Putin: “Ukraynanın işğalını dayandıra bilərik”

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müdaxilənin hazırkı cəbhə xəttində dondurulmasını təklif edib. Bu təklif ABŞ dövlət katibi Marko Rubionun “proses irəliləməsə, Birləşmiş Ştatlar sülh vasitəçiliyindən çəkilə bilər” açıqlamasından sonra irəli sürülüb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Sankt-Peterburqda keçirdiyi görüşdə Putin, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffa bildirib ki, Kiyevin nəzarətində qalan dörd region üzrə ərazi iddialarından imtina edə bilər. Lakin bunun müqabilində Krımın Rusiyaya məxsusluğunun və hazırda Rusiya nəzarətində olan ərazilərin de-fakto tanınması təklif edilib. Ukrayna bu təklifi qəbuledilməz adlandırıb.
Bu, Putinin müharibə başlayandan bəri irəli sürdüyü ən ciddi geri addım kimi qiymətləndirilsə də, Avropa rəsmiləri ehtiyatlı yanaşaraq bunun Trampa güzəşt edilməsinə yönəlmiş siyasi manevr ola biləcəyini bildiriblər. Avropalı diplomatların “Finənşl Tayms”a verdiyi məlumata görə, Trampa Ukraynaya təzyiq göstərmək üçün bu plan irəli sürülə bilər.
Mövzu çərşənbə günü Londonda keçiriləcək görüşdə Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında müzakirə olunacaq. Lakin Vitkoff və dövlət katibi Rubionun bu görüşə qatılmayacağı bildirilib. Görüşdə Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloqun iştirakı gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib: “Amerikalılarla intensiv danışıqlar aparırıq. Bu asan deyil və açıq şəkildə aparılan proses deyil.”
Tramp isə sosial şəbəkədə paylaşımında bildirib: “Ukrayna və Rusiya bu həftə razılığa gəlməli və ABŞ-la ticarətə başlamalıdır. Hamımız çiçəklənməliyik.”
Zelenski: “Danışacaq bir şey yoxdur”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Trampdan hələlik rəsmi təklif almayıb. Amma atəşkəs əldə olunacağı təqdirdə Putinlə birbaşa görüşə hazırdır. O, Krım məsələsində heç bir güzəştə getməyəcəklərini bir daha vurğulayıb:
“Krımın işğalını tanımayacağıq. Bu, Ukrayna xalqının torpağıdır. Danışacaq bir şey yoxdur.”
Paris görüşündə ABŞ rəsmilərinin irəli sürdüyü planlar arasında cəbhə xətti boyunca atəşkəs zonasının yaradılması və bu zonaya NATO üzvü olmayan neytral qüvvələrin yerləşdirilməsi də yer alıb.
Zəhra Ağayeva
13:40 24.04.2025
Oxunuş sayı: 953