“Qarabağ Universitetinin yaxın zamanda çoxlu tələbə qəbul edəcəyi gözlənilmir”- Deputat

Elm və təhsil naziri Emin Əmrullayev fevralın altısında media üçün brifinq keçirib. Brifinq zamanı bir sıra vacib məsələlərə toxunulub. Bu fikirlər arasında ən çox diqqət çəkən məqam Qarabağ Universitetində tibb fakültəsinin açılması ilə bağlı olub.
Bu fakültənin yaradılması, Qarabağda tibbi xidmətlərin inkişafı və bölgədə səhiyyə sisteminin gücləndirilməsi baxımından əhəmiyyətli bir addımdır. Regionda tibb sahəsində mütəxəssislərə böyük ehtiyac var və yeni fakültənin açılması gələcəkdə həm yerli əhalinin sağlamlıq problemlərinin həllinə kömək edəcək, həm də gənclərin təhsil və karyera imkanlarını genişləndirəcək. Bununla yanaşı, Qarabağ Universitetində tibb fakültəsinin olması bölgədə elmi araşdırmaların inkişafına, müasir tibbi texnologiyaların tətbiqinə və yeni səhiyyə infrastrukturlarının qurulmasına da töhfə verə bilər.
Mütəxəssislərin fikrincə, bu fakültənin yaradılması həm də Qarabağın sürətli bərpası və məskunlaşma prosesinə dəstək verəcək. Burada yetişəcək həkimlər və tibbi personal bölgədə fəaliyyət göstərərək, sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılmasına kömək edəcəklər. Ümumilikdə, bu addım tibb təhsilinin regionlara yayılması baxımından da vacibdir və gələcək illərdə Qarabağda yeni səhiyyə ocaqlarının açılmasına və ixtisaslı kadrlarla təmin edilməsinə zəmin yaradacaq.
Mövzu ilə bağlı Crossmedia.az saytına Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov müsahibə verib. O, müsahibəsində bu təşəbbüsün əhəmiyyətindən danışaraq, bölgədə tibbi kadrların yetişdirilməsinin və səhiyyə infrastrukturunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
- Azərbaycan Tibb Universitetinə (ATU) qəbul sayında hansı tendensiya müşahidə oluna bilər?
- Hazırda Azərbaycanda tibb təhsili yalnız bir neçə universitetdə verilir. Bu sahə əsasən Bakıda cəmləşib. Nəzərə alsaq ki, gələcəkdə Qarabağda tibb sahəsində ixtisaslı kadrlara böyük ehtiyac olacaq və orada məskunlaşma prosesi sürətlə həyata keçirilir, belə bir fakültənin yaradılması vacib addımdır. Bu, Elm və Təhsil Nazirliyinin verəcəyi qərara bağlıdır. Lakin düşünürəm ki, ATU-ya qəbul sayına ciddi təsir etməməlidir. Çünki Qarabağ Universitetinin yaxın zamanda çoxlu tələbə qəbul edəcəyi gözlənilmir. Proses mərhələli şəkildə aparılacağından ciddi problemlər və çətinliklər yaranmayacaq. Həm Bakıda, həm də Qarabağda eyni qaydada fəaliyyət göstərən tibb fakültələrinin olması müsbət addımdır və belə bir təşəbbüs təqdirəlayiqdir.
- Ənənəvi jurnallar elektron jurnallarla əvəz ediləcək. Bunun hansı üstünlükləri olacaq?
- Təhsilin elektronlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində addımlar sürətləndirilməlidir. Bu gün dünyanın əksər ölkələrində bu proses geniş yayılıb və Azərbaycanda da analoji addımlar atılmalıdır. Elektron jurnalların tətbiqi bir sıra üstünlüklər yaradır: Kağız və digər resurslara qənaət olunur, vaxt itkisi azalır, ümumi idarəetmə prosesini asanlaşdırır və təkmilləşdirir. Lakin burada güclü və stabil bir sistemin qurulması vacibdir. Əks halda, texniki problemlər yaranarsa, məlumat itkisi təhlükəsi meydana çıxa bilər. Bu səbəbdən, elektron sistemin yüksək səviyyədə hazırlanması əsas prioritetlərdən biri olmalıdır.
- 2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur. Niyə bu proses cari ildə həyata keçirilmədi?
- Sertifikasiya prosesi mürəkkəb və zaman tələb edən bir məsələdir. Birdən-birə bütün müəllimlərin sertifikasiyadan keçirilməsi mümkün deyil, çünki sualların hazırlanması, avadanlıqların təmin olunması, imtahan prosesinin təşkil edilməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən mərhələli şəkildə həyata keçiriləcək. Müəyyən zaman keçdikcə bu məsələlər tədricən həll ediləcək və sertifikasiyanın keyfiyyəti daha yüksək səviyyədə təmin olunacaq.
Bənövşə Həsənova
19:39 08.02.2025
Oxunuş sayı: 44722