Donor qanının təhlükəsizliyinin təminatı üçün Azərbaycanda NAT texnologiyasına keçid – “Qızıl standart” tətbiq olunur

Donor qanının təhlükəsizliyinin təmin edilməsi səhiyyə sisteminin əsas prioritetlərindən biridir. Qan və onun komponentləri həyat üçün vacib olsa da, onların təhlükəsiz yoxlanması yoluxucu xəstəliklərin qarşısını almaq üçün zəruridir.
Bu məqsədlə Səhiyyə Nazirliyinin Respublika Qan Bankında NAT (Nuklein Turşusu Testi) texnologiyasının tətbiqinə başlanılıb. Real vaxt rejimində Polimeraz Zəncirvari Reaksiya (PZR) üsuluna əsaslanan NAT testi HİV, Hepatit B və C viruslarını erkən mərhələdə aşkar etməyə imkan verir. Bu yenilik donor qanı vasitəsilə yoluxa biləcək xəstəliklərin riskini azaldır və Azərbaycanın qan xidmətini beynəlxalq standartlara uyğunlaşdırmaqla transfuzion təbabətdə mühüm dönüş yaradır.
Mövzu barədə tanınmış həkim, onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, NAT texnologiyası dünya üzrə “qızıl standart” hesab olunur:
“Ümumiyyətlə, NAT texnologiyası dedikdə bu, “qızıl standart” hesab olunur. Adətən bizdə aparılan analizlər seroloji analizlər olduğuna görə, bu metod daha təkmilləşdirilmiş hesab edilir. Bildiyimiz kimi, Amerika və Avropa ölkələrində bu üsuldan artıq geniş istifadə olunur və bu, həm donor, həm də recipient üçün çox əhəmiyyətlidir. Bir sıra infeksiyaların yoluxması və onların erkən aşkarlanması baxımından NAT testi dediyimiz, yəni “qızıl standart” hesab olunan bu üsul, infeksiyaları erkən mərhələdə müəyyən etməyə imkan verir”.
Həkimin sözlərinə görə, NAT texnologiyası hepatit B, hepatit C və digər infeksion xəstəliklərin erkən aşkarlanmasında yüksək dəqiqliyə malikdir:
“Bu texnologiyanın ölkəmizdə tətbiqi böyük nailiyyətdir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyə etdiyi tələblərə uyğundur. Beləliklə, NAT testindən istifadə olunması həm donorlarımız, həm də recipientlərimiz üçün çox müsbət haldır”.
Mehriban Yariyeva
11:00 18.10.2025
Oxunuş sayı: 2130