Pakistan Səudiyyə Ərəbistanına lazım olan bütün hərbi dəstəyi göstərəcək
Pakistan Yəməndəki husilərin hücumları fonunda Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri olan bütün dəstəyi göstərdiyini və bunu davam etdirəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Pakistan Ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri bu barədə “Independent Arabia”ya müsahibəsində danışıb.
“Bu, müzakirə mövzusu deyil, Pakistan üçün mütləq məsələdir. Səudiyyə Ərəbistanının müdafiəsi üçün hansı dəstək lazımdırsa, göstərilir və göstərilməyə davam edəcək”, – deyə o bildirib.
Çaudri qeyd edib ki, müttəfiqlər hərbi dəstəyin konkret forması və miqyası barədə ictimaiyyətə ətraflı məlumat vermirlər.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və İslamın iki müqəddəs məkanının təhlükəsizliyi Pakistan üçün prioritetdir. O vurğulayıb ki, müqəddəs məkanların təhlükəsizliyi məsələsində heç bir güzəştə yol verilə bilməz.
Pakistan və Səudiyyə Ərəbistanı kollektiv çəkindirməyə yönəlmiş iki müdafiə razılaşması imzalayıb. Bunlara Strateji Qarşılıqlı Müdafiə Sazişi və Türkiyənin də daxil olduğu Məkkə Birgə Müdafiə Alyansı daxildir.
Avqustun 7-də imzalanan Məkkə sazişinə əsasən, üzv ölkələrdən birinə hücum digər iki ölkəyə də hücum kimi qiymətləndirilə bilər.
Husilərin hücumları davam edəcəyi təqdirdə Pakistanın dəstəyinin yalnız müdafiə xarakteri daşıyıb-daşımayacağı ilə bağlı suala cavab verən Çaudri bildirib ki, hər üç ölkə alyansın hücum məqsədi daşımadığı barədə ortaq mövqeyə malikdir.
O, BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə istinad edərək, alyansın regional sabitliyə təhdidlərin qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.
“Bu mexanizm regionda qeyri-sabitlik və xaos yaradan qüvvələrə çox aydın mesaj verir: bu üç ölkədən hər hansı birinə qarşı birbaşa və ya dolayı müharibə aparılarsa, cavab kollektiv olacaq”, – deyə Çaudri bildirib.
O əlavə edib ki, çəkindirmə mexanizmi nəticə verməsə, üç ölkə mövcud imkanlardan istifadə etməklə onu yenidən təmin etməli olacaq.
Bununla yanaşı, Pakistan rəsmisi İslamabadın münaqişədə iştirak edən tərəflərlə təmaslarının və müzakirələrinin əsasən gərginliyin azaldılmasına yönəldiyini vurğulayıb.
04:45 20.10.2026
Oxunuş sayı: 52