Zelenskinin ABŞ-dən yardım ümidləri lağa qoyulub
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresindən gələcəkdə yeni maliyyə dəstəyi almaqla bağlı ümidləri ölkə liderinin keçmiş mətbuat katibi Yuliya Mendel tərəfindən tənqid edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Mendel sosial şəbəkə hesabında paylaşım edərək Ukraynanın ABŞ Konqresində demokratların nəzarəti ələ alacağı və Kiyevə yeni yardım ayrılacağı vaxta qədər mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini bildirib.
O, Zelenskinin “Qışdan sonra təkcə yaz deyil, Konqres də gələcək” fikrinə münasibət bildirərək ABŞ-də xarici siyasəti konqresmenlərin deyil, prezidentin müəyyən etdiyini xatırladıb.
Mendelin sözlərinə görə, Ukrayna lideri yeni Konqresin Kiyevə müharibə üçün daha çox maliyyə ayıracağına ümid bəsləyir. Lakin heç bir ölkə sonsuzadək bu qədər ağır insan itkilərinə tab gətirə bilməz.
Keçmiş mətbuat katibi qeyd edib ki, fəsillər bir-birini əvəz edəcək, lakin həmin vaxta qədər Ukraynanın mövcud olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski gələn il üçün Qərb ölkələrindən 115 milyard dollar maliyyə dəstəyinə ehtiyac duyduqlarını açıqlamışdı. O, bu məbləğin əldə olunmasını ciddi çağırış kimi qiymətləndirmişdi.
Xatırladaq ki, ABŞ Konqresi Ukraynaya təxminən 61 milyard dollarlıq sonuncu böyük əlavə yardım paketini 2024-cü ilin aprelində, Co Baydenin prezidentliyi dövründə təsdiqləyib.
19:53 20.11.2026
Oxunuş sayı: 109