Bu, Azərbaycanın maşınqayırma müəssisələri üçün prioritet məsələdir - MÜSAHİBƏ

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının alimləri Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan etdiyi “Əsas Qrant Müsabiqəsi - 2024”də qalib olublar. Qalib gələn layihə “Rəqəmli proqramla idarə olunan dəzgahlarda iqtisadi emal şərtlərinin texnoloji təminatı” adlanır və elmi ekspertizadan uğurla keçərək maliyyələşdirilən layihələr sırasına daxil edilib. Qeyd edək ki, bu layihədə layihə rəhbəri də daxil olmaqla 10 nəfər çalışır.
Mövzu ilə bağlı elmi-tədqiqat layihəsinin rəhbəri Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının müdiri, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubov Crossmedia.az-a layihənin məqsədi, məzmunu, istiqaməti və gözlənilən nəticələr barədə geniş müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:
Bu, Azərbaycanın maşınqayırma müəssisələri üçün prioritet məsələdir.
- Rəqəmli proqramla idarəolunan dəzgahlarda iqtisadi emal şərtlərinin texnoloji təminatı layihəsinin əsas məqsədi nədir?
- Layihənin məqsədi rəqəmli proqramla idarə olunan (RPİ) dəzgahlarda hissələrin səmərəli emalı üçün iqtisadi emal şərtlərinin texnoloji təminatıdır. Maşınqayırmanın müasir inkişaf mərhələsi RPİ dəzgahlarının və dəzgah komplekslərinin geniş istifadəsi ilə xarakterizə olunur. Bununla belə, bu tip avadanlıq kifayət qədər mürəkkəbdir, nəzəri bilik və praktiki bacarıq tələb edir. Onun müəssisə tərəfindən alınması böyük maliyyə xərcləri ilə əlaqədardır. Bu baxımdan, RPİ dəzgahlarından səmərəli istifadə problemi Azərbaycanın maşınqayırma müəssisələri üçün prioritet məsələdir. Müasir bazar münasibətləri şəraitində müxtəlif sənaye sahələrində əmək məhsuldarlığının artırılması məsələsinin həlli mexaniki emal prosesləri ilə (burada metalkəsən dəzgahlar əsas texnoloji avadanlıqlardır) ayrılmaz şəkildə bağlıdır. İstehsal və məhsul satışı bazarında rəqabətə davamlılıq, liderlik arzusu bir çox müəssisələri istehsal edilən məhsulların keyfiyyətini yaxşılaşdırmaq və buraxılış həcmlərini artırmaq baxımından qarşılarında yeni vəzifələr qoymağa məcbur edir. Bu da əsas fondların köklü şəkildə yenilənməsini, yüksək məhsuldar RPİ dəzgahlarında, eləcə də çox əməliyyatlı, çox koordinatlı RPİ texnoloji avadanlıqlarında yeni texnologiyaların işlənməsini nəzərdə tutur.
Avadanlığın yüksək qiyməti RPİ dəzgahlarına müəyyən tələblər qoyur.
- Bu avadanlıqlarının texnoloji inkişafı və tətbiqinin sənaye proseslərində məhsuldarlığa nə dərəcədə təsir edə bilər?
- RPİ avadanlıqlarında əməliyyatları bir dəzgahda konsentrasiya etməklə müxtəlif növ materiallardan olan pəstahları emal etmək mümkündür. Məsələn, texnoloji imkanlarını genişləndirən çoxəməliyyatlı RPİ dəzgahlarının əsas fərqləndirici xüsusiyyəti yüksək məhsuldarlıq və müxtəlif növ işlər üçün emalın dəqiq yerinə yetirilməsini təmin etməklə hissələrin kompleks emalına imkan verən alət anbarının, alətin avtomatik dəyişdirilməsi sistemlərinin və onun vəziyyətinin (halının) diaqnostikasının olması lazımdır. Avadanlığın yüksək qiyməti RPİ dəzgahlarına müəyyən tələblər qoyur. Bunlara emal edilən hissələrin elementar səthlərinin formalaşması zamanı onların yüksək səmərəli texnoloji hazırlığını aparmaq, yonqar çıxarılmayan zaman iş vaxtını minimuma endirmək, rasional alətin tətbiq edilməsini və emal edilən hissələrin elementar səthlərini formalaşdırarkən kəsmə rejimi parametrlərinin uyğunlaşdırılmasını təmin etmək aiddir. Bütün bunlarla birlikdə, ən vacib məsələ kəsmə proseslərinin çıxış parametrlərinin (məhsuldarlıq və maya dəyəri, emal edilmiş səthlərin keyfiyyət göstəriciləri) sabitliyini təmin etməkdir.
