Putinin “Pasxa atəşkəsi” başa çatdı: Ukraynada genişmiqyaslı hücumlar

Rusiya Prezidenti Vladimir Putinin Pasxa münasibətilə elan etdiyi atəşkes 21 aprel bazar ertəsi gecə yarısı başa çatıb. Gecə yarısından dərhal sonra, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, xüsusən ölkənin şərq bölgələrində hava hücumu siqnalları verilib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə saatlarında 96 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hücum həyata keçirib. Xarkov, Dnipropetrovsk və Çerkassı bölgələrində dağıntılar qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri 42 PUA-nı vuraraq məhv edib, 47-si isə elektron müharibə vasitələri ilə zərərsizləşdirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs davam edərkən verdiyi açıqlamada, Putinin bu addımını “saxta ictimaiyyətlə əlaqə cəhdi” adlandırmış və Rusiya qüvvələrinin ateşkes dövründə də hücumlarını davam etdirdiyini bildirmişdi.
Kiyev Hərbi İdarəsi yerli vaxtla saat 04:41-də sosial şəbəkələrdə paylaşım edərək, sakinləri sığınacaqlara getməyə və hava həyəcanı ləğv olunana qədər orada qalmağa çağırıb.
Mykolaiv şəhərinin meri Oleksandr Senkeviç də şəhərdə partlayışlar olduğunu, lakin bunların Rusiya hücumları nəticəsində, yoxsa Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqəli olduğunu dəqiq deyə bilmədiyini bildirib.
Dnipropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram üzərindən verdiyi açıqlamada, Rusiya ordusunun bölgəyə PUA-larla hücum etdiyini, bir evin zədələndiyini və bir ərzaq müəssisəsində yanğın baş verdiyini qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə atəşkesin başa çatmasının ardından yaydığı açıqlamada, atəşkəs müddətində Ukraynanın 4900 dəfə atəşkəsi pozduğunu bildirib. Nazirlik 24 saat ərzində 104 Ukrayna PUA-sının məhv edildiyini açıqlayıb. Rusiya tərəfi atəşkəsə tam şəkildə riayət etdiyini və mövcud mövqelərində qaldığını vurğulayaraq, Ukraynanın atəşkəs dövründə Bryansk, Kursk və Belqorod bölgələrinə 19 dəfə hücum etdiyini bildirib.
Mədinə Cəlilova
20:51 21.04.2025
Oxunuş sayı: 814