Rusiya ordusu Ukraynanın limanına və logistika mərkəzinə hücum edib
Rusiya hərbçiləri Ukraynada Silahlı Qüvvələrin ehtiyacları üçün istifadə edilən istilik elektrik mərkəzini (İEM), liman infrastrukturunu, logistika mərkəzini və dəmir yolu lokomotivini vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xarkov vilayətində Ukrayna hərbi sənaye müəssisələrinin fəaliyyətini təmin edən Slobojan İEM-i hədəfə alınıb.
Həmçinin Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı bildirilən quru yük gəmisi və hərbi yüklərin boşaldılması üçün nəzərdə tutulan liman infrastrukturu məhv edilib.
Bundan başqa, Çerniqov vilayətinin Qorodnya şəhərində Ukrayna hərbçiləri üçün yüklərin saxlanıldığı və paylandığı logistika mərkəzinə, Dnepropetrovsk vilayətində isə hərbi təchizatın daşınmasında istifadə olunan dəmir yolu lokomotivinə zərbə endirildiyi qeyd olunub.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri noyabrın 20-nə keçən gecə Ukraynaya kütləvi hücum həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumun hədəfləri hərbi sənaye müəssisələri, enerji və nəqliyyat infrastrukturu olub.
18:53 20.11.2026
Oxunuş sayı: 113