Hazırkı dövrdə bunlara aid tövsiyə və müəyyən tədqiqatlar ya mövcud deyil, ya da tam öyrənilməyib.
- RPİ avadanlıqlarının texnoloji imkanlarını genişləndirən əsas xüsusiyyətlər hansılardır?
- Müxtəlif konstruksiya materiallarının emalı üzrə ədəbiyyatların və müasir RPİ dəzgahlarından geniş istifadə edən müəssisələrin istehsalat təcrübəsinin təhlili göstərir ki, bu dəzgahlarda hissələrin istehsalının texnoloji hazırlığı zamanı dəzgahın proqram təminatı işlənərkən hissənin elementar səthlərinin formalaşdırılmasının rasional struktur və parametrik məsələləri kifayət qədər təhlil edilmir və optimallaşdırılmır. Bu da öz növbəsində həmin məsələlərə aid normativ materialların olmaması ilə əlaqəlidir və RPİ dəzgahlarında hissələrin emalının səmərəliliyinin artırılması üçün mühüm bir ehtiyatdır. Mürəkkəb və bahalı avadanlıq olan RPİ dəzgahları istismar zamanı onların yüksək məhsuldarlığını təmin edən istehsalın səmərəli texnoloji hazırlığını tələb edir. Hazırkı dövrdə bunlara aid tövsiyə və müəyyən tədqiqatlar ya mövcud deyil, ya da tam öyrənilməyib. Buna detalın elementar səthlərinin formalaşması zamanı kəsici alətin işçi və sürətləndirilmiş verişlərdə köməkçi yer dəyişmələrə sərf olunan qeyri-məhsuldar vaxt sərfinin azaldılması, eyni səthlərin emalı üçün tövsiyə olunan geniş çeşidli alternativ kəsici alətlərdən iqtisadi meyarlara uyğun olan rasional alətin seçilməsi üzrə elmi əsaslandırılmış metodologiya, tövsiyə olunan alətlə kəsici alətin verilmiş davamlılıq müddəti üçün materialın çıxarılmasının optimal texnoloji sürətini təmin edən (emalın minimum dəyərinə uyğun olaraq) elementar səthlərin emal rejiminin parametrlərinin təyin edilməsinə dair normativ istiqamətləndirici (təlimat) materialları aiddir. Bütün bunlar hissələrin elementar səthlərinin maksimal məhsuldarlıq şərti ilə və tələb olunan keyfiyyət göstəricilərinə nail olmaq məqsədilə formalaşması proseslərini əsaslı şəkildə idarə etməyə imkan vermir. Beləliklə, müasir RPİ dəzgahlarında emalın səmərəliliyinin artırılması, RPİ dəzgahlarında istifadə edilən sazlamalarda texnoloji parametrlərin idarə edilməsi yolu ilə emal keyfiyyətinin və məhsuldarlığın yüksəldilməsi probleminin aktuallığını müəyyən edir.
- Əldə etdiyiniz elmi yeniliklər nədən ibarətdir?
