Türkoloq alim: "Tərəddüdlərə baxmayaraq, vahid ədəbi dil formalaşacaq" - MÜSAHİBƏ

Türkçülük bu gün bütün dünyada əsas cərəyanlardan biri kimi qəbul olunur. Amma, bu, həm də türkçülük ideologiyasının özü ilə bağlı məsələ deyil. Həm də türk dünyasının beynəlxalq geosiyasətdə oynadığı rolla bağlıdır. Bu gün Türk Dövlətləri Təşkilatları böyük bir gücə çevrilib. Bu isə həm də türkçülük ideologiyasına marağı artırır.
Tədqiqatçı alim, filosof, professor Rafael Əhmədli Crossmedia.az-a geniş müsahibə verib:
- Klassik mənada türkçülük dedikdə nəyi başa düşməliyik?
- Türkçülüyün yayılması və bütün türk xalqlarını əhatə edən böyük bir ideoloji cərəyan halına gəlməsində, şübhəsiz ki, çar Rusiyasında yaşayan bütün türk ziyalılarının payı vardır. Qaspıralı İsmayıl bəylə başlayan cərəyan genişlənərək Azərbaycan, Qazan və Türküstana qədər yayılmışdı. Rus millətçiliyi və şovinizminə qarşı mübarizədə türkçülüyü imperiyadakı türk ziyalıları və mütərəqqi din adamları özləri üçün bir mədəni və siyasi-ideoloji doktrina olaraq qəbul etmişdilər. Ümumiyyətlə, klassik mənada türkçülük dedikdə, bir milli ideologiya nəzərdə tutulur. Milli ideologiyalar adətən fərdi istəkdən deyil, tarixi zərurətdən yaranır. XIX-cu əsrin sonları və XX əsrin əvvəllərində İslam Şərqində, xüsusilə də Türk dünyasında belə bir zərurət meydana çıxmışdı. Bu dövrdə türklərin ən böyük dövləti olan Osmanlı imperiyası çöküş mərhələsinə qədəm qoymuş və getdikcə Avropa dövlətlərinin təsirinə məruz qalırdı.
Digər tərəfdən, Azərbaycan türklərinin yaratdığı böyük imperiyalar — Səfəvilər və Əfşarlar dövləti — artıq tarix qovuşmuşdu. Azərbaycanın şimalı dövlətsizləşdirilərək Rusiyanın işğal daırəsinə keçirilmiş, cənubunda isə Qacarlar dövləti zəifləyərək təsir imkanını itirmişdi. Belə bir şəraitdə türk ziyalıları mühüm sual qarşısında qalmışdı: mövcud dövləti necə gücləndirmək və ya dövlət yoxdursa, onu necə qurmaq lazımdır? Məhz bu ideoloji axtarışların nəticəsində türkçülük ideyası formalaşmağa başladı. Xüsusilə Azərbaycan türkləri bu prosesdə qabaqcıl rol oynadılar. Avropada İntibah və Maarifçiliyin demokratik və milli dövlətlərin formalaşmasına təsir göstərməsi prosesinin getdiyi dövrlərdə, xüsusilə XIX-cu əsrin ortalarından Şərqdə də bu proses, düşüncə və fikir axını olaraq ilk dəfə Azərbaycan ziyalıları tərəfindən başlanılırdı. Ən böyük türkçülülərdən sayılan Ziya Göyalp qeyd edirdi ki, Türkiyədə Əbdülhəmid bu qüdsi axını (türkçülüyü) durdurmağa çalışarkən Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundzadədir ki, azəri türkcəsində yazdığı orijinal komediyalar bütün Avropa dillərinə tərcümə edilmişdir. Mirzə Fətəli Axundzadəni türkçü adlandırmaq çətin olsa da, o, mədəni-maarifçi türkçülüyün əsasını qoymuşdu. Azərbaycan türkcəsində yazdığı komediyalar vasitəsilə dilin inkişafına və milli şüurun formalaşmasına mühüm töhfə vermişdi. Onun bu xəttini Həsən bəy Zərdabi davam etdirərək milli mətbuatın əsasını qoymuş və dil məsələsini ön plana çıxarmışdı.
