“Trampın bəzi addımları Avropanı narahat edir”- Müsahibə

Son illərdə qlobal siyasi proseslərdə baş verən dəyişikliklər Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında münasibətlərin yenidən formalaşmasına səbəb olub. Brexit qərarından sonra tərəflər arasında yaranan siyasi və iqtisadi uçurumu artıq daha praqmatik və əməkdaşlığa meyilli yanaşma əvəz edir. Brexit sammitləri Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının yalnız texniki proses olmadığını, əksinə, qlobal siyasi və iqtisadi düzəndə yeni reallıqlar yaratdığını bir daha nümayiş etdirir. Bu tarixi dönüş nöqtəsi strateji tərəfdaşlıqların yenidən qurulmasını, beynəlxalq ticarət münasibətlərinin təkmilləşdirilməsini və güc balansının dəyişməsini qaçılmaz edir. Həm Avropa, həm də Böyük Britaniya üçün həlledici olan bu sammitlər post-Brexit dövrünün cizgilərini müəyyənləşdirmək baxımından strateji əhəmiyyət daşıyır. May ayında keçiriləcək növbəti Brexit sammiti bu prosesin gələcək mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi şərhçi Üzeyir Mustafayev sammitin mümkün nəticələri, prosesin beynəlxalq münasibətlərə təsiri və qarşıda duran çağırışlar barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Son dövrlərdə Aİ ilə Böyük Britaniya arasında münasibətlərin yenidən formalaşdığı müşahidə olunur. Bu dəyişikliklər hansı amillərlə bağlıdır?
- Bəli, hazırda Aİ ilə Böyük Britaniya arasında münasibətlərin yaxınlaşması müşahidə edilir. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hakimiyyəti dövründə qəbul etdiyi Global Britain strategiyasını xatırlatmaq lazımdır. Həmin strategiya Britaniyanın Aİ-dən tamamilə kənarlaşaraq qlobal güc kimi formalaşmasını nəzərdə tuturdu. Lakin Kir Starmerin baş nazir seçilməsindən sonra bu siyasətdə müəyyən korrektələr edilib. Məsələn, Starmer post-Brexit dövründə ilk dəfə Brüsseldə keçirilən və 27 Aİ liderinin iştirak etdiyi görüşə qatıldı. Bu, rəhbər səviyyəsində Brexit-dən sonra baş tutan ilk yaxınlaşma idi. Bundan əlavə, may ayında keçiriləcək Brexit sammitinə Aİ nümayəndələri dəvət olunub və onlar da bu tədbirdə iştirak edəcəklərini bildiriblər. Bu sammit münasibətlərin yeni mərhələyə keçidi baxımından mühüm əhəmiyyət kəsb edir.
- Sizin fikrinizcə, Brexit sammitində hansı məsələlər müzakirə ediləcək və bu, iki tərəf arasında yeni əməkdaşlıq imkanları yarada bilərmi?
- Əlbəttə. Brexit sammitində müzakirə ediləcək əsas mövzulardan biri iqtisadi münasibətlərin formalaşdırılmasıdır. Britaniya rəsmiləri artıq açıq şəkildə bəyan ediblər ki, Aİ-yə yenidən qoşulmaq və ya onun vahid gömrük tariflərinə daxil olmaq fikrində deyillər. Bunun əvəzinə, yeni iqtisadi əlaqələrin qurulması üzərində işlənilir.
Müzakirələrdə gənclərin mobilliyi də mühüm rol oynayacaq. Xüsusilə Aİ ölkələri gənclərinin Böyük Britaniyaya daha asan gedib-gəlməsi üçün yeni proqramların yaradılması və ya mövcud proqramların bərpası nəzərdən keçirilir. Digər tərəfdən, gömrük rüsumlarının azaldılması və yeni tariflərin tətbiqi məsələləri də gündəmdədir. Xüsusilə balıqçılıq sahəsi ilə bağlı müzakirələr aparılacaq. Hazırda Avropa balıqçıları Böyük Britaniya sularında yüksək vergi rüsumlarına görə fəaliyyət göstərə bilmirlər. Bu məsələdə güzəştlər edilməsi ehtimalı var. Böyük Britaniyanın Pan-Avropa Aralıq Dənizi Konvensiyasına qoşulması məsələsi də gündəmdədir. Əgər bu baş verərsə, Böyük Britaniya və Aİ arasında yeni gömrük qaydaları və iqtisadi mexanizmlər tətbiq olunacaq. Bu da tərəflər üçün daha əlverişli iqtisadi mühit yaradacaq.
