ABŞ Dövlət Departamentində genişmiqyaslı yenidən qurma: Rubio açıqladı

ABŞ Dövlət katibi Marko Rubio Tramp administrasiyasının “lazımsız” hesab etdiyi bəzi şöbə və proqramları ləğv edərək Dövlət Departamentində yenidən qurma prosesinə başladığını açıqlayıb. Rubio bu addımın departamenti əsasdan səfirliklərə qədər gücləndirəcəyini, regional funksiyaların birləşdirilərək təkrarlanan strukturların ləğv ediləcəyini bildirib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, mətbuata sızan layihə sənədinə əsasən, Prezident Donald Tramp yaxın günlərdə Dövlət Departamentində kəskin ixtisarlar və struktur dəyişiklikləri nəzərdə tutan fərmanı imzalamağa hazırlaşır. Məlumata görə, bu dəyişikliklər 1789-cu ildən bəri departamentdə həyata keçirilən ən böyük islahat olacaq.
Fərmana əsasən, iqlim, qaçqınlar, demokratiya və Afrika ilə bağlı şöbələr, həmçinin Beynəlxalq Təşkilatlar Bürosu ləğv ediləcək. Kanada ilə diplomatik fəaliyyətlər də əhəmiyyətli dərəcədə azaldılacaq.
Dörd əsas regional büro yaradılacaq: İndo-Sakit Okean, Latın Amerikası, Orta Şərq və Avrasiya. Səhraaltı Afrikada isə “əsas əhəmiyyət daşımayan” səfirlik və konsulluqlar bağlanacaq. Dəyişikliklərin 1 oktyabra qədər tamamlanması planlaşdırılır.
Yeni sistem diplomatların rotasiya ilə deyil, uzunmüddətli bölgə əsaslı təyinatını nəzərdə tutur. Bu bölgə üzrə işləmək istəməyən diplomatlar 30 sentyabra qədər imtina edə biləcəklər.
Fərman həmçinin, Tramp administrasiyasının xarici siyasət vizyonuna uyğunluğun əsas götürüləcəyi yeni “Xarici Xidmət İmtahanı”nın tətbiqini də əhatə edir.
Mədinə Cəlilova
21:11 22.04.2025
Oxunuş sayı: 922