Bu dövrdə İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə və Şeyx Cəmaləddin Əfqaninin ideyaları bir-birini tamamlayırdı. Xüsusilə Şeyx Cəmaləddin Əfqani Şərqin geridə qalmasının səbəblərini araşdırmaqla yanaşı bildirirdi ki, insanları bir- birinə bağlayan qüvvə iki vacib şeyi tələb edir ki, bunlar olmasa birlikdə ola bilməz, bunlar din birliyi və dil birliyidir. O, dil birliyinin daha davamlı və təsirli olduğunu vurğulamışdı, bir millət yüzillərlə, hətta min illərlə bir dildə danışaraq yaşadığı halda dinini dəyişə bilir.
Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Şeyx Cəmaləddin Əfqani və digər mütəfəkkirlər milli ideya olaraq mədəni-maarifçi türkçülüyün əsəsınə qoymuşlar. Bu ideya Avropadakı kimi milli dil əsasında milli kimlik şüurunun və milli özünüdərkin formalaşmasına xidmət etmişdir. Axundzadə dövrünün tələblərinə uyğun olaraq həm hərbçi, həm də bir dövlət qulluqbusu olaraq millətinə misilsiz xidmətlər göstərmişdir.
Çar Rusiyası dövründə Axundzadə əsərlərində milli dövlətin atributlarını ustalıqla ifadə etmiş, "parlament", "respublika", "konstitusiya" kimi anlayışları və hətta "millət" terminini Azərbaycan ədəbiyyatına ilk dəfə gətirərək bu sözlərin sadəcə lüğəvi mənasını nəzərdə tutmurdu. Məqsəd millətin inkişafını və dövlət səviyyəsində yaşamasını təmin edəcək atributlara malik bir milli dövlətin qurulmasının vacibliyini ziyalılara anlatmaq məqsədini qarşısına qoyurdu. Axundzadə sanki milli dövlətin ideya carçısına çevrilmişdi. Çünki onun vurğuladığı atributlar — demokratik dəyərlər, milli dil və milli kimlik — məhz milli dövlətin əsasını təşkil edən əlamətlər idi.
Bu proses XIX əsrin sonlarında "Əkinçi" qəzetinin nəşrindən sonra daha da sürətləndi. 1880-ci illərdən başlayaraq milli mətbuat, milli dil, milli mənəviyyat və milli kimlik məsələləri inkişaf etdirildi və XX əsrin əvvəlinə qədər bu ideyalar kifayət qədər formalaşdı. Nəticədə XX əsrdə həmin ideyalar əsasında yetişən Azərbaycan ziyalıları milli dövlət quruculuğunda aparıcı rol oynadılar.
- İsmayıl bəydən danışdınız. Onun türk birliyinin formalaşmasında xidmətləri nə olub?
- Haqlı olaraq bütün türkçülər İsmayıl bəy Qaspralını türk birliyi ideyasının atası hesab edirlər. O, bu ideyanın əsasını son dərəcə ustalıqla qoymuşdu. Əslində İsmayıl bəy Qaspralının türkçülük və millətçilik hisslərinin formalaşmasında dövrün siyasi mühitinin, xüsusilə rus Panslavyanizmi kimi ideoloji cərəyanların təsiri olmuşdu. Xüsusilə Panslavizmin əsas təbliğatçılarından biri olan Katkovun türklər əleyhinə yazmış olduğu məqalələrinə qarşı təpki və dirənişlərinin nəticəsində onda türkçülük ideologiyası formalaşmışdır. Məhz bu cür ideoloji təzyiqlərə cavab olaraq, İlk yazılarını İstanbulda yazaraq Moskva və Peterburqda rus qəzetlərində nəşr etdirən İsmayıl bəy, nəhayət, «Russkoe Musulmanstvo» adlı 45 səhifəlik silsilə yazıları ilə mənsub olduğu millətin yalnız tatarlardan deyil, bütün dünyadakı türklərdən ibarət olması fikrini irəli sürür, Asiya və Avropada yaşayan türklərin vahid bir millət kimi «dildə, fikirdə və işdə birliyi» ideyasını gündəmə gətirir, türk-tatar millətini məhv olmaqdan qurtarmaq üçün yollar axtarır və bütün mənalı həyatını bu işə sərf edir. Bu mənada İsmayıl bəyin düşüncə tərzi onun bu məsələlərə müxtəlif zamanlarda nəşr etdiyi məqalələrdə verdiyi cavabların tarixi, əməllərinin tarixi isə yaşadığı dövrlərdə tapdığı cavabların həyata keçməsi uğrunda apardığı mübarizələrin tarixidir.
