Kəşmirdə qanlı hücumdan sonra Hindistandan Pakistana qarşı sərt cavab

Hindistan Kəşmirin Pahalgam şəhərində baş vermiş və 26 nəfərin ölümü ilə nəticələnmiş hücumdan sonra Pakistanla münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı bir sıra tədbirlər görəcəyini açıqlayıb.
Crossmedia.az bildirir ki,Hindistanın xarici işlər naziri Vikram Misrinin sözlərinə görə, hücumun Pakistanla əlaqəsi olduğu ehtimal edilir və məsələ Təhlükəsizlik Şurasının təcili iclasında müzakirə olunub.
Rəsmi Dehli aşağıdakı addımları atacağını bəyan edib:
Pakistanla əsas quru sərhəd keçid məntəqəsi bağlanacaq;
Hind və çayı üzrə su bölgüsü razılaşması dayandırılacaq, bu da Pakistanda quraqlıq təhlükəsi yarada bilər;
SAARC çərçivəsində pakistanlılara tətbiq olunan vizasız rejim ləğv olunacaq, Hindistanda olan vətəndaşlara ölkəni tərk etmək üçün 48 saat veriləcək;
Dehlidəki Pakistan səfirliyində müdafiə məsələləri üzrə müşavirlər ölkədən çıxarılacaq;
Hindistanın İslamabaddakı səfirliyinin heyəti 55 nəfərdən 30 nəfərə endiriləcək.Cavab olaraq Pakistanın Baş naziri Şahbaz Şərif Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Həmçinin hücumun məsuliyyətini az tanınan “Resistance Front” (TRF) qruplaşması öz üzərinə götürüb. Qruplaşma hücumu bölgədə “demoqrafik dəyişikliklərə” qarşı həyata keçirdiyini bildirib. Hadisə nəticəsində 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub, daha 17 nəfər isə yaralanıb.
Pakistan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı başsağlığı versə də, hücumda əli olduğuna dair iddiaları rədd edib.Hadisə Hindistan hökumətinin Kəşmirdə vəziyyətin “normallaşdığı” iddialarına ciddi zərbə vurub. Ekspertlərin fikrincə, problemin siyasi həlli tapılmadıqca zorakılıq davam edəcək və vəziyyətin sabit göstərilməsi yeni hücumlara səbəb ola bilər.
Qeyd edək ki,hücumdan sonra bir çox turist təhlükəsizlik səbəbi ilə Kəşmiri tərk etməyə başlayıb. TRF qruplaşması isə bildirib ki, hücumun hədəfi adi turistlər deyil, Hindistanın güc strukturları ilə əlaqəsi olan şəxslər olub və regionda fəaliyyətlərini gücləndirəcəklərini açıqlayıb.
Fidan Xəlilova
18:58 24.04.2025
Oxunuş sayı: 958