-Maraqlıdır, nə üçün məhz indi Aİ və Böyük Britaniya arasında yaxınlaşma müşahidə edilir?
- Bunun bir neçə səbəbi var. İlk növbədə, ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsi bu prosesdə mühüm rol oynayır. Tramp hakimiyyətə gəldikdən sonra Avropanın təhlükəsizliyini təmin edən bəzi konvensiyalardan çıxdı və maliyyələşdirməni azaltdı. Bu isə Avropanı narahat edib.
Avropa ölkələri uzun müddət ABŞ-nin maliyyə dəstəyi ilə müəyyən xərcləri qarşılaya bilirdi. Lakin Trampın gedişatı dəyişdirməsi Avropa liderlərini öz iqtisadi strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib. Beləliklə, Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi alternativ çıxış yolu kimi görünür.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi də mühüm faktordur. Trampın müharibə ilə bağlı açıqlamaları – daha sərt sanksiyaların tətbiqi və Ukraynanın bəzi təbii resurslarının ABŞ-nin nəzarətinə keçməsi kimi məsələlər Aİ ölkələrini yeni əməkdaşlıqlar qurmağa sövq edir.
Böyük Britaniya da eyni vəziyyətlə üzləşib. Avropa ilə daha sıx iqtisadi əlaqələr qurmaq bu gün onlar üçün prioritet məsələlərdən biridir. Ona görə də, Brexit-dən sonra tərəflər arasında ilk ciddi yaxınlaşma baş verir.
- Sizcə, bu proses Böyük Britaniyanın gələcəkdə Aİ-yə yenidən qoşulması ilə nəticələnə bilərmi?
- Hazırda belə bir ehtimal çox aşağıdır. Böyük Britaniya rəhbərliyi açıq şəkildə bildirir ki, Aİ-yə yenidən üzv olmaq istəmirlər. Bununla belə, tərəflər arasında yeni iqtisadi və təhlükəsizlik əməkdaşlığı formalaşa bilər. Əgər bu əməkdaşlıq uğurlu olarsa, uzunmüddətli perspektivdə yeni sazişlərin imzalanması mümkündür.
Lakin siyasi baxımdan Britaniyanın tam şəkildə Aİ-yə qayıtması yaxın illər üçün real görünmür. Çünki Brexit sammitinin əsas vədlərindən biri də tam müstəqillik idi və indiki hökumət bu prinsipə sadiq qalır.
- Sonda bu yaxınlaşmanın gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
- Məncə, qarşıdakı illərdə Aİ və Böyük Britaniya arasında iqtisadi münasibətlərin daha da dərinləşdiyini görəcəyik. Gömrük rüsumları, ticarət axınları və təhlükəsizlik məsələləri üzrə bir sıra yeni razılaşmalar əldə oluna bilər. Lakin bu, Britaniyanın Aİ-yə tam qayıtması demək deyil. Əsasən iqtisadi və təhlükəsizlik əməkdaşlığı çərçivəsində yeni bir model formalaşacaq. Bundan əlavə, dünya siyasətindəki dəyişikliklər – ABŞ-dəki siyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər qlobal hadisələr – bu əməkdaşlığın istiqamətini müəyyənləşdirəcək.
Siyasi proseslər göstərir ki, yeni dünya nizamı əməkdaşlıq tələb edir və bu gün həm Aİ, həm də Böyük Britaniya üçün yaxınlaşma daha rasional seçimdir. Müzakirələrin nəticələri yalnız bu tərəfləri deyil, qlobal iqtisadi və geosiyasi münasibətləri də formalaşdıracaq. Gələcəkdə hansı addımların atılacağını isə siyasi reallıqlar müəyyən edəcək.
Nigar Yahyazadə
11:50 05.02.2025
Oxunuş sayı: 49743