İsmayıl bəy Qaspralı vahid dil ideyasını təkcə nəzəri səviyyədə irəli sürməklə kifayətlənmədi. İsmayıl bəy o dövrdə bütün türk aləmində, xüsusilə Şimal və Şərq türklüyündə «Avropalaşma»nın ən fəal təbliğatçısı adını aldı. İsmayıl bəy inanırdı ki, türklər milli dillərini tam qoruyub saxlamaqla avropalılaşsa, türk millətinin gələcək həyatı parlaq olacaq. «Dildə, fikirdə, işdə birlik» prinsipini «Tərcüman» qəzetinin şüarına çevirən İsmayıl bəy təkcə yazı yazmaqla kifayətlənmir, belə ki, hər il türk dünyasının müxtəlif yerlərinə səyahətlər edərək Türkiyə, Qafqaz, Türküstan, Qazan, Qasım (Tatarıstanda) və hətta Litvanı gəzərək oralardakı türk-tatar aristokratları, zənginləri, alimləri, yoxsulları ilə görüşərək fikir mübadiləsi aparır, Çindən Almaniyaya, Şimal Buzlu okeandan Afrikaya və Hind Okeanına qədər Türk və İslam aləminin aydınlarıyla eyni məsələlər üzərində xəbərləşirdi. Bütün Türklərin dildə, fikirdə, işdə birliyini təmin etmək üçün İsmayıl bəy konkret olaraq ibtidai və orta məktəblərdə türk dilinin tədrisinə dair proqram hazırlamış və bu proqram Avropa tipli «Üsuli-cədid»lərdə tətbiq olunmuşdu. Bu proqramın məqsədi türklər üçün vahid «ədəbi dil» və ya «Ümumi türk dili» yaratmaq olduğundan o, sonda türklərin fikir və iş birliyini təmin edəcəkdi ki, bu da ən böyük türkçülük idi. Doğrudan da, İsmayıl bəy Qaspıralının «Dildə, fikirdə, işdə birlik» prinsipi bütün türkçülük məfkurəsinin dil, ədəbiyyat, sosiologiya və hətta siyasət sahəsində özünə qədərki bütün məsələləri özündə birləşdirmiş, özündən sonrakı bütün türkçülərə öz təsirini göstərmişdir. Açıq etiraf etmək gərəkdir ki, İsmayıl bəyə qədər bu fikri heç bir türkçü - nə Osmanlı, nə Qafqaz və nə də Qazan türkçüləri bu qədər açıqlıqla, əzm və israrla istər nəzəri, istərsə də praktik cəhətdən davamlı şəkildə həyata tətbiq edə bilməmişlər. Bunun nəticəsidir ki, İsmayıl bəy Qaspıralını ondan sonrakı bütün türkçülər «türkçülük» ideologiyasının mərkəzi siması saymış, onu «Ümum türk dili»nin atası hesab etmişlər.
Türkçülük ideyası M. F. Axundovun, H. Zərdabinin, Ünsüzadə qardaşlarının və adlarını çəkmədiyimiz, ruhunu ehtiramla yad etdiyimiz digər ziyalıların düşüncə məktəbi üzərində formalaşaraq, XX əsrin əvvəllərində mədəni maarifçi türkçülük siyasi məna kəsb edərək siyasi maarifçiliyin və siyasi türkçülüyün inkişafına gətirib çıxardı.
