Vens Hindistanda: “Əgər əməkdaşlıq mümkün olmasa, XXI əsr çox qaranlıq ola bilər”

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Hindistana səfəri zamanı iki ölkənin əməkdaşlıq etməməsi halında XXI əsrin “çox qaranlıq” bir dövrə çevrilə biləcəyini bildirib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, dörd günlük səfəri çərçivəsində Hindistanın şimal-qərbindəki Caypur şəhərində çıxış edən Vens, ABŞ-nin Hindistanla daha sıx əlaqələr qurmaq məqsədilə bu ölkəyə daha çox enerji və müdafiə avadanlığı satmaq istədiyini deyib. Vens bəzi Qərb ölkələrinin “oxşarlıq və monotoniya”sının əksinə olaraq Hindistanın “daha canlı” bir ölkə olduğunu vurğulayıb.
Prezident Donald Trampın tətbiq etdiyi gömrük tariflərinin qlobal ticarət balansını yenidən formalaşdıracağını qeyd edən Vans, bunun Hindistan xalqı üçün böyük fayda gətirəcəyini bildirib.
O, “Hindistan və ABŞ uğurlu şəkildə əməkdaşlıq edə bilsə, müreffəh və dinc bir XXI əsr görəcəyik” deyərək, bu əməkdaşlığın uğursuz olması halında isə “bütün insanlıq üçün çox qaranlıq bir dövr” yaşana biləcəyinə inandığını bildirib.
Vitse-prezident Hindistanın F-35 qırıcıları da daxil olmaqla ABŞ-dan daha çox hərbi texnika almasının “təbiilik” olduğunu deyib. O, hər iki ölkənin ortaq hərbi təlimlərini xatırladaraq, daha çox əməkdaşlıq etmək istədiklərini və Hindistanın ABŞ-dən daha çox müdafiə avadanlığı almasının vacib olduğunu bildirib.
ABŞ-nin Hindistana enerji satmaq və ölkənin enerji resurslarını kəşf etməsinə yardım etmək istədiyini deyən Vens, nüvə enerjisinin də iki ölkə üçün prioritet sahələrdən biri olduğunu qeyd edib.
Vens şəxsi səfər məqsədilə Hindistanda olan hindistanlı kökənli həyat yoldaşı və üç övladı ilə birlikdə ölkəyə gəldiyini bildirib. Trampın tətbiq etdiyi 90 günlük tarif güzəştlərinin qüvvədə olduğunu xatırladan Vens, Hindistanın ABŞ ilə ticarət razılaşması əldə etmək istədiyini söyləyib.
Caypurda keçirilən tədbirdə Baş nazir Narendra Modi ilə bağlı danışan Vens, onun “çətin bir danışıqlar tərəfdaşı” olduğunu deyib və bu sözləri tədbirdə gülüşlə qarşılanıb. O, Modi ilə keçirdiyi görüşlərdə ticarət müzakirələrində irəliləyiş əldə olunduğunu və iki tərəfin məsuliyyət bölgüsünü müəyyənləşdirdiyini açıqlayıb.
“Bu, ölkələrimiz arasında yekun razılaşmaya aparan yol xəritəsini müəyyənləşdirir”, – deyə Vens əlavə edib. O həmçinin “Modi mənim fikrimcə çox xüsusi bir insandır. Vaşinqton əvvəllər Modiyə qarşı qərəzli və bəzən himayəçi yanaşıb. Dünən gecə Modiyə də dedim ki, o, mənim belə qısqanacağım dəstək səviyyəsinə sahibdir”, – deyə bildirib.
Mədinə Cəlilova
21:41 22.04.2025
Oxunuş sayı: 544