Kür daşır, təbiəti hansı təhlükə gözləyir?
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin yüksəlməsi məsələsini yenidən gündəmə gətirib. Azərbaycanın ən böyük çayında suyun həcminin artması təkcə sahilyanı ərazilərdə yaşayan əhali və təsərrüfatlar üçün deyil, həm də çayın ekoloji tarazlığı baxımından narahatlıq doğurur. Suyun səviyyəsinin kəskin dəyişməsi müəyyən hallarda təbii ekosistemə müsbət təsir göstərsə də, həddindən artıq yüksəlmə və mümkün daşqınlar ciddi ekoloji fəsadlara səbəb ola bilər.
Belə hallarda sahilyanı torpaqların su altında qalması, torpaq eroziyası, bitki örtüyünün zədələnməsi, suyun bulanıqlığının artması və çirkləndirici maddələrin yayılması kimi problemlər meydana çıxa bilər. Eyni zamanda, suyun axın sürətinin dəyişməsi balıqların, su quşlarının və digər canlıların yaşayış mühitinə təsirsiz ötüşmür.
Kür çayında daşqın risklərinin miqyası yalnız yağıntıların intensivliyindən asılı deyil. Çayın məcrasının vəziyyəti, yataqda çöküntülərin toplanması, sahilboyu ərazilərdə insan fəaliyyəti və suötürücü qurğuların imkanları da bu prosesdə mühüm rol oynayır. Xüsusilə çayın təbii axınına müdaxilələr və ekoloji tarazlığın pozulması mövcud riskləri daha da artıra bilər.
Bəs Kür çayında suyun səviyyəsinin yüksəlməsi hansı ekoloji təhlükələr yaradır?
Crossmedia.az-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, Kür çayında suyun artması, əlbəttə ki, ekosistem baxımından müsbət hadisədir:

"Uzun illərdir ki, Kür çayında suyun səviyyəsi aşağı idi. Hətta bir neçə il əvvəl çayın tamamilə quruması halları baş vermişdi. Bunun nəticəsində çayın yatağında şor sular meydana gəlmişdi. Kürdə suyun artması həmin şor suların qarşısını alır və paralel olaraq Kür-Xəzər ekosistemini birləşdirir.
Biz bilirik ki, Kür çayı təkcə su mənbəyi deyil, həm də balıqların kürütökmə yerlərindən biridir. Çayın mənsəb hissələri xüsusilə yarımkeçici və keçici balıqlar üçün əlverişli kürütökmə əraziləridir. Ona görə də bu hadisə təbiət baxımından müsbət qiymətləndirilməlidir.
Sahil ərazilərə təsir məsələsinə gəlincə, Kür çayı ötən əsrdə və daha əvvəlki dövrlərdə daşan çay kimi xarakterizə olunub. Ətraf ərazilərdə baş verən su basmaları nəticəsində infrastruktur zərər görür, kəndlər və kənd təsərrüfatı sahələri su altında qalır, təsərrüfata ciddi ziyan dəyirdi.
Bu gün Kürün daşması ehtimalı bir qədər azalıb, lakin belə bir risk hələ də mövcuddur. Bunun səbəbi, ümumiyyətlə, Kür çayından transsərhəd miqyasda su götürülməsinin artması və çayın tamamilə tənzimlənməsidir. Əvvəlki dövrlərdə müşahidə olunan daşqınların yenidən baş vermə ehtimalı hazırda xeyli aşağıdır. Lakin belə hallar baş verərsə, yenə də infrastruktura müəyyən təsirlər göstərə bilər.
Ona görə də ehtiyatı əldən verməmək və Kür çayı ətrafındakı bəndlərin qorunmasını təmin etmək lazımdır. Yerli əhali bir neçə il davam edən azsulu dövrü nəzərə alaraq bəndlərə biganə qala və onların dağılmasına səbəb ola bilər. Bu bəndlər daim hazır və saz vəziyyətdə saxlanılmalıdır ki, mümkün daşqınların qarşısını ala bilsin".
Məhəbbət Tərlanoğlu
18:15 20.11.2026
Oxunuş sayı: 101