- Layihənin elmi yeniliyinə müasir RPİ dəzgahlarında emalda iştirak edən kəsici alətin təsirini nəzərə alaraq, texnoloji sistemin elastiki yerdəyişmələrinin modelləşdirilməsi əsasında verişin hesablanması yolu ilə emalın keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini təşkil edir. Həmçinin, RPİ dəzgahlarında hissələrin emalının iqtisadi şərtlərinin texnoloji təminatı məsələlərinin həllini təmin edən elmi nəticələr daxildir. Bunlara hissənin müxtəlif elementar səthlərinin formalaşması zamanı materialın çıxarılması sürətini, kəsmə proseslərinin T-Q xarakteristikalarını təsvir edən riyazi modellər, müxtəlif elementar səthlərin formalaşdırılması zamanı kəsici alətin davamlılığının qəbul edilmiş qiymətlərində emal rejiminin parametrləri ilə idarə olunan materialın çıxarılması sürətinin optimal texnoloji (minimum texnoloji maya dəyərinə uyğun) riyazi modelləri, tələb olunan keyfiyyət göstəricilərində minimum texnoloji maya dəyərini təmin edən səthlərin emalı üsulu, emalın dəqiqliyinin bölümlü-matris modelləri, sazlamalarda ölçülərin dəqiqliyi üzrə tələbi yerinə yetirməklə kəsmə rejimlərinin idarəetmə matris modelləri, işlənmiş riyazi modellər əsasında müasir RPİ dəzgahlarında emal zamanı verişin hesabi təyini metodikası aiddir.
Emal rejimlərinə dair praktik və faydalı tövsiyələrin hazırlanması mühümdür.
- Bunun həyata keçməsi üçün hansı problemlərin həll edilməsi lazımdır?
- Layihənin yerinə yetirilməsi üçün RPİ dəzgahlarında hissələrin emalının səmərəli yollarının müəyyən edilməsi, kəsici alətin köməkçi yerdəyişmələrinə sərf olunan vaxtı minimuma endirməklə elementar səthlərin formalaşdırılmasının yaxşılaşdırılması ehtiyatlarının müəyyənləşdirilməsi vacibdir. Həmçinin RPİ dəzgahlarda ölçülərin dəqiqliyini təmin etmək üçün matris riyazi modellərinin işlənməsi lazımdır. Eyni zamanda, müxtəlif səthlərin emalı üçün optimal kəsici alətlərin seçilməsi və onların davamlılıq müddətinə uyğun metodologiyaların hazırlanması tələb olunur. Minimum texnoloji maya dəyərinə uyğun olaraq material çıxarılma sürətinin optimal səviyyədə təmin edilməsi əsas məqsədlərdəndir. Bununla yanaşı, müxtəlif səthlərin emalı üçün tövsiyə olunan kəsici alətlərlə emal rejimlərinə dair praktik və faydalı tövsiyələrin hazırlanması mühümdür.
Nəticədə, müasir RPİ dəzgahlarında emalın keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsi istiqamətində sistemli konsepsiyanın yaradılması mümkün olacaqdır.
- Layihədən hansı əhəmiyyətli nəticələr gözlənilir?
