Türkiyə Cənubi Kiprdə elektron müharibə sistemini gücləndirir

Türkiyə istehsalı olan ASELSAN radioelektron müharibə (REM) sistemləri Cənubi Kipr Yunan Administrasiyasına məxsus sistemləri bloklayır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Defence Turk" sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata əsasən, 2 aprel tarixində Cənubi Kipr Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) lideri Ərsin Tatarla etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində görüşməyə hazırlaşdığı bir vaxtda, Türkiyə bölgədə yeni REM sistemləri yerləşdirərək nəzarətini gücləndirir.
Belə ki, Kireniya dağlarında "888 yüksəklik" olaraq tanınan nöqtədə yerləşdirilən VURAL REM sistemi Cənubi Kipr Milli Qvardiyasının rabitə sistemləri üçün ciddi təhlükə yaradır.
Məlumata görə, bu sistem 500 km fəaliyyət radiusuna malik TRS-22XX erkən xəbərdarlıq radarı ilə birlikdə işləyir.
"Simerini"nin iddialarına əsasən, ASELSAN tərəfindən istehsal edilən VURAL REM sistemi Türkiyənin bölgədəki hərbi gücünü artırmaq üçün kritik əhəmiyyət daşıyır. Həmçinin vurğulanır ki, bu sistem Türkiyə Silahlı Qüvvələrinin elektron müharibə imkanlarını genişləndirmək və Cənubi Kipr Milli Qvardiyasının rabitə infrastrukturunu zəiflətmək məqsədi daşıyır. Bu fəaliyyətlər "Mavi Vatan" ("Mavi Vətən") strategiyası çərçivəsində həyata keçirilir.
Məlumata görə, TRS-22XX və VURAL sistemləri "888 yüksəklik"də daimi baza kimi yerləşdirilib. Eyni zamanda, VURAL REM sisteminin Kionelidəki STR 700G radar sistemi ilə birlikdə fəaliyyət göstərdiyi və artilleriya sistemlərinə qarşı əməliyyatlarda mühüm rol oynadığı qeyd olunur.
Bildirilib ki, bu sistem Suriya və Liviyada keçirilən əməliyyatlar zamanı sınaqdan keçirilib və döyüş şəraitində yüksək effektivlik nümayiş etdirib.
Fatimə Məmmədova
11:15 01.04.2025
Oxunuş sayı: 1857