəsində Çin şirkətləri Azərbaycan iqtisadiyyatına yeni texnologiyalar və kapital gətirə bilər. Bu da Azərbaycanın istehsalat sektorunda modernləşmə və iqtisadi rəqabət qabiliyyətinin artırılması deməkdir. Çinin infrastruktur layihələri və yaşıl iqtisadiyyat texnologiyaları ilə Azərbaycanın enerji və sənaye sektorlarını inkişaf etdirmək mümkündür. Həmçinin, Azərbaycanın regional bazarlara çıxışını asanlaşdırmaqla, Çin üçün bu əməkdaşlıq, Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına daha asan giriş imkanı yaradır.
China International Import Expo (CIIE) kimi beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının tanıdılması, Azərbaycanın ixracat potensialını artırmaq məqsədini güdür. Azərbaycan üçün yeni bazarların açılması, xüsusilə qida məhsulları, kənd təsərrüfatı və inşaat sahələrində ciddi təsir göstərə bilər. Çin sərgilərində iştirak etməklə, Azərbaycan məhsulları Asiya bazarlarında daha geniş şəkildə tanınır, bu da gələcəkdə ticarət həcminin artırılmasına yol açır. Bu, həm də Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və ağır sənayenin əvəzinə daha yüngül və texnoloji sahələrə yönəlmək üçün bir platformadır.
Çin şirkətləri üçün Azərbaycanda sərgilər təşkil etmək, iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirir. Bu imkanlar Çin məhsullarının Azərbaycan bazarına daha rahat daxil olmasına şərait yaradır, texnologiya, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq platformaları qurulmasına gətirib çıxarır. Azərbaycanın infrastruktur və istehsal potensialı ilə Çin şirkətləri yerli tələbatı qarşılamağa və Çin bazarına çıxış imkanı əldə edə bilər. Bu əməkdaşlıq Azərbaycan üçün bir iqtisadi diversifikasiya modelidir.
Azərbaycan üçün
|
Çin üçün
|
İxracat bazarlarının genişlənməsi
|
Yüksək keyfiyyətli təbii
resurslara çıxış
|
Texnologiya və
kapital axınının təmin edilməsi
|
Cənubi Qafqaz
və Mərkəzi Asiyaya çıxışın artırılması
|
Yeni
investisiya layihələri və infrastrukturlar
|
İxrac
potensialını artırmaq və regional iqtisadi güc olmaq
|
Azərbaycanın bu əməkdaşlıq modelinə əsaslanaraq, Çin kapitalını, texnologiyasını və məşhur brendlərini regiona cəlb etmək üçün daha geniş imkanları olur. Bununla yanaşı, Çin üçün regionda iqtisadi nüfuzunun artırılması həm də Avrasiya bazarında mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır.
Azərbaycan və Çin arasındakı iqtisadi əməkdaşlıq yeni bir ticarət modelinin inkişafını göstərir. İxracın şaxələndirilməsi, investisiya axınının artırılması və beynəlxalq sərgi iştirakları vasitəsilə hər iki tərəf iqtisadi güclərini birləşdirərək regionda daha dominant rol oynaya bilər.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru