Psixoloqdan xəbərdarlıq: "İnsanlar nə qədər çox sosial şəbəkədə olacaqlarsa..."

Günümüzün əsas problemlərindən biri insanların sosial şəbəkə asılılığıdır. Bu asılılıq insanlar fərqində olmadan onları uçuruma sürükləyir. Nəinki fiziki hətta, psixoloji problemlərə gətirib çıxarır.
Baylor Universitetində çalışan amerikalı alimlər rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində 7 000-ə yaxın niderlandlının məlumatlarını təhlil ediblər. Araşdırma nəticələrindən məlum olub ki, sosial şəbəkələrdən həm aktiv, həm də passiv şəkildə istifadə tənhalığı artırır.
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Crossmedia.az saytına açıqlama verib:
“İnsanın həyatında nə qədər boşluq olursa sosial mediaya bir o qədər bağlı olur. İnsanlar sosial mediada tamamlanmamış nələrisə axtarırlar. Bu, tamamlanmamış duyğular da ola bilər, tamamlanmamış insan da, tamamlanmamış həyat da. Sosial mediada insanlar nə qədər vaxt keçirirlərsə özlərini də bir o qədər dəyərsiz və tənha hiss edirlər. Bunun da səbəbi sosial mediada bloggerlər və influenserlərin həyatın ancaq yaxşı tərəflərini təqdim etməsidir. Məsələn səhər açılır gözəl bir səhər yeməyi yeyib günə başlayırlar və bunu sosial mediada paylaşırlar. Lakin işə çatana qədərki tıxacı, keçirdikləri stressi paylaşmırlar. Nadirən olur ki, hansısa blogger bədbəxt olduğu hadisədən danışsın”.
Psixoloq sosial medianın insanlarda yaratdığı psixoloji problemlərdən danışıb:
“Bu yaxınlarda belə bir video ilə rastlaşdım ki, evli cütlük film izləməyə gedirlər. Videoda filmin gözəlliyi, cütlüyün xoşbəxtliyi göstərilir. Sonra bu videonu ərsəyə gətirərkən keçirdikləri stress, narahatlıq əziyyət təqdim olunur. Yəni onların da həyatının çətin və narahat anları olur. İnsanlar anlamalıdır ki, hər bir xoşbəxt həyatın arxasında müəyyən çətinliklər var. İnsanlar nə qədər çox sosial şəbəkədə olacaqlarsa, nəinki fiziki narahatlıqlar, dəyərsizlik sindromu, tənhalıq və depressiya da ortaya çıxacaq. Çünki insanlar sosial şəbəkə həyatları ilə müqayisələr aparırlar. Bu zamanda özgüvən aşağı düşür və tənhalıq ortaya çıxır”.
Ayhan Ağarzayev
15:49 10.02.2025
Oxunuş sayı: 5574