Tramp 24 aprel bəyanatında yenə “erməni soyqırımı” ifadəsini işlətməyib

ABŞ-ın Prezidenti Donald Tramp 24 aprel 1915-ci il hadisələri ilə bağlı ənənəvi illik bəyanatında “soyqırımı” (genosid) terminindən istifadə etməyib. Tramp həmin hadisələri “dəhşətli fəlakət” (ermənicə “Mets Yeghern”) kimi xarakterizə edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Trampın bəyanatında 1915-ci ildən başlayaraq Osmanlı imperiyası dövründə 1,5 milyon erməninin deportasiya edildiyi və ölümə göndərildiyi qeyd olunub. O, bu hadisələri 20-ci əsrin ən ağır faciələrindən biri kimi dəyərləndirib.
Trampın bəyanatından: “Bu gün biz Mets Yeghern xatirəsini anır və 20-ci əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkmiş möhtəşəm insanların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı imperiyasının son illərində bir çox erməni deportasiya edildi və ölümə göndərildi. Bu Anım Günündə biz ABŞ-dakı və dünya üzrə geniş erməni icmasına qoşularaq, itirilmiş saysız-hesabsız həyatlara yas tuturuq.”
Qeyd edək ki, ABŞ prezidentlərinin 24 aprel bəyanatlarında “soyqırımı” sözünü işlətmək siyasi və diplomatik baxımdan mübahisəli mövzudur. Trampın bu sözdən qaçınması Türkiyə ilə münasibətləri nəzərə alaraq ehtiyatlı mövqe kimi qiymətləndirilir. Onun sələflərindən Barak Obama da prezidentliyi dövründə bu ifadəni açıq şəkildə işlətməkdən çəkinmişdi.
Fatimə Nəbiyeva
12:10 25.04.2025
Oxunuş sayı: 753