Siyasi türkçülüyün əsasını Yusif Akçura, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Tunalı Hilmi bəy, Ziya Göyalp və digər ziyalılar qoydu. Bu mərhələdə türkçülük artıq bir ideya deyil, konkret siyasi ideologiya səviyyəsinə yüksəldi. Bu illərdə ziyalılar arasında gedən əsas mübahisə və müzakirə bir sual ətrafında gedirdi: zəifləmiş olan Osmanlı dövlətini hansı ideya əsasında gücləndirmək və bir arada saxlamaq olar: Osmançılıq, islamçılıq, yoxsa türkçülük?
Bu məsələyə ilk fundamental cavabı Yusif Akçura "Üç Tarz-ı Siyasət" əsərində verdi. Belə ki, Parisdə təhsilini bitirib diplom aldıqdan sonra Türkiyəyə qayıtması mümkün olmadığından o, öz vətəninə dönməyə məcbur oldu. Akçuraoğlu ailəsinin əsl vətəni olan Züyəbaşı kəndinə gəlib əmisi Yusif bəyin yanında yaşayır. Məşhur əsəri olan «Üç tərzi-siyasət»i burada yazıb Qahirədə nəşr olunan «Türk» qəzetində çap etdirir. Bu məqalə ilk dəfə olaraq açıq bir şəkildə «Osmançılıq, İslamçılıq və Türkçülüyü» şərh etməklə Türkçülüyü siyasi cəhətdən bütün açıqlığı ilə gündəmə gətirdi. Məqalədə Yusif Akçuraoğlunun bütün tarixi həqiqətləri araşdıraraq çıxardığı nəticələrdə bildirirdi ki, Osmanlıçıların osmanlı milləti adı altında imperatorluğu qoruyub saxlamaq niyyəti «zənnimcə boş bir yorğunluqdur» .İslam birliyi məsələsinə tam ehtiyatla yanaşmasına baxmayaraq, Akçuroğlu məqalənin bir çox yerlərində elə faktlar gətirir ki, bu faktlar onun islam birliyi məsələsinə də inanmadığını göstərir.
- Türk birliyi son zamanlarda çox inkişaf edir və xeyli aktuallaşıb. Bu məsələnin tarixi kökləri barədə nə deyə bilərsiniz?
- Türk birliyi məsələsini ilk dəfə olaraq siyasi, elmi, fəlsəfi və ideoloji cəhətdən şərh edən Yusif Akçuraoğlu özünə qədərki bütün türkçülərin fikir və mülahizələrini ümumiləşdirmişdir. O, yazırdı ki, Əsil böyük fayda dilləri, irqləri, adət-ənənələri və hətta əksəriyyətinin dinləri belə bir olan, Asiya qitəsinin böyük bir hissəsi ilə Avropanın Şərqinə yayılmış olan türklərin birləşməsinə və beləliklə də, digər böyük millətlər arasında öz varlığını qoruyub saxlaya biləcək böyük bir siyasi millət təşkil etmələrinə xidmət edəcək.
Akçuraoğlunun bütün bu fikirlərini nəzərə alan öz müasirləri belə onu Türkçülük hərəkatının başçısı, qurucusu və yayıcısı kimi qəbul etmişlər. Belə ki, türkçülüyü bir sistem halına salan məşhur ideoloq Ziya Goyalp Akçuraoğlu Yusif bəy haqqında yazırdı ki, O zaman Misirdə çıxan «Türk» qəzetində Əli Kamal «Osmanlı Birliyi» fikrini irəli sürərkən Akçuraoğlu Yusif bəylə Fərid bəy «Türk Birliyi» siyasətini tövsiyə edirdilər.
