Yeni Papa necə seçiləcək?

Katolik dünyasının ruhani lideri Papa Fransisin vəfatından sonra gözlər yenidən Vatikanın üzərində cəmlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Yeni Şafak” yazıb.
Paska bayramından bir gün sonra dünyasını dəyişən Papa Fransisin yerinə kimin keçəcəyi və yeni papanın necə seçiləcəyini dünya ictimaiyyəti maraqla izləyir.
Qeyd edək ki, yeni Papa seçkiləri Vatikanın Sistine Şapelində həyata keçirilir. Seçkilər zamanı kardinal seçicilər hər gün dörd dəfə səsvermə keçirir. Bu müddət ərzində onlar tam təcrid şəraitində, xarici dünya ilə heç bir əlaqə olmadan yaşayırlar.
Texniki olaraq hər hansı bir vəftiz olunmuş katolik kişi Papa seçilə bilər. Lakin tarixən bu vəzifəyə kardinal olan din xadimləri gətirilir.
Papa seçkiləri dünyanın gizlilik prinsiplərinə ən ciddi əməl olunan nadir hadisələrindən biridir. Seçki zamanı sızan hər hansı məlumat aforozla nəticələnə bilər.
Səsvermədən əvvəl Sistine Şapelində təhlükəsizlik mütəxəssisləri tərəfindən gizli kamera və ya dinləmə cihazı olmadığını təsdiqləmək üçün yoxlamalar aparılır. Seçki başlayandan etibarən yeni Papa seçilənə qədər kardinal seçicilər eyni məkanda qalaraq yemək, yatmaq və səsvermə kimi fəaliyyətləri burada icra edirlər.
Təcili tibbi hallar istisna olmaqla, kardinalların xarici dünya ilə əlaqəsi tamamilə qadağandır. Bütün televiziya, radio və qəzetlər yığışdırılır, mobil telefon və planşet kimi cihazların istifadəsinə icazə verilmir.
Yalnız iki həkim, günah çıxarma üçün müxtəlif dillərdə danışan din adamları və təmizlik işçiləri içəri buraxılır. Onlar da ciddi şəkildə gizlilik andı içir və heç bir qeydetmə cihazı istifadə edə bilməzlər.
Kardinallar səhər ayinindən sonra Sistine Şapelində toplanır və “extra omnes” (hamı çölə) əmri ilə seçimdə iştirak etməyən şəxslər çölə çıxarılır, qapılar bağlanır.
Səsvermədə istifadə olunan bülletenlərdə latınca “Eligio in Summum Pontificem” (Ali Papa olaraq seçirəm) ifadəsi yazılır. Kardinallar namizədin adını anonim şəkildə yazıb bülleteni iki dəfə qatlayırlar.
Səsvermədən sonra bülletenlər sayılır və nəticələr açıqlanır. İstənilən nəticə alınmadıqda bülletenlər yandırılır və bacadan çıxan qara duman seçimin baş tutmadığını göstərir. Yeni Papa seçildikdə isə bacadan ağ duman qalxır.
Əvvəllər dumanın rəngi üçün saman istifadə olunurdu, lakin aydın görünməsi üçün indi xüsusi boyalardan istifadə olunur.
Yeni Papa seçildikdən sonra ona əvvəlcə bu vəzifəni qəbul edib-etmədiyi soruşulur. Qəbul etdikdən sonra hansı adla anılmaq istədiyi öyrənilir. Daha sonra digər kardinallar ona itaətlərini bildirirlər.
Papa üçün xüsusi hazırlanmış yeni libas geyindirilir və Vatikanın məşhur balkonundan ilk dəfə dünyaya təqdim olunur.
Xumar Emilqızı
20:40 22.04.2025
Oxunuş sayı: 943