Davos İqtisadi Forumunda ölkəmizin iştirakı: perspektivlər - ANALİZ

Hər il dünya liderlərinin, qlobal iş adamlarının və tanınmış iqtisadçıların bir araya gəldiyi Davos Dünya İqtisadi Forumu beynəlxalq siyasi və iqtisadi münasibətlərin şəkilləndirilməsində vacib rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu forumda mütəmədi iştirakı ölkəmizin beynəlxalq platformalarda artan nüfuzunun və qlobal işlərdə oynadığı vacib rolun təzahürüdür. Buna görə də İlham Əliyevin Davosdakı çıxışları, ikitərəfli görüşləri və bu görüşlərin Azərbaycanın iqtisadi, siyasi və strateji maraqlarına təsiri geniş şəkildə araşdırılmalıdır.
Davos Dünya İqtisadi Forumu ilk dəfə 1971-ci ildə yaradıldıqdan bəri dünya siyasəti və iqtisadiyyatı üçün vacib dialoq platforması kimi çıxış edir. Forumun əsas məqsədi dünya problemlərini çözmək üçün iş birliyi yaratmaq, qlobal liderləri bir araya gətirərək onlar arasında münasibətlərin qurulmasına şərait yaratmaqdan ibarətdir. Bu baxımdan Azərbaycanın forumda iştirakı ölkənin beynəlxalq münasibətlər sistemindəki rolunun üstünlüklərini vurğulamaq baxımından strateji əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Davos Forumu çərçivəsində həm çoxşaxəli diskussiyalarda iştirak edir, həm də iş adamları, çoxmilli şirkətlərin rəhbərləri və digər liderlərlə ıkitərəfli görüşlər keçirir. Ölkəmizin iqtisadiyyatının dayanaqlı inkişafına təkan verə biləcək bu görüşlərin hər biri çox vaxt strateji xarakter daşıyır.
İlham Əliyevin Davos Forumu çərçivəsindəki çıxışlarının əsas mövzularından biri Azərbaycanın enerji siyasətidir. Ölkəmizin neft-qaz resurslarına malik olması, onu qlobal enerji bazarında vacib oyunçuya çevirib. Lakin son illərdə Prezident Əliyev yaşıl enerji istehsalına keçidin vacibliyini vurğulamaqla Azərbaycanın bərpa olunan enerji sahəsində liderliyini gücləndirməyi prioritet məsələ kimi irəli sürür.
Forumda bərpa olunan enerji sektoruna dair bir sıra razılaşmaların əldə ediləcəyi gözlənilir. Zəngəzur dəhlizinin açılmasıyla paralel Xızı və Abşeron rayonlarında yaşıl enerji layihələrinin başlanması Azərbaycanın regionda yaşıl enerjiyə keçidin lokomotivi rolunu oynamasını təmin edir.
Azərbaycan Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündən Avropa bazarlarına çıxışı təmin edən əsas nəqliyyat qovşaqlarından biri olaraq ön plana çıxır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq. Davos Forumu bu təşəbbüllərin beynəlxalq aləmdə tanıdılması və xarici investisiya cəlbi baxımından vacib mərasimdir.
Prezident Əliyevin forumda toxunduğu əsas məsələlərdən biri regionda sülhün möhkəmləndirilməsi və sabitliyinin qorunması məsələsidir. Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq modeli yaratmaq, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini irəli aparmaq ölkə siyasətinin prioritetləri arasındadır.
Forumda post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində beynəlxalq icma ünvanına çağırışlar edilir. Bu proseslər beynəlxalq sülh əməkdaşlığı modeli olaraq dəyərləndirilir.
Beləliklə, demək olar ki, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsindəki çıxışları və görüşləri Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, yeni investisiya imkanlarının yaradılması və regionda önəmli şirnikləndirici layihələrin həyata keçirilməsi baxımından çox vacibdir. Yaşıl enerji, tranzit potensialı və sülh modelini təşviq edən bu təşəbbüllər, Azərbaycanın dünya ölkələri arasında çevik və dayanaqlı lider rolunu daha da gücləndirir.
Ağahüseyn Abbaslı
14:55 24.01.2025
Oxunuş sayı: 4681