Rusiya Google-a yenidən cərimə tətbiq etdi

Moskva məhkəməsi, Ukrayna müharibəsində həlak olan Rusiya əsgərlərinin şəxsiyyətinin ifşa edildiyi iddiası ilə Google-a 3,8 milyon rubl (təxminən 46 min 240 ABŞ dolları) cərimə kəsib.
ABŞ mərkəzli “Alphabet”şirkətinə bağlı Google, Rusiya hərbi qulluqçularına dair şəxsi məlumatların yayılması səbəbilə günahkar bilinib.
Crossmedia.az Rusiya dövlət xəbər agentliyi “TASS”istinadən xəbər verir ki, məhkəmə qərarında Rusiya Federal Rabitə, İnformasiya texnologiyaları və KİV-ə Nəzarət xidmətinin tapıntılarına istinad edilib. Qurum, YouTube platformasında yerləşdirilmiş videolarda Rusiya əsgərlərinin kimliyinin və digər şəxsi məlumatlarının yayılmasını təmin edən “qadağan edilmiş məzmun”un yer aldığını müəyyən edib.
Məhkəmə bu materialın Rusiya qanunvericiliyini pozduğunu və şəxsi məlumatların yayılmasının yolverilməz olduğunu bildirib.
Eyni məhkəmə bundan əvvəl də Google-a qarşı bir neçə dəfə cərimə qərarı çıxarıb. Bu qərarlardan biri YouTube-da Rusiya əsgərlərinin necə təslim olacaqlarının izah edildiyi videoya, digəri isə Rusiya dövlət mediasına qarşı tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.
Yerli mediada yayılan məlumatlara görə, Google-a Rusiyada tətbiq olunan ümumi inzibati cərimələrin həcmi artıq 2 undesilyon rubla (təxminən 2,4 desilyon dollar) çatıb. Undesilyon – 36 rəqəmli bir ədədi ifadə edir. Gecikmiş ödənişlər səbəbilə bu borcun artmağa davam etdiyi bildirilir.
Google-a tətbiq edilən bu cərimələrin ümumi məbləği, 2023-cü ildə dünya üzrə qeydə alınan ümumi ÜDM-dən (106 trilyon dollar) daha yüksəkdir.
Mədinə Cəlilova
21:57 22.04.2025
Oxunuş sayı: 646