ABŞ və İsrail İrana yeni hücuma hazırlaşır?
ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi zərbələr endirmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "CBS" telekanalı vəziyyətlə tanış olan mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, İsrail hakimiyyəti İranın raket potensialını sürətlə bərpa etməsindən narahatdır. Həmçinin Tehranın hərbi və nüvə obyektlərini yeraltı komplekslərə köçürməyə tələsdiyi bildirilir.
CBS-in mənbələri İsrailin ABŞ ilə birlikdə yeni hərbi əməliyyata başlamaq istədiyini bildiriblər. Lakin ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələr endirilməsi barədə əmr verib-verməyəcəyi hələlik məlum deyil.
Bununla yanaşı, İsrail İranın ilk hücumu həyata keçirə biləcəyi ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətini qoruyur.
Telekanalın məlumatına görə, ABŞ və İran arasında aylardır davam edən dolayı danışıqlar atəşkəsin əldə olunması və Hörmüz boğazının fəaliyyətinin bərpası ilə nəticələnməyib.
İran ABŞ-nin dəniz blokadasını aradan qaldırmayacağı və Tehranın irəli sürdüyü daha altı əsas şərti qəbul etməyəcəyi təqdirdə nüvə proqramını müzakirə etməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun Trampa İrana hücum etmək tələbi ilə hər gün telefonla müraciət etdiyi barədə məlumatlar yayılmışdı.
18:51 20.11.2026
Oxunuş sayı: 127