- Layihədən gözlənilən nəticələr müasir RPİ dəzgahlarında istifadə edilən sazlamalarda elementar səthlərin emalının, elementar səthlərin formalaşdırılması dövrlərinin struktur və parametrik optimallaşdırılması əsasında hissələrin iqtisadi cəhətdən sərfəli əməliyyat emal şərtlərinin texnoloji təminatıdır. Müasir RPİ dəzgahlarında istifadə edilən sazlamalarda emalda iştirak edən kəsici alətlərin qarşılıqlı təsirini nəzərə almaqla texnoloji sistemin elastiki yerdəyişmələrinin modelləşdirilməsi əsasında verişin hesablanması yolu ilə emalın keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinin texnoloji təminatı da gözlənilən nəticələr arasındadır. Nəticədə, müasir RPİ dəzgahlarında emalın keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsi istiqamətində sistemli konsepsiyanın yaradılması mümkün olacaqdır. Gözlənilən nəticələrin elmi əhəmiyyəti, müxtəlif sazlamalar üçün emal dəqiqliyinin ümumiləşdirilmiş bölümlü-matris modelinin təklif olunması, RPİ dəzgahlarında sazlamalarda yerinə yetirilən ölçülərin səpələnmə sahələrində texnoloji sistemin altsistemlərinin nəinki müstəvi-paralel yerdəyişmələrini, həm də baza nöqtələri ətrafında bucaq yerdəyişmələrini nəzərə alan tamfaktorlu matris modellərinin işlənməsi ilə bağlıdır. Bununla yanaşı, texnoloji sistemin kompleks xarakteristikasının təyini zamanı dönmə mərkəzinin yerinin müəyyən edilməsi üçün hesablama metodikasının işlənməsi, sazlamalarda ölçülərin dəqiqliyi üzrə tələbi yerinə yetirməklə kəsmə rejimlərinin idarəetmə matris modelləri, hissənin müxtəlif elementar səthlərinin əmələ gəlməsi zamanı kəsici alətin davamlılığının materialın çıxarılması sürətindən asılılığını təsvir edən riyazi modellər və ölçülərin dəqiqliyi üzrə tələbi yerinə yetirməklə verişin hesabi təyini metodikasının işlənməsi mühüm aspektdir. Gözlənilən nəticələrin təcrübi əhəmiyyəti isə RPİ dəzgahlarında emalın layihələndirilməsinin ölçü-dəqiqlik hesabi metodunun işlənməsi, sazlamalar üçün işlənmiş emalın dəqiqliyinin ümumiləşdirilmiş bölümlü matris modelindən ibarətdir. Emal zamanı yerinə yetirilən ölçülərin təhrif olunması və səpələnməsinin tamfaktorlu matris modelləri sazlamanın müxtəlif variantları üçün layihələndirmə mərhələsində hər bir yerinə yetirilən ölçünün xətasının qiymətini hesablamağa imkan verəcək və bununla da ən yaxşı variantı əsaslandırmağa imkan yaranacaqdır. Bununla yanaşı, RPİ dəzgahlarında texnoloji sistemin sərtliyi ilə şərtlənən emal xətasının hesabi müəyyən edilməsi üçün metodik istiqamətləndirici texniki materialın, işlənmiş riyazi modellərin əsasında tövsiyə olunan kəsici alətlə elementar səthlərin emal rejimlərinin idarəedilən parametrlərinin optimal uyğunluğu xəritələrinin, müxtəlif tipik səthlərin müasir RPİ dəzgahlarında səmərəli emal planları üzrə tövsiyələrin işlənməsi modelləri və emal dəqiqliyinin modelləşdirilməsinin metodologiyası verilmiş şərtlər daxilində emal dəqiqliyini proqnozlaşdırmağa imkan yaradacaq. Bununla da mexaniki emalın avtomatlaşdırılmış layihələndirmə sisteminin metodoloji bazasının yaranmasına şərait yaradacaqdır. Belə ki, işlənmiş modellər müasir RPİ dəzgahlarında yerinə yetirilən mexaniki emal üçün yaradılan avtomatlaşdırılmış layihələndirmə sistemlərində əməliyyatların layihələndirilməsinin riyazi təminatının yaradılması zamanı istifadə oluna bilər. Təklif edilən modellər texnoloji layihələndirmənin ayrı-ayrı məsələlərinin həlli üçün sərbəst praktiki tətbiqə malik olacaq. Məsələn, yoxlama hesablamalarında (sazlamanın strukturunun və kəsmə rejimlərinin təyini zamanı ölçülərin xətalarının təyin edilməsi zamanı) işlənəcək emalın təhrif edilməsi modelləri əməliyyatın layihələndirilməsi zamanı sazlamada iştirak edən bütün alətlərin kəsmə qüvvələrinin təsiri nəticəsində meydana gələn hissənin və alətlərin qarşılıqlı vəziyyətinin xətasını kompensasiya etmək məqsədilə sazlama ölçülərinin korreksiyası qiymətlərinin hesablanması üçün istifadə edilə bilər.
Nəzrin Salmanova
13:35 19.04.2025
Oxunuş sayı: 19981