Azərbaycanda orqan transplantasiyası: Mövcud vəziyyət və problemlər

Son illərdə Azərbaycanda orqan transplantasiyası sahəsində mühüm dəyişikliklər baş verib. Yeni qanunların qəbulu, tibbi infrastrukturanın inkişafı və xarici təcrübənin tətbiqi bu sahənin inkişafına töhfə versə də, hələ də bir sıra problemlər mövcuddur. Transplantoloq Bəhruz Səlimov Crossmedia.az saytına açıqlamasında bu sahədəki mövcud vəziyyət və problemlərlə bağlı ətraflı məlumat verib.
Transplantoloq Bəhruz Səlimovun sözlərinə görə, Azərbaycanda orqan transplantasiyası ilə bağlı ilk qanun 1999-cu ildə qəbul edilib:
" "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanun bu sahədə hüquqi bazanın formalaşmasında mühüm addım olub. 2020-ci ildə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" yeni qanun qəbul edilib. Bu qanunun hazırlanmasında və qəbul edilməsində Ümmummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu bildirməkdə özümü borclu hesab edirəm. Hazırda ölkədə böyrək, qaraciyər və sümük iliyi transplantasiyası əməliyyatları daha geniş yayılıb. Dövlət tərəfindən bu sahəyə investisiyalar qoyulur, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunur və həkimlər xaricdə təlimlər keçirlər".
O bildirib ki, xaricdən gətirilən donor orqanların keyfiyyətinə və uyğunluğuna nəzarət çoxpilləli bir prosesdir: “Azərbaycanda bu proses Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi tərəfindən tənzimlənir. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatı (DST), Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilərək donor orqanlarının keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilir. Hər hansı transplantasiya əməliyyatında olduğu kimi, xaricdən gətirilən orqanların da orqanizmlə uyğunlaşma riskləri var. Bunlara orqan rəddi, infeksiyalar və immun sisteminin zəifləməsi daxildir. Lakin müasir tibbdə bu riskləri azaltmaq üçün uyğun donor seçimi, immunsupressiv dərmanların istifadəsi və transplantasiya sonrası müayinələr kimi tədbirlər görülür.
B. Səlimov söyləyib ki, xaricdən orqan gətirmək üçün bir neçə mərhələ yerinə yetirilməlidir: "Əvvəlcə xəstənin transplantasiyaya ehtiyacı təsdiqlənməli, uyğun donor tapılmalı və genetik-immunoloji uyğunluq testləri aparılmalıdır. Orqan transplantasiyası yalnız ixtisaslaşmış tibb müəssisələrində həyata keçirilir və transplantasiya sonrası xəstə müntəzəm olaraq həkim nəzarətində olur. Azərbaycanda ən çox transplantasiya tələb olunan orqanlar böyrək və qaraciyərdir. Bəhruz Səlimovun sözlərinə görə, bu orqanların çatışmazlığı xəstələrin həyatını təhlükə altına alır və transplantasiya çox vaxt yeganə çıxış yolu olur. Sümük iliyi transplantasiyası da müəyyən qan xəstəliklərinin müalicəsində mühüm rol oynayır. Orqanların daşınması ciddi logistika və vaxt məhdudiyyətləri ilə üzləşir. Ürək və ağciyərlər 4-6 saat, qaraciyər 12-24 saat, böyrəklər isə 24-48 saat ərzində transplantasiya edilməlidir. Bundan əlavə, xüsusi konteynerlər və temperatur tənzimlənən mühit tələb olunur. Sənədləşmə prosesi, gömrük prosedurları və yüksək maliyyət də daşınma prosesini çətinləşdirən amillər arasındadır.
Azərbaycanda orqan transplantasiyası sahəsində hüquqi baza mövcuddur və bu sahə inkişaf edir. Lakin donor orqanların azlığı, uyğunlaşma riskləri və logistika problemləri transplantasiya prosesini çətinləşdirir”.
Azərbaycan Respublikasında orqan donorluğu və transplantasiya sahəsi qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, bu sahədə əsas normativ akt "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunudur. O bildirib ki, "Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Əhalinin sağlamlığının qorunması haqqında" Qanun və Beynəlxalq müqavilələr və konvensiyalarına əsaslanır. Qanunvericiliyə əsasən, orqan transplantasiyası humanizm, könüllülük, həmrəylik və təmənnasızlıq prinsipləri əsasında həyata keçirilməlidir. Donorun orqan bağışlaması ödənişsiz olmalı, dövlət isə bu prosesi hüquqi tənzimləmələrlə qoruma altına almalıdır. Bunun üçün donor bankının yaradılması və transplantasiya əməliyyatlarının yalnız xüsusi lisenziyaya malik tibb müəssisələrində aparılması nəzərdə tutulur. Donorlar iki kateqoriyaya ayrılır. Canlı donorlar – Sağlam şəxslər qanunla müəyyən edilmiş orqanlarını bağışlaya bilər. Həmin orqanların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Meyit donorlar – Vəfat etmiş şəxsin birinci dərəcəli vərəsələrinin razılığı ilə bəzi orqanları transplantasiya üçün istifadə edilə bilər. Azərbaycan Respublikası beynəlxalq təcrübəyə əsaslanaraq, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanununun 33-cü maddəsi çərçivəsində aşağıdakı məsələləri tənzimləyir-beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, orqan və toxumaların mübadiləsini həyata keçirir, xaricdən orqan və toxumaların gətirilməsini qanunvericilik əsasında icra edir".
Hüquqşünasın fikrincə, Qanunvericiliyin tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən ciddi cəzalara səbəb olur:
" Bundan əlavə, transplantasiya əməliyyatı yalnız müvafiq icra hakimiyyəti orqanlarının rəyi və rəsmi tibbi icazə əsasında həyata keçirilə bilər".
Nərgiz Orucova
16:37 18.02.2025
Oxunuş sayı: 6011