Heç şübhəsiz ki, türkçülük ideyasına yaranmasında və formalaşmasında Əli Bəy Hüseynzadə yeri və rolu olduqca böyüudür. O, türkçü bir həyatı, islama hörməti əsas götürərək Avropa mədəniyyətindən faydalanmağı təməl görüş kimi qəbul etmiş, türk birliyinə gedən yolda ən əhəmiyyətli şeyin dil olduğu düşüncəsilə İstanbul türkcəsinin bütün türk ellərinə yayılmasına, Qafqaz türklərini əsrlər boyu məzhəb duyğuları ilə özünə çəkməyə çalışan iranlılıq ilə yaxın zamanda ortaya çıxan ruslaşdırma siyasətinə qarşı türkçülüyü, türklüyü müdafiəyə, sünni-şiə ixtilafının aradan qalxmasına, Osmanlı mədəniyyətinin tanınıb sevilməsinə çalışmış və bu yolda əvəzsiz işlər görmüşdür.
Bütün mənalı həyatını türkçülüyə - türk millətinin yüksəlməsinə sərf edən Əli bəy Hüseynzadə Yusif Akçuraoğlunun Qahirədə nəşr olunan «Türk» qəzetində çap etdirdiyi Osmanlılıq, tütkçülük, islamçılıq ideologiyasına həsr edilən «Üç Tərzi-siyasət» məqaləsinə cavab olaraq yazdığı «Məktubi-məxsus», «Həyat» qəzetində çap etdirdiyi «Türklər kimdir və kimlərdən ibarətdir?» və xüsusilə Əbu Turab Axunda cavabən yazdığı «Bizə hansı elmlər lazımdır?» məqaləsi ilə «Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq» tezisini irəli sürmüş və baş redaktoru olduğu «Füyuzat» jurnalında bu ideoloji sistemi həryönlü şərh edərək belə bir nəticəyə gəlmişdir ki, «Füyuzat»ın tutduğu yol Türklük, Müslümanlıq və Avropalılıqdır. «Turan» seri ilə türkçülüyü önə sürən Əli bəy Hüseynzadə türkçülük tarixinin təməl daşlarından biri olub türkçülüyün böyük ideoloqu Ziya Göyalp da daxil olmaqla sonrakı türkçülərin yetişməsində əvəzsiz xidmətlər göstərmişdir. O, türk millətçiliyinə yalnız siyasi, dini və ideoloji yöndən deyil, iqtisadi cəhətdən də bağlı idi.
Yusif Akçuraoğlu Əli bəy Hüseynzadədən bəhs edərkən yazırdı: «Qısası, Hüseynzadə Əli bəy, Azərbaycanda yalnız dil və ədəbiyyat sahəsində deyil, hətta siyasət teoriyasında belə mərkəz Osmanlı dövləti olmaq üzrə bütün türkçülük, hətta Panturanistlik fikri axımına ilk açıqlıq gətirən insandır» . Başda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Məmməd Əmin olmaqla Azərbaycanın o dövrdəki siyasi xadimləri siyasi türkçülüyü ilk dəfə proqram halına salan və dünyadakı əsir türklərin hürriyyət və istiqlallarını tələb edən ilk mücahidlər idilər. Onlar, xüsusilə Ə.Ağayev və M.Ə.Rəsulzadə ümmətçilik əvəzinə milliyyətçilik, islamçılıq əvəzinə türkçülük ideologiyasını irəli sürmüş, maarifçi milliyyətçiliklə siyasi milliyyətçiliyi çulğalaşdıraraq belə bir fəlsəfi fikri əsaslandırmışlar ki, Siyasi və milli dövlətə, milli hürriyyət və milli istiqlala malik olmayan millətlərin milli varlıq və milli mədəniyyətlərini qoruyub inkişaf etdirmələri imkan xaricindədir. Türkçülük ideologiyası o, dövrdə dünyada mövcud olan bir sıra millətçi ideologiyalardan təbiiki öz mahiyyətinə görə fərqlənirdi. Türkçülüyün və «Panturanizmin» mahiyyətini şərh edərkən M.Ə.Rəsulzadə yazırdı ki, Şərqdəki milli hərəkatın bir növü kimi panturanizm Qərbdə irticaçı sayılan və çox vaxt şovinizm adlandırılan millətçilikdən bir qədər fərqlənir. Şovinizm təcavüzkar hərəkatdır və əsasən artıq milli birliyə malik kapitalist dövlətinin öz hakimiyyətini gücləndirməyə və ərazisini genişləndirməyə can atan dövlətin ekspansiyası amillərinə əsaslanan bir hadisədir. Avropa millətçiliyi siyasi cəhətdən təcavüzkar ideologiyadır. Şərqdəki millətçilik isə siyasi cəhətdən müdafiə, sosioloji cəhətdən isə mütərəqqi hadisədir.
