Putin uşaqlığı ilə bağlı maraqlı faktı açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin 1952-ci ildə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin atası tərəfindən xaç suyuna çəkildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə serbiyalı rejissor Emir Kusturitsa ilə müsahibəsində danışıb.
Müsahibənin bir hissəsi “Bizim xaç suyuna çəkilməyimiz. İyerarx” adlı film çərçivəsində yayımlanıb.
Rusiya liderinin sözlərinə görə, bir dəfə Patriarx Kirill ilə söhbəti zamanı ondan kilsəyə necə gəldiyini soruşub. Kirill isə atasının Mixail adlı keşiş olduğunu və 1950-ci illərdə Preobrajenski kilsəsində xidmət etdiyini bildirib.
Putin həmin dövrdə kilsədə başqa Mixail adlı keşişin olub-olmadığını soruşduğunu, Kirillin isə atasının yeganə Mixail olduğunu söylədiyini qeyd edib. Bundan sonra Putin onu məhz Kirillin atasının xaç suyuna çəkmiş ola biləcəyini düşündüyünü bildirib.
Qeyd edək ki, noyabrın 20-də Patriarx Kirill 80 yaşını qeyd edir. O, 1946-cı ildə Leninqradda keşiş ailəsində anadan olub. 2009-cu ildə Rus Pravoslav Kilsəsinin 16-cı patriarxı seçilib.
19:57 20.11.2026
Oxunuş sayı: 116