ABŞ: Çin, Şimali Koreya və Rusiya əməkdaşlığı region üçün təhdiddir

ABŞ-ın Sakit okeandakı ən yüksək rütbəli hərbi komandiri Admiral Samuel Paparo, Çin, Şimali Koreya və Rusiyanın hərbi əməkdaşlığının Hind-Sakit okean regionunda təhlükəsizlik risklərini artırdığı barədə senatorlara ciddi xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Senatın Silahlı Xidmətlər Komitəsində çıxış edən Paparo, Çinin Rusiyaya dəzgah avadanlıqlarının təxminən 70%-ni və köhnə yarımkeçiricilərin 90%-ni təmin etdiyini bildirib. Bu dəstəyin Moskvanın Ukraynada davam edən müharibə zamanı müdafiə qabiliyyətlərini bərpa etməsinə kömək etdiyini vurğulayıb.
Əvəzində Rusiyanın da Çinlə həssas hərbi texnologiyaları paylaşdığını deyən Paparo, bu texnologiyalar arasında Çin sualtı qayıqlarının daha səssiz və aşkar olunması çətin hala gətirilməsinə yönəlik inkişafların da olduğunu qeyd edib.
Paparo əlavə edib: “Rusiyanın Çinlə artan hərbi əməkdaşlığı və bu üç ölkə – Çin, Rusiya və Şimali Koreya – arasında dərinləşən əlaqələr regionda vəziyyəti daha da mürəkkəbləşdirir.”
Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin keçən həftə iki Çin vətəndaşının Rusiya tərəfində döyüşərkən ələ keçirilməsi barədə xəbərdarlığından sonra gəlib. Zelenski, Çinin məlumatı ilə 150-dən çox muzdlu döyüşçünün aktiv şəkildə müharibəyə qatıldığını bildirib. Çin isə bu ittihamları “məsuliyyətsiz” adlandırıb.
Paparo həmçinin Şimali Koreyanın inkişaf etmiş nüvə silahları üzərində işlədiyini və ballistik raketlərin ABŞ və müttəfiqləri üçün birbaşa təhdid olduğunu deyib. O, Şimali Koreya ilə Rusiya arasındakı əlaqələrin dərin olduğunu da vurğulayıb.
Komitəyə məlumat verən Paparo, Şimali Koreyanın Rusiyaya “minlərlə, bəlkə də yüz minlərlə top mərmisi” və yüzlərlə qısa mənzilli raket göndərdiyini bildirib. Gözlənti odur ki, Pxenyan bu dəstəyə qarşılıq olaraq hava hücumundan müdafiə və yer-hava raketləri dəstəyi alacaq.
Cənubi Koreya ordusuna görə, Şimali Koreya Ukrayna müharibəsində Rusiyanı dəstəkləmək üçün minlərlə əsgər və yüzlərlə özüyeriyən haubitsa və raket qurğusu göndərib.
Komitənin aparıcı demokrat üzvü, Rod-Aylend senatoru Cek Rid, sabiq Prezident Donald Trampın Koreya və Yaponiyadakı ABŞ hərbi qüvvələrini azaltmasından, birgə hərbi təlimləri məhdudlaşdırmasından və Yaponiyadakı Birləşmiş Qüvvələr Komandanlığı planlarını geri çəkməsindən narahatlığını ifadə edib. O, bu kimi addımların ABŞ-ın etibarlılığına və uzunmüddətli öhdəliklərinə olan qlobal inamı sarsıda biləcəyini qeyd edib.
Rİd həmçinin Pentaqonun bir təyyarədaşıyan gəmini və “Patriot” raket batareyasını Sakit okeandan Orta Şərqə keçirmə qərarından narahatlığını bildirib və bu dəyişikliklərin Hind-Sakit okean regionundakı hərbi hazırlığa təsir edib-etmədiyini sorğulayıb.
Admiral Paparo isə cavab olaraq bildirib ki, həm müdafiə nazirini, həm də prezidentə məlumat vermək vəzifəsindədir və regionda yeni təhdid yaranarsa, bu qüvvələrin sürətli şəkildə geri qaytarılması üçün hazırlıqlı olmaq vacibdir.
Fatimə Nəbiyeva
16:18 16.04.2025
Oxunuş sayı: 1284