- Bəs müasir türkçülük klassik türkçülükdən nə ilə fərqlənir?
- Zaman dəyişib, dünya qloballaşıb, türkdilli dövlətlər öz müstəqil siyasətlərini formalaşdırırlar. Lakin bu gün də Türk Dövlətləri Təşkilatın (TDT), vahid türk dili, vahid əlifba , iqtisadi və siyasi əməkdaşlıq dövrümüzdə daha da aktuallaşır bütün bunların nəzəri əsasları əslində XIX əsrin sonları XX əsrin əvvəllərində böyük mütəfəkkirlərimiz tərəfindən qoyulmuşdu.
- Hazırda türk cümhuriyyətlərinin birliyə doğru yönəlməsi prosesi necə dəyərləndirilə bilər?
- Hazırda türk cümhuriyyətləri müəyyən siyasi maraqları nəzərə alaraq, ortaq türkçülük ideyası istiqamətində addımlar atır. Bu prosesdə zaman-zaman fərqli yozumlar, sağa-sola əyintilər, tərəddüdlər və hətta qısqanclıqlar müşahidə olunsa da, əsas hədəf dəyişməz qalır. Ən vacib məsələ ideyanın formalaşmasıdır. İdeyanın nə qədər tez formalaşmasının heç bir mənfi tərəfi yoxdur. Əgər ideyanı millət, ziyalılar və elm adamları qəbul edirsə, bu artıq ideologiyaya çevrilir. İdeologiya isə geriyə dönüşü olmayan bir hədəfə çevrilir. Bu gün bəzi Mərkəzi Asiya ölkələrinin tərəddüdləri başa düşüləndir. Lakin millət bu ideyanı mənimsəyibsə, bu proses qaçılmaz şəkildə davam edəcək. Vahid əlifbanın qəbulu bu prosesin başlanğıcıdır. Ardınca vahid ədəbi dil formalaşacaq, bu isə öz növbəsində iqtisadiyyata, sosial həyata, fəlsəfi və siyasi düşüncəyə təsir edəcək. Bu, artıq qarşısıalınmaz bir ideoloji inkişaf xəttidir.
- Sizcə, vahid türk əlifbasının qəbuluna nə qədər zaman qalıb?
- Əsas məsələ artıq ideyanın qəbul olunmasıdır. ilkin mərhələdə bu məsələni razılaşdırıblar və sevindirici haldır ki, latın qrafikalı Azərbaycan əlifbası əsas kimi qəbul olunur. Bu razılaşma varsa, deməli, proses mütləq reallaşacaq. Sadəcə dəqiq vaxt barədə danışmaq çətindir. Bu, zəruri və qaçılmaz bir məsələdir.Çünki millət bu ehtiyacı hiss edir, ziyalılar, alimlər bu istiqamətdə ciddi fəaliyyət göstərir. Eyni zamanda dərsliklər sahəsində də müzakirələr başlayıb. Vahid əlifba formalaşandan sonra vahid türk dili istiqamətində ortaq dərsliklərin hazırlanması zəruri olacaq. Ədəbiyyat sahəsində bu tendensiya artıq hiss olunur. Gələcəkdə bu, bütün təhsil sistemini əhatə edəcək.
- Digər türk dövlətlərindəki həmkarlarınızla bu sahədə əməkdaşlıq necə qurulub?
