Cross Media-nın "Kənddən Şəhərə" yarmarkasından reportajı - FOTOLAR








Bu gün “Gənclik” metrostansiyasının yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan “Kənddən Şəhərə” yarmarkasının son günüdür. Bu yarmarkanın sayəsində Bakı şəhərinin sakinləri kənd təsərrüfatı məhsullarını birbaşa fermerlərdən almaq imkanı qazandılar.
Biz də Crossmedia.az saytı olaraq bu fürsətdən istifadə edərək yarmarkaya baş çəkdik. Burada Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş təbii və keyfiyyətli məhsullar satışa çıxarılıb. Alıcılar meyvə-tərəvəz, süd məhsulları, ət, bal, quru meyvələr və bundan başqa səməni, novruz xonçası kimi məhsullar əldə edə bilirlər. Qiymətlər marketlərlə müqayisədə daha sərfəlidir. Satıcılar bildirir ki, məhsullar birbaşa fermerlər tərəfindən gətirildiyi üçün həm təzə, həm də keyfiyyətlidir. Buraya alış-veriş üçün gələnlərin çoxu yarmarkadan razı qaldıqlarını bildirirlər. Bununla yanaşı qiymətlərdən narazı olan alıcılar da var idi. Onlar məhsulların baha olduğunu və maaşların, pensiyalarının köklü bayram tədarükünü qarşılamadığını iddia edirdilər.
Satıcıların və əksər alıcıların fikrincə, belə tədbirlər daha tez-tez keçirilməlidir. Bu yarmarkalar həm fermerlərə dəstək olur, həm də şəhər sakinlərinin təbii məhsulları daha əlçatan qiymətə almasına kömək edir. Alıcılardan biri yarmarka haqqında fikirlərini bölüşərək qiymətlərin münasib olduğunu və məhsulların keyfiyyətindən razı qaldığını bildirdi. O, aldığı məhsullarla dolu paketlərlə digər məhsullara baxmağa və yeni şeylər almağa getdi.
Yarmarkada təkcə yaşlı insanlar deyil, həm də gənclər var idi. Onlar əsasən əl işi olan səbətlərə və dekorativ məhsullara maraq göstərirdilər.
Yarmarkanın sonuna yaxınlaşarkən burada kiçik bir uşaq şəhərciyi ilə qarşılaşdıq. Burada azyaşlı uşaqlar təhlükəsiz şəraitdə, kamera nəzarəti altında əylənir və valideynlərini gözləyirdilər. Bu da valideynlər üçün rahat bir fürsət idi, çünki onlar alış-veriş edərkən uşaqları əyləncəli vaxt keçirirdi. Yarmarkanın son günü olduğunu bilənlər alış-veriş üçün bura axın edirlər.
Bu barədə Crossmedia.az-a açıqlama verən "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nilufər Qaçayevanın sözlərinə görə, Novruz yarmarkasının artıq sonuncu günü idi. 12 gün boyunca davam edən yarmarka bayrama özəl təşkil olunub.
"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti il ərzində müxtəlif tematik yarmarkalar keçirir və bununla bağlı mətbuata əvvəlcədən məlumat verilir. Novruz yarmarkası ərzində 70-ə yaxın fermer 150-dən artıq çeşiddə məhsulunu alıcılara təqdim edib və fermerlər ölkənin 26 regionundan gəlib.
Yarmarkanın üstünlüyü ondadır ki, burada yalnız fermerlərin öz təbii məhsulları satılır. Yəni kənardan alınan başqa bir məhsul olmur. Yerli və təmiz məhsullar süfrəmizə gəlir. Gələcəklə bağlı layihələrimiz var, lakin hazırda geniş açıqlama verə bilmirik, çünki qurumumuz tərəfindən hələ tam rəsmiləşməyib. Yarmarkanın müddətinin başqa ərazilərdə artırılması isə əhalinin tələbinə bağlı olacaq. Bunun üçün vətəndaşlar çağrı mərkəzimizlə əlaqə saxlaya bilərlər", – deyə o qeyd edib.
N.Qaçayeva bildirib ki , yarmarkada satılan bütün məhsullar tam keyfiyyətlidir və bu qidalara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu yarmarkada da agentliyin laboratoriyası yarmarkanın qarşısında fəaliyyət göstərib.
Fatimə Məmmədova
Fidan Xəlilova
15:17 19.03.2025
Oxunuş sayı: 3990