Türkiyə: Eurofighter təyyarələri ilə bağlı danışıqlar Böyük Britaniya ilə aparılır

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Almaniyanın Eurofighter döyüş təyyarələrinin satışını təsdiqləmədiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazir bu məsələ ilə bağlı sualları cavablandırarkən bildirib ki, Türkiyə Eurofighter Typhoon qırıcılarının alınması ilə bağlı danışıqları Almaniya ilə deyil, Böyük Britaniya ilə aparır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Yaşar Gülərin sözlərinə görə, bu sahədə planlaşdırılan proses tam şəkildə və nəzərdə tutulduğu kimi davam edir. “Eurofighter təyyarələrinin satışı ilə bağlı danışıqları Almaniya ilə yox, Böyük Britaniya ilə aparırıq. Proses tam planladığımız şəkildə davam edir”, – deyə Gülər vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Handelsblatt” qəzeti Berlinin İstanbulun meri Əkrəm İmamoğlunun həbsi səbəbilə təxminən 30 ədəd Eurofighter təyyarəsinin Türkiyəyə satışını əngəllədiyini yazmışdı. Lakin Ankara bu xəbərləri təkzib edərək danışıqların əsas tərəfdaşının Böyük Britaniya olduğunu bir daha xatırladıb. Bu açıqlama Türkiyənin müdafiə sənayesində müstəqillik və alternativ tərəfdaşlarla əməkdaşlığa davam etmək niyyətində olduğunu göstərir.
Fatimə Nəbiyeva
11:50 25.04.2025
Oxunuş sayı: 723