- Bəli, bu istiqamətdə artıq geniş əməkdaşlıq formaları mövcuddur. Məsələn, 2023-cü il sentyabrın 15-də Qazaxıstan Manas Universiteti, Qaziantep Universiteti, Amasya Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkoloji Mərkəzin əməkdaşlarının iştirakı ilə “Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsi” adlı onlayn görüş keçirilmişdir. Layihənin əsas mövzusu “XXI əsr Türk əsri: Azərbaycan və Ulu öndər Heydər Əliyev” olaraq müəyyən edilmişdir. 2024-cü il martın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji Mərkəz fəaliyyətə başlamışdır. Türkoloji mərkəz üç bölmədən: Türk ədəbiyyatı bölməsi, türk dilləri bölməsi və türk tarixi bölməsindən ibarətdir. Türkoloji mərkəzin rəhbəri f.ü.f.d Şəkər Məmmədova, Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev, Türk ədəbiyyatı şöbəsinin müdiri professor Elman Quliyev, Türk dilləri bölməsinin müdiri professor Mirvari İsmayılovadır. Türkoloji mərkəzdə bölmələr üzrə altı mütəxəssis fəaliyyət göstərir. Hər bir mütəxəssis öz sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparır və konfranslarda çıxış edir.
Türkoloji mərkəz olaraq digər universitetlərin nəzdində və ölkə xaricində fəaliyyət göstərən Türkoloji mərkəzlərlə əlaqələr qurulur və birlikdə elmi araşdırmalar aparılır, konfranslar keçirilir. Türkoloji Mərkəzin “Mahmud Kaşğarlı” adlı beynəlxalq elmi jurnalı dərc edilir. Bu il mayın yeddisində Türkiyənin Təhsil və Elm Çalışmaları Akademiyası(ASES) və ADPU Türkoloji Mərkəzin birgə təşkil etdiyi “Gelenekten geleceğe” adlı beynəlxalq konfransı keçirilmişdir. Mayın 31-də ADPU-da Türkoloji Mərkəz və “Ziyalı Ocağı” İctimai Birliyin təşkilatçılığı ilə “Türk dünyası- köklər, budaqlar və aydın sabahlar” adlı beynəlxalq konfrans keçirilmişdir. 2024-cü il noyabrın 28-də ADPU-da Türkoloji Mərkəzin təşkilatçılığı ilə Fazil Ərdəmin “Etimoloji araştırmalardan seçmələr” adlı kitabının təqdimatı keçirilmişdir. 2024-cü il dekabrın doqquzunda İKSAD, Odlar Yurdu universiteti, Türkoloji Mərkəz, Nəsimi adına Dilçilik İnstitutu və Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun təşkilatçılığı ilə “Mahmud Kaşğarlı” II Beynəlxalq Elm, Mədəniyyət və Təhsil Konqresi keçirilmişdir. 2025-ci aprelin 21-də ADPU Türkoloji Mərkəzin və Özbəkistan Cizzax Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Ədəbi əlaqələr- yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilmişdir. Konfransda ADPU və Özbəkistan universitetlərinin professor-müəllim heyəti ilə ədəbi əlaqələr mövzusunda diskussiya şəklində davam etmişdir. Türkoloji mərkəzin əməkdaşlarının məqalələri Səmərqənddə yayımlanmış Beynəlxalq “TÜRKOLOJİ ARAŞTIRMALARI” jurnalında silsilə şəklində çap edilmişdir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Asiya dövlətlərinin elmi müəssisələri ilə sıx əlaqələr qurub, coddi elmı araşdırmalar aparılır. AMEA Fəlsəfə və Sosiologiya institutunda “Türk xalqlarının fəlsəfəsi ” şöbəsi yaradılıb və bu istiqamətdə elmi araşdırmalar aparılır.
- Gələcəkdə vahid türk himni hazırlana bilərmi?
- Əlbəttə. Bu istiqamətdə addımlar atılmağa başlanılıb. Hətta vahid türk himni məsələsi də artıq müzakirə mövzusuna çevrilib. Gələcəkdə türk dünyasını birləşdirən ideologiyanı əks etdirən, ortaq ruhu ifadə edən yeni himn bəstələnə bilər.
Kənan Novruzov,
Ləman Həsənova
12:55 24.04.2025
Oxunuş sayı: 2170